“İranda gərginlik region üçün ciddi təhlükə yaradır” DEPUTAT

29.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Arzuxan Əlizadə “TV Müsavat” kanalının növbəti buraxılışında İranda baş verən hadisələrdən danışıb.

Gununsesi.info bildirir ki, Arzuxan Əlizadə qeyd edib ki, İran daxilindəki etirazlar və gərginlik vəziyyəti son dərəcə ciddi və təhlükəlidir:

“İranda dekabrın sonunda ABŞ-ın verdiyi bəzi tədbirlər və hadisələr müharibə üçün zəmin yaratdı. İqtisadi vəziyyətin gərginliyi bu istiqamətdə hərəkətə səbəb oldu. İran daxilindəki obyektlər vuruldu və bunlar əsasən özləri tərəfindən həyata keçirildi.

İran rejiminin sərtləşməsi ölkə daxilində etirazlara səbəb oldu. 28 dekabrdan başlayan nümayişlər minlərlə insanın qətlə yetirilməsi ilə nəticələndi. İnsanlar işgəncələrə məruz qaldılar, ölkədə gərginlik yüksək səviyyədə qalır. İqtisadi çöküş davam etməkdədir. Təxminən 4 mindən çox insanın qətlə yetirildiyi barədə məlumatlar var, rəqəmlər müxtəlifdir.

Bəzi hallarda ölənlərin cənazələri ailələrinə təhvil verilməyib, üstəlik, onları almaq üçün pul tələb olunur. Etiraz nümayişlərinin davam edəcəyi ehtimalı yüksəkdir”.

Deputat qeyd edib ki, ABŞ-ın İranla bağlı sərt mövqeyi davam edir:

“Amma İran tərəfi ABŞ və təsir etdiyi güclərin tələblərini yerinə yetirmək istəmir. Əsas tələblər rejim dəyişikliyi ilə bağlıdır. İran ətrafında gərgin bir vəziyyət formalaşmaqdadır.

Region ölkələri — qardaş Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Misir vəziyyətdən olduqca narahatdırlar və çağırışlar ediblər. Etiraz nümayişləri davam edərkən Türkiyə sərhədinə doğru kütləvi hərəkət müşahidə olunub və bu, Azərbaycan istiqamətinə də ola bilər. Türkiyə rəsmiləri bildirir ki, vəziyyət davam edərsə, 8–10 milyon qaçqının hərəkət etməsi ehtimalı var.

İran rəsmiləri danışıqlara hazır olduqlarını bildiriblər, amma nəticələr hələ aydın deyil. Bütün bunların fonunda vəziyyət kifayət qədər gərgindir. İran gərginliyi azaltmağa çalışsa da, tələbləri qəbul etmək istəmir”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью