İrana hücumda ən böyük təhlükə ilə üzləşəcək ölkələr məhz Türkiyə və Azərbaycandır Deputatdan AÇIQLAMA

29.01.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Venesueladan sonra ABŞ silahlı qüvvələrinin İran ətrafında cəmləşdirilməsi birmənalı şəkildə onu deməyə əsas verir ki, İrana qarşı hərbi müdaxilə, hərbi hücum mümkündür. Lakin hesab edirəm ki, Venesueladan fərqli olaraq İranla hərbi eskalasiya artıq bütöv bir müharibə deməkdir. Çünki Venesuelada tətbiq olunan ssenarinin İranda təkrarlanması qeyri-mümkün görünür. Birincisi, İran Venesueladan qat-qat böyük ölkədir və hərbi baxımdan da daha güclüdür. Məhz bu səbəbdən Amerika Birləşmiş Ştatları böyük armadasını, silahlı qüvvələrini və aviadaşıyıcılarını Fars körfəzinə, İran ətrafı regionlara, eləcə də Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və İordaniya kimi ölkələrə yerləşdirsə də, hələ də hücum məsələsində yekun qərar verməyib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, müharibə və hərbi müdaxilə qaçılmazdır:

"Çünki Trampın xarici siyasətini və verdiyi bəyanatları nəzərə alsaq, bu qədər silahlı qüvvəni toplayıb hərbi müdaxilə etmədən geri çəkilmək həm Trampın reytinqinə mənfi təsir göstərə bilərdi, həm də Amerikanın geri addım atması kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən, İran da öz raket proqramından və nüvə proqramını inkişaf etdirməkdən imtina etməyib. Hazırda görünən odur ki, faktiki olaraq danışıqlar aparılmır. Müəyyən kontaktlar və məhdud təmaslar olsa da, onların hər hansı real nəticə verdiyi görünmür. Hər iki tərəfin bəyanatları, ritorikası və rəsmilərin bir-birinə qarşı sərt çıxışları onu deməyə əsas verir ki, bu problemin siyasi-diplomatik yolla həll edilməsi mümkün olmayacaq".

Müsahibimizin fikrincə, İranda etiraz dalğasının yatırılması və daxili dəyişikliklərin etiraz yolu ilə əldə edilməsinin mümkün olmaması fonunda masada qalan yeganə variant hərbi müdaxilədir:

"Lakin bu hərbi müdaxilə regionda ciddi eskalasiyaya səbəb ola bilər. Elə buna görə də qardaş Türkiyənin rəsmiləri Hakan Fidan və digərləri İrana qarşı hücumun təxirə salınmasının, problemin sülh və diplomatiya yolu ilə həll edilməsinin tərəfdarıdırlar. Çünki İrana hücum olacağı təqdirdə ən böyük gərginlik və təhlükə ilə üzləşə biləcək ölkələr məhz Türkiyə və Azərbaycandır. Qonşuluğumuzda belə böyük bir münaqişə qaçqın axınına, insanların şimal sərhədlərinə, xüsusilə Türkiyə və Azərbaycan istiqamətinə yönəlməsinə səbəb ola bilər. Buna görə də bizim üçün də bu məsələnin sülh və diplomatiya yolu ilə həll olunması olduqca önəmlidir. Təəssüf ki, hazırkı vəziyyət sülh yolu ilə həllin mümkün olmadığını və hərbi variantın artıq masada olduğunu göstərir. Eyni zamanda Amerika Birləşmiş Ştatları administrasiyası daxilində də ciddi müzakirələr aparılır. Maraqlıdır ki, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri və Pentaqonun rəhbəri Piter Heqset İrana qarşı hərbi müdaxilənin tərəfdarıdırlar. Buna qarşılıq olaraq Stiven Uitkoff və Cared Kuşner problemin diplomatik yollarla həll edilməsini müdafiə edirlər. Lakin Trampın son bəyanatları və hadisələrin inkişafı göstərir ki, Amerika Birləşmiş Ştatları və şəxsən Tramp daha çox hərbi varianta meyillidir. Buna baxmayaraq, hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Məncə, sonda hərbi eskalasiya və hərbi qarşıdurma qaçılmaz olacaq", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью