İranda gərginlik azalarsa: Quru sərhədlər açılacaq?

04.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Pandemiyadan bir neçə keçməsinə baxmayaraq, quru sərhədlər hələ də bağlıdır. 

Ümumiyyətlə, quru səhədlərin bağlı olması əsasən təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. Qeyd edək ki, ölkədə quru sərhədlərinin açılması üçün qonşu ölkələrdə sabitliyin olması da mühüm amillərdən biri hesab edilir. 

İranda 2026-cı ilin yanvar-fevral aylarında genişmiqyaslı etiraz aksiyaları, daxili partlayışlar və kəskin iqtisadi-siyasi gərginlik müşahidə olunub. 

Tehran, Qum, İsfahan, Şiraz, Məşhəd və Zahedan daxil olmaqla bir çox şəhərdə güclü etirazlar, xüsusilə öldürülən etirazçıların dəfn mərasimləri rejimə qarşı aksiyalara çevrilib. 

Yanvar ayının sonlarında Bəndər Abbas və Əhvaz da daxil olmaqla, müxtəlif regionlarda partlayışlar baş verib, çox sayda ölənlər və yaralılar var. ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbindən başlayan aksiyalarda həyatını itirənlərin sayının 6 872-yə çatdığı ilə bağlı məlumat yayıb. 

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyuta qarşısında sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən Tehran Böyük Bazarında başlayan nümayişlər ölkə boyu yayılmışdı. 

Hazırda İranda nümayişlər bir qədər səngiyib, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə danışıqlarının bərpası haqqında göstəriş verib. Bununla bağlı danışıqların fevralın 6-da Omanda keçiriləcəyi gözlənilir. 

İranda baş verən gərginlik yenidən alovlanmadığı və ABŞ ilə razılığa gəlinəcəyi təqdirdə quru sərhədlər açıla bilərmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əgər quru sərhədlərinin bağlanması təhlükəsizlik məsələsi ilə bağlıdırsa və İranla daha çox əlaqələndirilirsə, orada proseslərdə bir yumşalma baş verərsə, nizam yaranarsa, quru sərhədlərinin açılması şansı da artır: 

“Bu, bir çox insanları düşündürən və maraqlandıran məsələdir. Əminəm ki, dövlət orqanları bununla bağlı fəaliyyət göstərirlər və hər halda bir sakitlik yaranan kimi sərhədlərin açılması ilə də bağlı qlobal qərar qəbul oluna bilər”. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: sərhəd Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью