Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
İran TRİPP marşurutuna qarşı çıxması özünün regional və beynəlxalq tranzitdən məhrum olmasından irəli gəlir.
İranın TRIPP marşrutuna qarşı çıxmasının əsas səbəblərindən biri beynəlxalq ticarət və tranzit yollarının məhz öz ərazisindən keçməsində maraqlı olmasıdır. Tehran çalışır ki, regionda formalaşan yeni nəqliyyat-kommunikasiya sistemində əsas tranzit ölkələrdən biri statusunu qoruyub saxlasın və bu marşrutlardan əldə olunan iqtisadi gəlirlərdən maksimum faydalansın.
Bu gün İran Hörmüz boğazı ətrafında ciddi geosiyasi təzyiqlərlə üzləşir. Eyni zamanda, Babülməndəb boğazında husilərin mövcudluğu və onların Tehrana yaxınlığı da regiondakı dəniz nəqliyyatı təhlükəsizliyinə təsir göstərir. Göründüyü kimi, İran strateji su yolları və beynəlxalq ticarət marşrutları üzərində təsir imkanlarını qorumağa çalışır.
Rusiya-Ukrayna müharibəsi fonunda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin geosiyasi əhəmiyyəti daha da artıb. İran istəmir ki, Azərbaycan üzərindən keçən yeni nəqliyyat marşrutu regionda onun tranzit əhəmiyyətini azaltsın. Çünki TRIPP marşrutunun reallaşması Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın beynəlxalq ticarətdə rolunu gücləndirəcək, eyni zamanda İranın tranzit gəlirləri baxımından rəqabət mövqeyinə təsir göstərəcək.
Əslində, Azərbaycan İran ərazisindən keçəcək Araz dəhlizinin açılmasına da qarşı deyil. Bakı bu məsələdə Tehranla əməkdaşlığa açıq mövqe nümayiş etdirir. Lakin İranın istəyi ondan ibarətdir ki, Orta Dəhlizin əsas nəqliyyat seqmentlərindən biri məhz onun ərazisindən keçsin. Tehran bu məqsədlə ABŞ-ın regiondakı mövcudluğunu və təhlükəsizlik məsələlərini də öz etirazlarının əsas arqumentlərindən biri kimi irəli sürür.
İranı narahat edən digər mühüm məsələ Türkiyənin Cənubi Qafqazda artan rolu və Mərkəzi Asiyaya açılımıdır. Ankara ilə Bakı arasında strateji əməkdaşlığın genişlənməsi, Türk Dövlətləri Təşkilatının güclənməsi və yeni nəqliyyat bağlantılarının formalaşması Tehranın regional geosiyasi maraqları baxımından arzuolunan deyil.
Bununla belə, İranın bu mövqeyi uzunmüddətli perspektivdə özünə də sərfəli deyil. Azərbaycan Tehran üçün alternativ nəqliyyat imkanlarının yaradılmasına, o cümlədən Araz dəhlizinin inkişafına müsbət yanaşır. İran isə gələcəkdə TRIPP marşrutundan özü də istifadə edə bilər. Xüsusilə Hindistanın bu nəqliyyat bağlantısından yararlanmaq imkanları nəzərə alınarsa, İran üçün də yeni iqtisadi və tranzit perspektivləri yarana bilər.
Lakin Tehran istəyir ki, Zəngəzur dəhlizi və TRIPP marşrutu reallaşmasın, əsas nəqliyyat bağlantısı isə Araz dəhlizi vasitəsilə onun ərazisindən keçsin. Bununla İran həm Qərbə qarşı əlavə geosiyasi təsir vasitəsi əldə etməyə, həm də böyük tranzit gəlirlərini dövlət büdcəsinə yönəltməyə çalışır.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
.