Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda müharibəyə qədər islahatçıların mövqeyi güclü idi. Xüsusilə hakimiyyətlə xalq arasında qarşıdurma islahatçıların mövqelərini daha da gücləndirmişdi. Amma İrana hücumla vəziyyət kökündən dəyişdi.
Əli Zülfüqaroğlu əlavə edib ki, İranda etirazçılara atəş açılması əmrini verənlərin İsrail və ABŞ-nin hücumları nəticəsində öldürülməsi hakimiyyətə qarşı aqressiyanı azaltdı və xalq üçün xarici düşmənlərə qarşı mübarizə prioritetə çevrildi: "Bu da SEPAH-ın yürütdüyü siyasət üçün əlverişli mühit formalaşdırdı. Nəticədə SEPAH İranda yenidın ən əhəmiyyətli struktura çevrildi".
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, bu səbəblərə görə, hazırda İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlindədir: "SEPAH daxilindəki radikal qrup Müctəba Xameneinin dini lider seçilməsinə nail olmaqla hakimiyyəti ələ aldı. Buna görə də SEPAH istər ruhani liderlər, istərsə də hökumət üzərində ciddi üstünlük əldə etdi. ABŞ ilə danışıqların konturlarını da SEPAH müəyyən edir. Ona görə də prezident başda olmaqla hökumət üzvlərindən heç kim hazırda təsir imkanlarına malik deyil. Reallıq bundan ibarətdir ki, danışıqların davam etdirilməsi, yaxud müharibənin başlanmasına SEPAH qərar verəcək".
İradə Cəlil, Bizimyol.info