İranda enerji böhranı: Ölkəni iqtisadi problemlər çökdürür

25.11.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İran noyabr ayının 22-dən başlayaraq ölkə üzrə planlı elektrik kəsintilərinə başlayıb və ciddi qaz qıtlığı səbəbindən qarşıdakı qışın ölkə üçün çox ağır keçəcəyi rəsmən təsdiqləyib. Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian və enerji rəsmiləri ölkənin dərin "enerji disbalansı" ilə üzləşdiyini etiraf edərək əhalini qənaətə çağırıblar. Beləliklə, İranın dövlət elektrik şirkəti "Tavanir"in start verdiyi yaşayış evləri və müəssisələr üçün qrafikli işıq kəsintiləri əsasən gündüz saatlarında (saat 10:00–14:00 aralığında) gündə 2 saata qədər davam edir.

İran Milli Qaz Şirkəti azı 11 vilayətdə, xüsusilə şimal bölgələrində qaz təzyiqinin kəskin düşəcəyi barədə xəbərdarlıq edib. İstehlak azalmasa, paytaxt Tehranda da qaz kəsintilərinin olacağı bildirilir.

İranın enerjiyə tətbiq etdiyi limit onu göstərir ki, bu qış İran üçün çox ağır keçəcək. İranı iqtisadi problemlər çökdürə biləcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, İranın enerji istehlakına məhdudiyyətlər tətbiq etməsi ölkədə iqtisadi böhranın artıq yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir:

“Çünki İran dünyanın ən böyük neft və qaz ehtiyatlarından birinə malik ölkə olsa da, daxili tələbatı ödəməkdə çətinlik çəkir. Bu, ilk baxışdan paradoksal görünür: enerji resursları ilə zəngin dövlət öz əhalisini və sənayesini enerji ilə fasiləsiz təmin edə bilmir. Məncə, bəli, iqtisadi böhran İran hakimiyyəti üçün ciddi siyasi təhlükəyə çevrilə bilər. Ancaq yaxın perspektivdə iqtisadi çətinliklərin öz-özlüyündə hakimiyyətin süqutuna səbəb olacağını düşünmək doğru olmaz.

Məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdır. Birinci məsələ enerji böhranıdır. İranın qış aylarında qaz və elektrik enerjisinə tələbatı kəskin artır. Enerji istehlakına məhdudiyyətlərin tətbiqi sənaye müəssisələrinin fəaliyyətinə, istehsal həcminə və məşğulluğa mənfi təsir göstərə bilər. Başqa sözlə, enerji çatışmazlığı iqtisadiyyatın digər sahələrində də zəncirvari problemlər yaradır. Bunun arxasında uzunmüddətli investisiya çatışmazlığı, köhnəlmiş infrastruktur, səmərəsiz idarəetmə və sanksiyalar dayanır.

İkinci məsələ sosial narazılıqdır. İranda əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, inflyasiya, milli valyutanın dəyər itirməsi və işsizlik onsuz da ciddi problemlərdir. İndi enerji məhdudiyyətləri də bu çətinliklərə əlavə olunur. İnsanlar qışda evlərini normal qızdıra, elektrik enerjisindən fasiləsiz istifadə edə bilməsələr, narazılığın daha geniş sosial təbəqələri əhatə etməsi mümkündür.

Üçüncü məsələ ABŞ-ın təzyiq siyasətidir. Donald Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq strategiyası ölkənin neft gəlirlərini, beynəlxalq maliyyə imkanlarını və investisiya cəlb etmək potensialını məhdudlaşdırmağa yönəlib. İranın Çinlə iqtisadi əlaqələri və alternativ neft satış kanalları müəyyən qədər vəziyyəti yumşaltsa da, struktur problemləri aradan qaldırmır”.

Ekspertin hesab edir ki, iqtisadi böhranın avtomatik olaraq hakimiyyət dəyişikliyinə səbəb olacağını düşünmək düzgün deyil:

“İranın güclü təhlükəsizlik və idarəetmə strukturları mövcuddur. Hakimiyyətin taleyini müəyyən edən əsas amillərdən biri də həmin strukturların böhran şəraitində nə dərəcədə vahid mövqe nümayiş etdirəcəyidir. Mənim qənaətim budur ki, İran üçün qarşıdakı qış sadəcə enerji və iqtisadi sınaq olmayacaq, həm də hakimiyyətin idarəetmə qabiliyyətinin yoxlanıldığı bir dövr olacaq.

İranı çökdürə biləcək əsas amil yoxsulluğun özü deyil, yoxsulluğun ümidsizliyə, ümidsizliyin kütləvi etirazlara, kütləvi etirazların isə siyasi sistem daxilində parçalanmaya çevrilməsidir. Əgər bu üç proses eyni vaxtda baş verərsə, onda İran hakimiyyəti indiyədək üzləşdiyi böhranlardan daha ciddi təhlükə ilə qarşılaşa bilər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью