Icma.az, 525.az portalına istinadən məlumat verir.
“İranın İsrail və ABŞ-la 12 günlük müharibəsində əsas məqsəd bu idi ki, hərbi hücum nəticəsində insanlar etirazlara çıxsınlar və hökumətin idarəetməsində problemlər yaransın. Həmin qüvvələr 12 günlük müharibədə öz hədəflərinə nail olmadılar. O zaman bizim min nəfər şəhidimiz oldu. İki gün ərzində 8-9 yanvar tarixlərində isə bizim 3117 şəhidimiz oldu.
Onların arasında sıravi vətəndaşlar, asayiş keşikçiləri və s. var. 8-9 yanvarda baş verən hadisələri biz terror hadisəsi hesab edirik. Bu İŞİD üslubunda terror aktl idi və ilk günün etirazlarından fərqlənirdi”.
525.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərə deyib.
O bildirib ki, etirazlar iqtisadi səbəblərdən, İran pulunun ucazlaşmasına görə başladı. Prezident Pezeşkian onlarla görüşlər keçirib, etirazlarını dinlədi. İğtişaşlar zamanı 305 avtobus və təcili tibbi yardım maşını, 700 market, 300 yaşayış binası, 750 bank, 414 dövlət binası, 749 polis məntəqəsi, 350 məscid, 15 kitabxana, 800 şəxsi avtomobil və s. infrastruktur dağıdılıb. Bunlar göstərir ki, terror aktı ilə üz-üzə olmuşuq, məqsəd daxildə gərginlik yaratmaq idi.
Nazir müavini deyib ki, İran xalqı terror qarşısında öz həmrəyliyini nümayiş etdirib, dövlətə dəstək aksiyası keçirdi.
Pərvanə Sultanova