Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin 13-cü Kanalının yüksək rütbəli İsrail Müdafiə Qüvvələri (İDF) zabitlərinə istinadən yaydığı məlumata görə, ABŞ ordusu yaxın gələcəkdə İrana qarşı hərbi əməliyyata başlaya bilər. Bildirilir ki, cari həftə mümkün ABŞ hücumuna hazırlıq baxımından həlledici mərhələ hesab olunur.
KONKRET.az xəbər verir ki, daha əvvəl İsrailin yüksək rütbəli hərbi rəhbərliyinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperlə görüş keçirdiyi açıqlanmışdı. Görüş zamanı tərəflər müdafiə və hücum əməliyyatlarının koordinasiyasını, eləcə də mümkün eskalasiya ssenarilərini müzakirə ediblər. Danışıqlarda ABŞ tərəfi İrana zərbə endirilməsi ilə bağlı hələlik yekun qərarın verilmədiyini, lakin mümkün əməliyyat üçün bütün hərbi hazırlıqların tamamlandığını bildirib.
Kanalın məlumatına görə, İsrail komandirləri belə bir hücumun yaxın vaxtlarda baş verəcəyini ehtimal edirlər.
İsrail tərəfi ABŞ-ın potensial zərbələrinin əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) və onunla əlaqəli “Bəsic” hərbiləşdirilmiş qüvvələrinin obyektlərinə yönələcəyini gözləyir. 13-cü Kanalın qeyd etdiyi kimi, məhz bu hədəflərin seçilməsi İranın cavab zərbəsinin miqyasını və intensivliyini azaltmağa hesablanmış taktiki addım ola bilər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan zərbə qrupunun bölgəyə cəlb olunması fonunda İranın yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, ABŞ-ın istənilən hücumu Tehran tərəfindən “tammiqyaslı müharibə” kimi qiymətləndiriləcək.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri “ən pis ssenariyə tam hazırdır” və ölkədə yüksək döyüş hazırlığı vəziyyəti hökm sürür.
İranın xarici işlər naziri Abbas Əraqçi də daha əvvəl Vaşinqtonun ölkəsini “sınaqdan keçirmək” istədiyi təqdirdə İranın müharibəyə hazır olduğunu bəyan edib və hazırkı hərbi hazırlıq səviyyəsinin ötən il baş vermiş 12 günlük müharibə dövrü ilə müqayisədə daha geniş və kompleks olduğunu vurğulayıb.
Bu arada ABŞ ordusu Yaxın Şərqdəki bazalara qüvvə və texnika daşınmasını davam etdirir. Flightradar xidmətinin məlumatına görə, Avropa bazalarından cənuba doğru üç nəqliyyat təyyarəsi və bir tanker hərəkət edir. Peyk görüntülərində İordaniyanın Muavvafak hava bazasında ABŞ-a məxsus F-35 qırıcılarının yerləşdirildiyi də qeydə alınıb. “Baghdad Today” nəşrinə danışan mənbələr Qətər rəsmilərinin ABŞ-ın bu həftənin sonunadək İrana qarşı hərbi əməliyyata başlayacağına əmin olduqlarını bildiriblər.
Eyni zamanda sosial şəbəkələrdə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İbrahim Rzaei ABŞ-ın əməliyyatının yaxın 24 saat ərzində Fars körfəzində başlaya biləcəyini açıqlayıb.
İsrail mediasının yazdığına görə, ABŞ ordusunun Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməsi İsrail Müdafiə Qüvvələri ilə sıx koordinasiya şəraitində həyata keçirilir. Hazırda bölgədə “Abraham Lincoln” təyyarədaşıyan gəmisi, eləcə də “Spruance”, “Michael Murphy” və “Frank E. Petersen Jr.” esminesləri mövcuddur. “Abraham Lincoln”un hava qanadına F-35C və F/A-18E/F qırıcıları, EA-18G Growler elektron müharibə təyyarələri, E-2D Hawkeye erkən xəbərdarlıq və idarəetmə sistemləri, CMV-22B Osprey təminat təyyarələri və MH-60R/S helikopterləri daxildir.
Bölgədə iki ABŞ sualtı qayığı yerləşdirilib, F-15E Strike Eagle qırıcıları isə İordaniyaya cəlb olunub.
Ümumilikdə Yaxın Şərqdə 100-dən çox Amerika qırıcı təyyarəsi, onlarla tanker və kəşfiyyat təyyarəsi İrana qarşı mümkün əməliyyatlara hazır vəziyyətdədir. İranın cavab zərbələri riskini nəzərə alaraq ABŞ və müttəfiq qüvvələri qorumaq məqsədilə “Patriot” və THAAD hava və raketdən müdafiə sistemləri də əlavə olaraq yerləşdirilib.
İsrail tərəfi hesab edir ki, ABŞ-ın bölgədə qüvvə yerləşdirmə prosesini tam başa çatdırması üçün daha bir neçə günə ehtiyacı var. Bu fonda, yanvarın 24-də CENTCOM-un rəhbəri admiral Bred Kuper İsrailə səfər edərək İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli zabitlərlə görüş keçirib. Məlumata görə, görüşlərin əsas mövzusu İran və mümkün eskalasiya zamanı tərəflər arasında koordinasiya məsələləri olub.
Gərginliyin artması beynəlxalq aviasiyaya da təsir göstərib. Bir sıra beynəlxalq aviaşirkətlər Yaxın Şərq istiqamətində uçuşları ləğv edib. Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Təşkilatı (EASA) İran üzərindən mülki uçuşlar üçün risk xəbərdarlığı yayıb və bu xəbərdarlığın 16 fevral 2026-cı ilədək qüvvədə olacağı bildirilib. İran rəsmisi “Əl-Cəzirə” telekanalına açıqlamasında hücum halında Tehranın “tam güclə cavab verəcəyini”, bölgədəki ABŞ hərbi bazalarının isə “qanuni hədəflər” olacağını bildirib.
Reuters agentliyi də İran mənbəsinə istinadən Tehranın istənilən hücumu “tammiqyaslı müharibə” kimi qiymətləndirəcəyini yazıb. “Iran International” nəşrinin məlumatına görə isə ABŞ hücumu riskinin artması fonunda İranın Ali Lideri Əli Xamenei Tehranda xüsusi yeraltı sığınacağa köçürülüb.
Müşviq Tofiqoğlu,
KONKRET.az