İran “TRIPP marşrutu”ndan niyə narahatdır? Tehrandan İrəvana SƏRT ŞƏRT

08.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İran Ermənistan ərazisindən keçməsi planlaşdırılan TRIPP - “Tramp marşrutu” layihəsinin təhlükəsizliyi ilə bağlı İrəvan qarşısında konkret şərt irəli sürüb. Tehran layihənin mühafizəsinin Ermənistanın öz qüvvələri və ya ölkədə artıq hüquqi əsaslarla yerləşən üçüncü dövlətin silahlı qüvvələri tərəfindən təmin olunmasını istəyir.

İranın əsas məqsədi ABŞ hərbçilərinin özünün şimal sərhədləri yaxınlığında yerləşməsinin qarşısını almaqdır. Ermənistan rəhbərliyi isə TRIPP-in ölkənin suverenliyi və yurisdiksiyası çərçivəsində reallaşdırılacağını, xarici hərbi mövcudluğun nəzərdə tutulmadığını bildirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, İranın əsas narahatlığı TRIPP-in sadəcə nəqliyyat layihəsi olaraq qalmaması və gələcəkdə ABŞ-nin bölgədə hərbi-strateji dayağına çevrilməsi ehtimalıdır. Tehran xüsusilə marşrutun öz sərhədinin bilavasitə yaxınlığından keçməsini milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir:

“ABŞ kapitallı şirkətlərin layihədə geniş idarəetmə imkanları qazanması da İranda uzunmüddətli geosiyasi mövcudluq qorxusu yaradır. Son dövrdə ABŞ-İran qarşıdurmasının kəskinləşməsi bu şübhələri daha da gücləndirib. Buna görə İran təhlükəsizliyin Ermənistan qüvvələri və ya ölkədə artıq hüquqi əsaslarla yerləşən qüvvələr tərəfindən təmin olunmasını istəyir. Tehranın məqsədi layihəni dayandırmaqdan daha çox, onun hərbiləşdirilməsinə imkan verməməkdir”.

Ermənistanın İranın irəli sürdüyü bu şərtə əməl edib-etməyəcəyinə gəlincə, politoloq hesab edir ki, böyük ehtimalla Ermənistan bu şərtə əməl etməyə və İranı arxayın salmağa çalışacaq. Dediyinə görə, Paşinyan hökuməti artıq TRIPP-in Ermənistanın suverenliyi və yurisdiksiyası daxilində həyata keçiriləcəyini, xarici silahlı mövcudluq nəzərdə tutmadığını bildirir:

“İrəvan anlayır ki, İran onun cənuba açılan mühüm qapısı, enerji tərəfdaşı və regional balans vasitəsidir. ABŞ ilə yaxınlaşma Ermənistan üçün vacib olsa da, Tehranla açıq qarşıdurma yaratmaq İrəvanın maraqlarına uyğun deyil. Buna görə marşrutun mühafizəsinin Ermənistanın polis, sərhəd və xüsusi təhlükəsizlik strukturlarına həvalə olunması daha real görünür”.

Müsahibimiz qeyd edib ki, bununla belə, amerikalı texniki mütəxəssislərin və mülki təhlükəsizlik əməkdaşlarının iştirakı İranla ayrıca razılaşdırılmalı həssas məsələ olaraq qalacaq.

Züriyə Qarayeva: İrəvanın ən rasional seçimi TRIPP-in hərbiləşdirilməsinə yol verməməkdir

Z.Qarayeva bildirib ki, Ermənistanın ABŞ hərbçilərini dəvət etməsi hüquqi və siyasi baxımdan tamamilə mümkünsüz deyil:

“Çünki İrəvan son illərdə Vaşinqtonla müdafiə əməkdaşlığını genişləndirib, birgə təlimlər keçirib və Amerika hərbi texnologiyalarına maraq göstərib. Lakin müvəqqəti təlimlər və silah alışları daimi Amerika hərbi kontingentinin yerləşdirilməsi ilə eyni məna daşımır. ABŞ əsgərlərinin İran sərhədi yaxınlığında yerləşdirilməsi TRIPP-i iqtisadi layihədən geosiyasi qarşıdurma platformasına çevirə bilər”.

Onun sözlərinə görə, belə addım həm İranın, həm Rusiyanın, həm də Ermənistan daxilindəki müxalif qüvvələrin sərt reaksiyasına səbəb olar. Buna görə hazırkı mərhələdə ABŞ-nin mülki, investisiya və texniki iştirakı, təhlükəsizliyin isə Ermənistanın özündə qalması daha ehtimal olunan modeldir.

“Bəs ABŞ hərbçiləri Ermənistan ərazisində yerləşdirilərsə, İran-Ermənistan münasibətlərində hansı proseslər baş verə bilər” sualını cavablandıran həmsöhbətimizə görə, ABŞ hərbçilərinin yerləşdirilməsi İran-Ermənistan münasibətlərində çox ciddi etimad böhranı yaradardı. Tehran ilkin mərhələdə diplomatik təzyiqi artırar və İrəvandan qərara yenidən baxmağı tələb edərdi. Daha sonra ticarət, enerji və tranzit layihələrinin ləngidilməsi kimi iqtisadi vasitələr işə salına bilərdi. İran həmçinin sərhəd bölgəsində hərbi mövcudluğunu gücləndirə və Rusiya ilə təhlükəsizlik koordinasiyasını artıra bilərdi.

“Bu vəziyyət Ermənistanın İran üzərindən xarici dünyaya çıxış imkanlarını zəiflədərək ölkəni daha çox Qərbdən asılı vəziyyətə salar. Məhz buna görə İrəvanın ən rasional seçimi ABŞ ilə tərəfdaşlığı dərinləşdirərkən TRIPP-in hərbiləşdirilməsinə yol verməmək və Tehranla şəffaf dialoqu qorumaqdır”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью