İrana son ultimatum verildi ŞƏRH

05.08.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trampın növbəti addımı müharibənin taleyini həll edəcək"Razılaşma olmasa, ABŞ İrana misli görünməmiş zərbə endirəcək"

Son günlər ABŞ-İran münasibətlərində ziddiyyətli bəyanatlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların başlaya biləcəyini, bunun Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı razılaşmaya aparacağını bildirib.

Lakin Tehran bu iddiaları rədd edərək Vaşinqtonla birbaşa danışıqlar aparmadığını, yalnız Oman vasitəsilə Hörmüz boğazında gəmiçilik marşrutları üzrə texniki müzakirələrin davam etdiyini açıqlayıb. 

Qətər Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsari jurnalistlərə açıqlamasında bildirib ki, Qətər, ABŞ və İran arasında diplomatik həllə nail olmaq üçün vasitəçilik səylərini davam etdirir, lakin tərəflər arasında hələlik birbaşa danışıqlar planlaşdırılmayıb. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda danışıqlar dialoqun bərpasına və tamhüquqlu vasitəçilik prosesinə qayıtmağa imkan verəcək "qısamüddətli həll" variantının tapılmasına yönəlib.

Hazırda ABŞ-ın paytaxtı Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov Sherg.az-a açıqlamasında ABŞ–İran qarşıdurmasının hazırkı mərhələsini şərh edib. O, açıqlamasında Donald Tramp administrasiyasının hərbi strategiyasında müşahidə olunan dəyişiklikləri, mümkün ABŞ–İran danışıqlarının perspektivlərini, İran rəhbərliyinin mövqeyini, Hörmüz boğazı ətrafındakı vəziyyəti və Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallığı təhlil edib.

Ə. Şahidov bildirib ki, Vaşinqtonda son günlər baş verən hadisələr İrana verilən son şans kimi qiymətləndirilir. Onun sözlərinə görə, Prezident Donald Trampın son açıqlamaları və İrana qarşı İkinci Dünya müharibəsindən bəri ən genişmiqyaslı hərbi əməliyyatlardan biri hesab edilən hücum planının qeyri-müəyyən müddətə təxirə salınması göstərir ki, Vaşinqton hələ də diplomatik həll variantını tam gündəmdən çıxarmayıb:

“Hazırda ABŞ və İran arasında münaqişənin danışıqlar yolu ilə həlli üçün tarixi bir fürsət yaranıb. Tərəflərin bu imkandan necə istifadə edəcəyi isə yaxın günlərdə məlum olacaq. Donald Tramp son bəyanatlarında İran rəhbərliyini açıq şəkildə ikiüzlü siyasət yürütməkdə ittiham edir və bildirir ki, bu, Tehran üçün son şansdır. Əgər İran yekun razılaşmaya gəlməsə, ölkəyə qarşı indiyədək görünməmiş miqyasda hərbi əməliyyatlara başlanacaq.

İran daxilində isə ABŞ-la münasibətlər məsələsində vahid mövqe yoxdur. Prezident Məsud Pezeşkian sanksiyaların aradan qaldırılması və problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-la birbaşa danışıqların aparılmadığını, yalnız Oman və Qətər kimi vasitəçi ölkələr üzərindən mesajların mübadilə edildiyini bildirir.

Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərliyi və ona yaxın siyasi dairələr ABŞ-la hər hansı danışıqların əleyhinə çıxırlar. Bu isə Vaşinqton üçün əlavə qeyri-müəyyənlik yaradır. ABŞ tərəfi İranda real qərarverici tərəfin kim olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Çünki ölkədə prezident, hökumət, parlament və SEPAH arasında fərqli mövqelər mövcuddur.

Bununla belə, Vaşinqtonun əsas tələbləri dəyişməz qalır. ABŞ Hörmüz boğazında beynəlxalq gəmiçiliyin tam bərpasını, İranın nüvə proqramından birdəfəlik imtina etməsini, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını və ya beynəlxalq nəzarətə verilməsini tələb edir.

Tehran isə bu şərtləri qəbul etmir. İran tərəfi bildirir ki, Hörmüz boğazına nəzarət onun suveren hüququdur və boğazdan keçən gəmilər rüsum ödəməlidir. Bundan əlavə, İran ABŞ və İsraildən ölkə ərazisinə yenidən hücum edilməyəcəyinə dair təhlükəsizlik zəmanəti, dondurulmuş maliyyə aktivlərinin qaytarılması və bütün iqtisadi sanksiyaların ləğvini tələb edir. Məhz bu ziddiyyətli mövqelər hələlik yekun razılaşmanın əldə olunmasına imkan vermir.

Bu prosesdə Körfəz ölkələri, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri fəal vasitəçilik edirlər. Onlar hesab edirlər ki, genişmiqyaslı müharibə təkcə İrana deyil, bütün regiona ağır zərbə vuracaq. Çünki mümkün hərbi eskalasiya zamanı İran ABŞ-ın regiondakı hərbi bazalarını, eləcə də Körfəz ölkələrinin enerji infrastrukturu və strateji obyektlərini hədəfə ala bilər. Bu səbəbdən həmin dövlətlər Vaşinqton və Tehran arasında dialoqun davam etdirilməsində maraqlıdırlar.

Donald Tramp da sosial şəbəkə hesablarında bildirib ki, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ondan İrana qarşı planlaşdırılan genişmiqyaslı əməliyyatı təxirə salmağı və diplomatik danışıqlara daha bir şans verməyi xahiş ediblər. Yaxın günlər bu diplomatik imkanın nəticə verəcəyini, yoxsa hərbi əməliyyatların yenidən başlayacağını göstərəcək”.

Əhməd Şahidovun sözlərinə görə, müharibənin uzanması ABŞ üçün də ciddi iqtisadi və siyasi yük yaradır:

“Rəsmi məlumatlara əsasən, ABŞ indiyədək 15 hərbi qulluqçusunu itirib. Qeyri-rəsmi məlumatlarda isə yüzlərlə hərbçinin yaralandığı bildirilir. Hərbi əməliyyatlara artıq on milyardlarla dollar vəsait xərclənib ki, bu da Amerika cəmiyyətində narazılığı artırır. Müharibənin maliyyə yükü birbaşa ABŞ vergiödəyicilərinin üzərinə düşür. Hörmüz boğazında yaranan gərginlik enerji bazarına da təsir göstərib, yanacaq qiymətlərini artırıb. Nəticədə amerikalılar gündəlik həyatlarında bahalaşmanı daha ciddi hiss etməyə başlayıblar və bu amil də Vaşinqtonu diplomatik həll variantını sonadək qorumağa sövq edən əsas səbəblərdən biridir. Faktiki olaraq bu müharibə ABŞ dövlət büdcəsi, yəni sadə amerikalıların, vergi ödəyicilərinin pulları hesabına reallaşır ki, burada gündəlik həyatda, marketlərdə, bazarlarda hər bir şeyin qiyməti artmağa doğru gedir. Və xüsusən də Hörmüz boğazında gəmilərin keçidinin qapanması Amerika Birləşmiş Ştatlarında yanacağın, benzinin qiymətinin xeyli artmasına gətirib çıxarıb”.

Siyasi şərhçi hesab edir ki, hazırda proses həlledici mərhələyə çatıb. ABŞ və İran ya danışıqlar masasına qayıdacaq, ya da Donald Trampın bəyan etdiyi kimi, misli görünməmiş miqyasda hərbi əməliyyatların başlanması ehtimalı reallaşacaq: “Görünən odur ki, nə Vaşinqton, nə də Tehran genişmiqyaslı müharibədə maraqlıdır. Çünki belə bir ssenari hər iki tərəf üçün ciddi hərbi, iqtisadi və siyasi itkilərlə nəticələnə bilər.

Lakin mümkün eskalasiyanın ən ağır nəticələrini məhz İran yaşayır. Son aylarda İranın ali hərbi rəhbərliyi, yüksək rütbəli generalları və digər məsul şəxsləri hədəfə alınıb. Qeyri-rəsmi məlumatlara görə, ölkənin minlərlə hərbi qulluqçusu həlak olub, on minlərlə insan yaralanıb. Beynəlxalq insan haqları təşkilatlarının məlumatlarında isə minlərlə mülki şəxsin həyatını itirdiyi və yaralandığı bildirilir. Bununla yanaşı, İranın hərbi obyektləri ilə yanaşı, sənaye müəssisələri, enerji infrastrukturu, strateji körpülər, zavodlar və digər mühüm obyektlər də ciddi zərər görüb. Bu isə ölkənin iqtisadi və logistik imkanlarına ağır zərbə vurur. Məhz buna görə də ABŞ-la diplomatik razılaşmanın əldə olunmasında ən çox maraqlı tərəfin İran olduğu görünür. Çünki münaqişənin uzanması ilk növbədə İranın təhlükəsizliyinə, iqtisadiyyatına və daxili sabitliyinə daha böyük ziyan vurmağa davam edəcək.

Sadəcə İran rəhbərliyi ABŞ-la əldə olunacaq danışıqlarda, razılaşmalarda İran üçün ləyaqətli bir razılaşma tərəfdarıdırlar. İran özü üçün, öz milli maraqları üçün, suverenliyi üçün uyğun olan ləyaqətli bir razılaşma tərəfdarıdır ki, bu da ABŞ tərəfindən çətin qəbul olunan şərtlərdir. Amerika Birləşmiş Ştatları bir dünya gücü olaraq ilk növbədə Hörmüz boğazının açılması, İranın Körfəz ölkələrinə, oradakı hərbi bazalara, xüsusən də ABŞ-ın maraqlarında olan obyektlərə, ABŞ hərbi bazalarına hücumlarının dayandırılmasını və İranın birdəfəlik nüvə proqramından imtina etməsi və zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması, yəni sadə dildə desək, həmin uran ehtiyatlarının İranın əlindən alınmasına çalışır”.

İsrailin roluna gəldikdə isə ekspert qeyd edib ki, bu münaqişənin yaranmasında İsrail faktoru ciddi səbəb olaraq dayanmaqdadır: “ABŞ-ın xarici siyasətində İsrail çox önəmli yerə sahibdir. Hətta Prezident Donald Tramp ikinci dönəm prezident seçildikdən sonra İsrailin Baş Naziri Benyamin Netanyahunun səhv eləmirəmsə 8-ci dəfədir Vaşinqtona gəlir və Ağ Evdə Prezident Donald Trampla görüşür. İsrailin əsas istəyi, İsrailin əsas qayğısı İranın heç bir halda nüvə proqramına sahib olmaması, İranın nüvə silahına sahib olmamasıdır. Çünki İsrail düşünür ki, İran nüvə silahına sahib olarsa, onu ilk növbədə İsrailə qarşı istifadə edəcək. Ona görə Tel-Əviv , İsrail ciddi şəkildə Vaşinqtona təzyiq göstərir ki, ABŞ-la danışıqlarda hərbi və siyasi təzyiq davam etdirilməlidir, İranın nüvə silahına, nüvə proqramına sahib olmaması üçün bütün zəruri addımlar atılmalıdır”.

Ə. Şahidov son olaraq bildirib ki, qarşıdakı günlər və həftə ABŞ–İran münasibətlərinin taleyi baxımından həlledici olacaq. Tərəflərin yenidən danışıqlar masasına əyləşəcəyi, yoxsa hərbi əməliyyatların yeni mərhələsinə start veriləcəyi məhz bu müddətdə aydınlaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью