Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran parlamentində Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının ratifikasiyası məsələsinin yenidən gündəmə gətirilməsi Tehranın Xəzər siyasətində yeni mərhələnin başlanğıcı ola bilər.
Milli Məclisin sabiq deputatı, hüquq elmləri doktoru Qulamhüseyn Əlibəyli hesab edir ki, məsələ yalnız hüquqi prosedur deyil, həm də regional güc balansına və Azərbaycan-İran münasibətlərinə təsir göstərə biləcək siyasi qərardır.
Qulamhüseyn Əlibəylinin sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əraqçi Konvensiyanın İranın milli maraqlarına uyğun olduğunu bildirsə də, sənəddə İranın Xəzərdə konkret payının müəyyənləşdirilmədiyini və bu məsələnin ikitərəfli və ya üçtərəfli danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Sabiq deputat qeyd edir ki, əslində Konvensiyada yalnız İranın deyil, heç bir Xəzəryanı ölkənin konkret ərazi payı müəyyənləşdirilmir.
“Konvensiya Xəzərin dibinin bölüşdürülməsi üçün hüquqi çərçivə yaradır. Sənədin 8-ci maddəsinə əsasən, Xəzərin dibi və yeraltı sərvətləri qonşu və qarşı-qarşıya sahilləri olan dövlətlərin razılaşması əsasında, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri nəzərə alınmaqla sektorlara bölünür”, – deyə Əlibəyli bildirib.
Onun sözlərinə görə, bu yanaşma Xəzərdə artıq formalaşmış praktikaya da uyğundur. Azərbaycan 2001-2003-cü illərdə əvvəlcə Qazaxıstan və Rusiya ilə ikitərəfli, daha sonra isə həmin ölkələrlə üçtərəfli razılaşmalar imzalayaraq Xəzərin dibinin sektorlara bölünməsi məsələsində hüquqi çərçivə formalaşdırıb.
İranın mesajı nədir?
Əlibəyli hesab edir ki, Əraqçinin açıqlamasını İranın Konvensiyadan imtina etməməsi, eyni zamanda Xəzərin dibinin delimitasiyası məsələsinə bundan sonra daha aktiv yanaşacağı barədə mesaj kimi qiymətləndirmək olar.
Onun fikrincə, burada zamanlama da diqqət çəkir. İran hazırda Yaxın Şərqdə gərginlik, ABŞ-İsrail qarşıdurması və Xəzər regionunda təhlükəsizlik məsələlərinin aktuallaşdığı bir şəraitdə Konvensiyadan kənarda qalmağın risklərini daha ciddi qiymətləndirə bilər.
“Xəzər artıq yalnız enerji ehtiyatları və balıqçılıq məsələsi deyil. Dəniz Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin, Şimal-Cənub dəhlizinin, Mərkəzi Asiya ilə münasibətlərin və regional enerji marşrutlarının mühüm hissəsinə çevrilib”, – sabiq deputat vurğulayıb.
Əlibəylinin qənaətinə görə, belə şəraitdə İranın Xəzərin hüquqi rejimini müəyyən edən əsas sənəddən kənarda qalması Tehran üçün üstünlükdən daha çox çatışmazlığa çevrilə bilər.
Rusiya amili də var
Sabiq deputat Xəzərin hüquqi statusu məsələsində Rusiya faktorunun da nəzərə alınmalı olduğunu düşünür.
Onun sözlərinə görə, Moskva uzun müddətdir Xəzərin hüquqi statusunun yekunlaşdırılmasında maraqlıdır. Çünki Xəzər Rusiya üçün həm təhlükəsizlik, həm də geosiyasi nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır.
Konvensiyanın əsas müddəalarından biri Xəzərdə xüsusi hərbi rejimin yaradılması və sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin Xəzərdə iştirakının istisna edilməsidir.
Əlibəyli hesab edir ki, İranın Konvensiyanı ratifikasiya etməsi Rusiyanın arzuladığı hüquqi statusun tamamlanmasına da xidmət edə bilər.
Bununla yanaşı, İran bu qərarın Rusiyanın tələbi ilə atıldığı görüntüsünü yaratmaq istəmir və məsələni daha çox öz milli maraqları ilə əsaslandırmağa çalışır.
Azərbaycan və Türkmənistan məsələsi
Əlibəyliyə görə, İranın ratifikasiya məsələsini Azərbaycan və Türkmənistanla münasibətlər kontekstində də qiymətləndirmək lazımdır.
Xəzərin cənub hissəsində İranın əsas qonşularından biri Azərbaycan, cənub-şərq istiqamətində isə Türkmənistandır. Hər iki ölkənin Xəzərdə mühüm enerji infrastrukturu, neft-qaz yataqları və beynəlxalq enerji layihələri mövcuddur.
Bu səbəbdən Xəzərin dibi və dəniz sərhədləri məsələsi Tehran üçün strateji əhəmiyyət daşıyır.
“İran Konvensiyanı ratifikasiya etməklə Azərbaycan və Türkmənistanla danışıqlara daha müəyyən hüquqi platformada daxil ola bilər. İranın Xəzərin hüquqi statusu üzrə ümumi konvensiyadan kənarda qalması isə uzunmüddətli perspektivdə onun mövqeyini mürəkkəbləşdirə bilər”, – deyə sabiq deputat bildirib.
Şimal-Cənub dəhlizi də hesablanır
Əlibəyli hesab edir ki, məsələyə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi prizmasından da baxmaq lazımdır.
Rusiya ilə İran arasında yükdaşımaların artması, Xəzər limanlarının əhəmiyyətinin yüksəlməsi və Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Xəzəri İranın iqtisadi siyasətində daha mühüm mövqeyə çıxarır.
“İran bu prosesin içində olmaq istəyirsə, Xəzərin hüquqi rejiminin müəyyən edilməsində də tamhüquqlu iştirakçı olmalıdır. Xəzərin hüquqi statusu artıq Tehran üçün yalnız suverenlik məsələsi deyil, həm də tranzit və iqtisadi gəlir məsələsidir”, – Əlibəyli qeyd edib.
Ratifikasiya Bakı-Tehran münasibətlərinə necə təsir edə bilər?
Sabiq deputatın fikrincə, İran parlamenti Konvensiyanı ratifikasiya edərsə, bundan sonra əsas məsələ Xəzərin dibinin delimitasiyası olacaq.
Bu isə daha mürəkkəb prosesdir. Çünki burada yalnız siyasi bəyanatlardan deyil, konkret koordinatlardan, dəniz dibindən, enerji yataqlarından və tərəflərin hüquqi arqumentlərindən söhbət gedəcək.
Əlibəyli hesab edir ki, bu baxımdan İranın ratifikasiyası Xəzər məsələsinin sonu deyil, Azərbaycan-İran delimitasiya danışıqlarının yeni başlanğıcı ola bilər.
Onun fikrincə, bu prosesdə Azərbaycan, Rusiya və Qazaxıstan arasında daha əvvəl əldə olunmuş razılaşmaların və formalaşmış praktikanın nəzərə alınması mümkün variantlardan biridir.
“Bu, geri addım deyil, taktikanın dəyişməsidir”
Qulamhüseyn Əlibəylinin qənaətinə görə, İranın Konvensiyanı ratifikasiya etməyə hazırlaşmasını Tehranın əvvəlki mövqeyindən tam geri çəkilməsi kimi qiymətləndirmək doğru olmaz.
“Bu daha çox taktikanın dəyişdirilməsi və diplomatik manevr təsiri bağışlayır. İran tərəfindən Konvensiyanın ratifikasiyasını Xəzər uğrunda hüquqi mübarizənin başa çatması yox, yeni mərhələyə keçməsi kimi qiymətləndirmək daha düzgün olardı”, – sabiq deputat bildirib.