Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ceyhun Bayramovdan mesaj odur ki, Azərbaycanın İranla bağlı mövqeyi məsuliyyətlidir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib. Görüş zamanı nazir müavini V.Cəlalzadə İranda son gərginlik və hazırki vəziyyət barədə ətraflı məlumat verib.
Ceyhun Bayramov öz növbəsində İranda sabitliyə önəm verdiyimizi vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.
Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə başçıları arasında təmasların, qarşılıqlı səfərlərin, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.
Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının işi məmnunluqla qeyd olunub.
İki ölkə arasında nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Azərbaycan və İran danışıqlarını “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, cənub qonşumuzda proseslər müəyyən qədər sabitləşmiş kimi görünsə də, bu sabitlik nisbi xarakter daşıyır:
“Böhranın əsas səbəbləri aradan qaldırılmadığı üçün yaxın gələcəkdə vəziyyətin yenidən gərginləşməsi ehtimalı yüksəkdir. Bu faktı İran hakimiyyəti də etiraf edir və məhz buna görə müəyyən tədbirlər planı üzərində işlədiklərini bildirirlər. Lakin həmin tədbirlərin nə dərəcədə effektiv olacağını yalnız zaman göstərəcək.
Köklü dəyişikliklərin həyata keçirilməsi hazırkı şəraitdə olduqca çətindir. Xüsusilə İranın iqtisadi və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sanksiyalar qüvvədə qaldığı müddətdə real görünmür. Sanksiyalar aradan qaldırılmayana qədər ölkədəki vəziyyətin uzunmüddətli və davamlı sabitliyə keçməsi çətin olaraq qalacaq.
Digər tərəfdən, bu proseslərin Azərbaycan və bütövlükdə region üçün də mənfi təsirləri var. İran regionun nəhəng dövlətlərindən biridir və bu ölkədə davam edən qeyri-sabitlik proqnozlaşdırılması çətin olan nəticələrə gətirib çıxara bilər. Bu nəticələr sırasında mümkün qaçqın axını və digər humanitar risklər də yer alır.
Məhz bu baxımdan, İranda müşahidə olunan nisbi sabitlik belə potensial mənfi proseslərlə müşayiət oluna bilər və bu da region üçün əlavə risklər yaradır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun “İranın sabitliyinə önəm veririk” ifadəsi də məhz bu reallıqları və Azərbaycanın məsuliyyətli regional yanaşmasını əks etdirir”.