Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İranda beş şəhərdə spirtli içki qəbul edən 359 nəfər zəhərlənib, onlardan 14-ü həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ölkənin bir neçə şəhərində qeydə alınan alkoqol zəhərlənmələri yüzlərlə insanın sağlamlığına zərər vurub və ölümlə nəticələnib. Hadisələr spirtli içkilərin qəbulunun ölümcül fəsadları ilə bağlı narahatlığı yenidən gündəmə gətirib.
Hüseyn Kermanpur sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, indiyədək Bəndər-Abbas, Xoy, Nişapur, Şiraz və Mərvdəşt şəhərlərində ümumilikdə 359 nəfər alkoqoldan zəhərlənib. Onlardan 14-ü dünyasını dəyişib.
O, belə hadisələrin qarşısının alınmasının vacibliyini vurğulayaraq, insanları spirtli içkilərdən uzaq durmağa çağırıb.
“Bütün dünyada bu cür hadisələrin qarşısını almağın ən etibarlı yolu alkoqol qəbul etməməkdir. İstər markalı, istərsə də saxta məhsul olsun, sağlamlıq və insan həyatı heç bir təcrübəyə və riskə dəyməz”, – deyə Kermanpur qeyd edib.
Səhiyyə Nazirliyinin rəsmisi qeyri-adi simptomların, hətta yüngül əlamətlərin belə müşahidə olunması zamanı dərhal təcili tibbi yardıma müraciət edilməsinin vacibliyini bildirib. O, əlamətlərin ağırlaşmasını gözləməmək barədə xəbərdarlıq edib.
Kermanpurun sözlərinə görə, insanların həyatını xilas etmək üçün vaxtında tibbi müdaxilə olduqca vacibdir. Tibb müəssisələrinə müraciətin gecikdirilməsi isə ağır və geri dönməz nəticələrə səbəb ola bilər.