İrana yeni hücum olacaq? ABŞ aralıq seçkiləri gözləyir

11.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp "TIME” jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı sualı cavablandırıb. O bildirib ki, İrana seçkilərdən sonra zərbə endirmək mümkündür.

Trampın bu açıqlamasını İrana xəbərdarlıq kimi qəbul etmək olarmı? İran ABŞ ilə uzunmüddətli müharibə aparmaq gücünə malikdirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Kamran Məmmədli bildirib ki, Donald Trampın bu açıqlaması ilk növbədə Tehrana ünvanlanmış açıq strateji çəkindirmə xəbərdarlığı və psixoloji təzyiq vasitəsidir:

"Yəni, "Biz hər an hücum edə bilərik" mesajı ilə İranı təzyiq altında saxlamaq istəyirlər. İranın hərbi potensialını nəzərə alsaq, Tehranın ABŞ ilə birbaşa, genişmiqyaslı və uzunmüddətli konvensional müharibə aparmaq gücü yoxdur. İllərdir davam edən ağır iqtisadi sanksiyalar, köhnəlmiş hərbi aviasiya parkı və daxili sosial-iqtisadi gərginlik İranın resurslarını ciddi şəkildə məhdudlaşdırır".

Müsahibimizə görə, lakin ABŞ-nin bunu təkbaşına, xüsusilə də quru əməliyyatları səviyyəsində həyata keçirməsi strateji baxımdan inandırıcı deyil. Politoloq bildirib ki, belə bir ssenari yalnız ya ərəb ölkələrindən, ya da regiondakı quru gücü kimi çıxış edə biləcək kürd hərbi qruplaşmalarından ibarət geniş koalisiya vasitəsilə mümkün ola bilər.

Kamran Məmmədli, politoloq

K.Məmmədli vurğulayıb ki, son dövrlərdə husilərin Qırmızı dənizdə və bölgədə həyata keçirdiyi hücumlar və ABŞ-nin ərəb müttəfiqlərinə dəstək verməməsi də məhz Amerikanın planıdır. 

"ABŞ Körfəz ölkələrini İran təhdidi qarşısında müəyyən qədər təhlükə vəziyyətində saxlayaraq onları öz təhlükəsizliklərini təmin etmək üçün Amerikanın rəhbərlik edəcəyi anti-İran cəbhəsinə daha fəal qoşulmağa məcbur etməyi düşünür. Bu məcburiyyətin nəqədər effektiv olacağını isə zaman göstərəcək deyə düşünürəm", - deyə Kamran Məmmədli bildirib.

Qeyd edək ki, ABŞ-də növbəti aralıq seçkiləri bu il noyabrın 3-də keçiriləcək.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью