İran Türkiyənin ev sahibliyindən imtina etdi: NİYƏ?

04.02.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran ABŞ ilə 6 fevrala planlaşdırılan danışıqların yerinin və formatının dəyişdirilməsini istəyib.

Bu barədə “Axios” nəşri ərəb mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi danışıqları Türkiyədə deyil, Omanda keçirməyi xahiş edib. Onlar həmçinin danışıqların yalnız ABŞ ilə ikitərəfli formatda keçirilməsini, görüşdə ərəb və müsəlman ölkələrinin müşahidəçi kimi iştirakını istəməyib.

Ərəb mənbələri ABŞ Prezidenti Donald Trampın administrasiyasının İranın xahişini qəbul etdiyini açıqlayıb. Danışıqların fevralın 6-da Omanda keçiriləcəyi gözlənilir. Digər region ölkələrinin Omandakı danışıqlara qoşulub-qoşulmayacağı barədə müzakirələr isə davam edir.

Xatırladaq ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə danışıqlarının bərpası haqqında göstəriş verdiyi barədə xəbər yayılmışdı. Görüşün yaxın günlərdə Türkiyədə keçiriləcəyi bildirilirdi.

Maraqlıdır, Tehranın bu hərəkəti Türkiyəni İran ətrafında gedən siyasi proseslərdən kənarlaşdırmağa çalışması deməkdir? İran nəyə görə danışıqların Türkiyədə deyil, məhz Omanda keçrilməsini istəyir? Bu, Tehranın özü qərarıdır, yoxsa hansısa qüvvə İranı buna vadar edib?

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Türkiyəni regionda baş verən proseslərdən kənarlaşdırmaq qeyri-mümkündür:

“İran ilə Oman arasında çox yaxşı münasibətlər var. İranın Omanda təsir imkanları daha genişdir. İranın ABŞ ilə danışıqların Omanda aparılmasını istəməsi məhz bundan qaynaqlanır. O ki qaldı Türkiyəyə, bildirim ki, Türkiyə və İran arasında regionda müəyyən rəqabət gedir. Bu baxımdan Tehran ABŞ rəsmiləri ilə gözlənilən danışıqların Türkiyədə yox, ancaq Omanda keçirilməsində maraqlıdır.

Qeyd edim ki, dialoq birbaşa İran ilə ABŞ arasında aparılırsa, o zaman burada Türkiyənin olmasının o qədər önəmi yoxdur. Yox, əgər danışıqlar masasına Türkiyə də vasitəçi kimi qoşulacaqsa, onda bəlli, danışıqlara Ankaranın da ev sahibliyi etməsinə ehtiyac yaranacaq. Önəmli olan budur ki, regionda sülh, sabitlik və təhlükəsizlik olsun. 

Türkiyənin regional proseslərdəki oyundan kənarlaşdırılmasına gəlincə, bu, inandırıcı deyil və qeyri-real görünür. Türkiyə və İranın Yaxın Şərq regionunda nə dərəcədə siyasi nüfuza və çəkiyə malik olduğunu hər kəs yaxşı bilir. Ümumiyyətlə, Türkiyəni regional proseslərdən kənarlaşdırmaq qeyri-mümkündür. Ona görə ki, Türkiyə Yaxın Şərqdə aparıcı güc mərkəzlərdən biridir”.

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: İran Türkiyə Samir Hümbətov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью