Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran və Venesuela ətrafında baş verənlər lokal hadisələr yox, strateji mesajlardır. ABŞ-ın Venesuelada Çin maraqlarını sıxışdırması və İran sahillərində hərbi mövcudluğunu artırması Pekinə ünvanlanmış açıq siqnaldır: Vaşinqton Çinlə birbaşa toqquşmadan qaçaraq onun enerji və logistika dayaqlarını zəiflətməyə çalışır. Bu, Çin üçün riskli, amma cavabı hələlik qeyri-müəyyən olan bir çağırışdır.
Əgər ABŞ Çin iqtisadiyyatını Venesuela və İran kimi alternativ enerji və marşrutlardan sistemli şəkildə ayıra bilsə, Pekinin uzunmüddətli qlobal layihələri ciddi sual altına düşər. Xüsusilə “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həm quru, həm də dəniz komponentləri üçün Yaxın Şərqdə sabitliyin pozulması kritik nəticələr doğura bilər. Bu baxımdan ABŞ-ın addımları Çinin qlobal ambisiyalarına birbaşa deyil, dolayı zərbə xarakteri daşıyır.
Çin təkbaşına hərbi konfrontasiyaya girməkdən çəkinir. Bu məqamda tez-tez Rusiya–Çin strateji tərəfdaşlığı gündəmə gətirilir. Teorik olaraq bu tandem ABŞ-ın hərbi ekspansiyasına ciddi baryer yarada bilər. Lakin praktiki müstəvidə nə Pekin, nə də Moskva hələlik Vaşinqtonla açıq güc balansı nümayiş etdirmək istəmir. Hər iki paytaxt dialoq, vaxt qazanma və qarşı tərəfin daxili zəifliklərinə ümid strategiyasını üstün tutur.