İrana hücumun ŞOK DETALLARI: Öncə havadan vurulacaq…

26.01.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın Şərq yenidən böyük qarşıdurma xəbərləri ilə çalxalanır. Son aylarda İranın vurulacağına dair iddialar sosial şəbəkələrdən beynəlxalq mediaya qədər geniş yayılıb.

Siyasi şərhçi Cavanşir Abbaslı mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında son aylarda İran ətrafında yayılan hərbi müdaxilə iddialarının artdığını bildirib.

Onun sözlərinə görə, xüsusilə İran və İsrail arasında baş verən 12 günlük məlum qarşıdurmadan sonra Tehranın vurulacağı ilə bağlı xəbərlər intensivləşib:

“Son bir ayda bu tip iddiaların sayı daha da artıb. Bunun əsas səbəbi İranda baş verən xalq üsyanlarıdır. Etirazların zorakılıqla yatırılmasından sonra ABŞ tərəfindən səslənən bəzi dəstək xarakterli açıqlamalar İranın tezliklə hədəfə alınacağı ilə bağlı iddiaları daha da gücləndirdi.”

Cavanşir Abbaslı qeyd edib ki, ABŞ prezidenti Donald Trampın “kömək yoldadır” məzmunlu açıqlamasının sonradan dezinformasiya kimi qiymətləndirilməsi bu xəbərlərin bir qədər səngiməsinə səbəb olub:

“Həmin açıqlamanın reallığı əks etdirmədiyi məlum olduqdan sonra İranın vurulacağına dair iddiaların sayı da azalmağa başladı.
Xalq üsyanları əvvəlki cazibədarlığını itirməyə başlayıb. ABŞ və digər ölkələr üçün də bu proses artıq əvvəlki qədər maraqlı deyil. Daxildə etirazların sayı azalır. Burada İran rejiminin sərt və zorakı üsullardan istifadəsi də mühüm rol oynayıb. Etirazlar nəticə vermədikcə, onlara qoşulanların sayı da azalır.”

Bununla belə, Abbaslı İranın tam təhlükəsiz olduğunu söyləməyin mümkünsüzlüyündən də danışıb:

“12 günlük müharibə zamanı heç kim gözləmirdi ki, gecənin bir yarısı İranın əsas generalları evlərində öldürüləcək. Ona görə də tam şəkildə demək olmaz ki, İran vurulmayacaq.”

Siyasi şərhçinin fikrincə, mümkün hərbi əməliyyatlar əsasən havadan həyata keçirilə bilər:

“Quru əməliyyatları ABŞ üçün asan olmaz. İran nə İraqdır, nə Əfqanıstandır, nə də Venesuela. Ordusunun həm sayı, həm də gücü kifayət qədər böyükdür. Quru sərhədlərdən hücum risklidir. Amma havadan zərbələr mümkündür. 12 günlük savaşda İsrailin hava hücumları bu ehtimalları artırdı. Buna baxmayaraq, indiki mərhələdə İrana qarşı genişmiqyaslı əməliyyatlar gözlənilmir.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью