Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda dərmanların qiyməti kəskin şəkildə artır və bəzi dərmanları tapmaq çətinləşib. Bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Bildirilir ki, bəzi dərmanların qiymətləri üç dəfədən çox artıb. Bu, ABŞ və İsraillə müharibənin başlaması ilə əlaqələndirilir.
Bəs qonşu ölkədə dərman qiymətlərinin bahalaşması Azərbaycan bazarına necə təsir edəcək? Ölkəmizdə dərman qiymətlərinin yüksəlməsi gözlənilirmi?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, İslam Respublikasında dərmanların qiymətinin artmasının əsas səbəblərindən biri İran rialının, yəni milli valyutanın kəskin ucuzlaşmasıdır:
"Tarixin müəyyən dövrlərində rial dollar qarşısında ciddi böhran yaşayıb. Təbii ki, bu vəziyyət həm dərmanların idxalına, həm də satışına təsir göstərir və qiymətlər də buna uyğun olaraq artır. Bəzi dərmanların qiyməti iki dəfəyə qədər yüksəlib. Təkcə dərmanların deyil, digər tibbi preparatların da qiymətində artım müşahidə olunur.
Bizə İrandan rəsmi şəkildə dərman gətirilməsi o qədər də böyük həcmdə deyil. Daha çox insanlar özləri səfər edərkən İrandan şəxsi ehtiyacları üçün dərman alıb gətirirlər. Yəni həcm baxımından İrandan Azərbaycana gətirilən dərmanların miqdarı o qədər də böyük deyil. Ona görə də düşünmürəm ki, bu, Azərbaycan dərman bazarına birbaşa ciddi təsir göstərəcək. Amma ümumilikdə dünyada logistikanın bahalaşması, daşınma xərclərinin artması bütün sahələrə, o cümlədən dərman və tibbi preparatların idxalına, daşınmasına təsir göstərə bilər.
Bu isə digər ölkələrdə və AƏrbaycanda da dərman qiymətlərinin artmasına səbəb olacaq. Çünki Azərbaycanda dərman bazarı idxaldan çox asılıdır. Dərmanların 90 faizdən çoxu xaricdən, yəni idxal yolu ilə ölkəyə gətirilir.
Ona görə də gələcəkdə bazarda dərman qiymətlərinin artmasına müəyyən təsirin olması mümkündür".
Günəş Fərəh
Azpolitika.info