İran xəbərdarlıq etdi: Hücum müharibə sayılacaq

24.01.2026

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

İran istənilən hərbi hücumu ölkəyə qarşı tammiqyaslı müharibə kimi qiymətləndirəcəyini bəyan edib.

Doğru.az xəbər verir ki, bu barədə “Sky News” agentliyi İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. Xəbərdarlıq ABŞ-ın təyyarədaşıyan zərbə qrupunun və digər hərbi qüvvələrinin bölgəyə göndərilməsinin gözlənildiyi bir vaxtda səsləndirilib.

Mənbənin bildirdiyinə görə, bölgədə ABŞ hərbi mövcudluğu gərginliyin artması fonunda gücləndirilib. İran rəsmisi anonimlik şərti ilə qeyd edib ki, bu addımlar hərbi hazırlıq xarakteri daşıyır və ölkə ən pis ssenariyə hazırdır.

“Bu, hərbi hazırlıqdır. Ümid edirik ki, real qarşıdurma üçün nəzərdə tutulmayıb. Lakin ordumuz ən pis ssenariyə tam hazırdır”, – deyə rəsmi bildirib.

O vurğulayıb ki, Tehran mümkün hücum formatları arasında fərq qoymayacaq:

“Bu dəfə istənilən hücumu – istər məhdud, istərsə də genişmiqyaslı – bizə qarşı aparılan tammiqyaslı müharibə kimi qiymətləndirəcəyik və ən sərt şəkildə cavab verəcəyik”.

Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin “hər ehtimala qarşı” İrana doğru hərəkət etdiyini açıqlamışdı. O, həmçinin İranda yeni lider axtarmağın vaxtının çatdığı fikrini səsləndirmişdi.

Bununla yanaşı, İranın Ali Lideri Əli Xamenei Donald Trampı insan tələfatına, dağıntılara və İrana qarşı böhtan atmaqda günahlandırdığını bildirib.

DOĞRU.AZ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью