Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hazırda İranda inqilabi proseslər gedir, lakin bunun necə nəticələnəcəyini demək çətindir. Etirazların üstün cəhətlərindən biri odur ki, proseslərin mərkəzləşmiş lideri yoxdur. İranın hüquq-mühafizə orqanları da bilmir ki, kimi saxlasın və ya neytrallaşdırsın. İlk baxışdan belə görünür ki, mövcud etirazlarda vahid lider yox, əksinə, hər şəhərdə keçirilən aksiyaların öz lideri var və onların bir-biri ilə əlaqəsi mövcud deyil. Bu səbəbdən də həmin şəxsləri tapmaq və müəyyənləşdirmək asan deyil”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Azad İsazadə bildirib ki, ABŞ prezidenti Donald Trampın İrana ordu göndərməsi və birbaşa hərbi müdaxiləsi inandırıcı görünmür:
“Nəzərə almaq lazımdır ki, prezident Tramp və onun komandasının baxışları belə addımlara uyğun deyil. Əgər o, müharibələri dayandırmaqdan danışırsa, İrana heç bir əsgər göndərməz. Bunu ona səs verən seçicilər də qəbul etməz. Ancaq ABŞ aviasiyasının İranda müəyyən obyektləri vurması, etirazçılara problem yaradan strukturları sıradan çıxarması mümkündür. Bu, nəzəri baxımdan real ssenaridir. Tramp özü də bunu istisna etməyib. Bundan əlavə, ABŞ kürd qüvvələrinə maddi, silah və digər növ dəstək göstərə bilər. Bu qüvvələrin İran daxilində rəsmi strukturlara problemlər yaratması ehtimalı var”.
A. İsazadə
Hərbi ekspert xatırladıb ki, ABŞ prezidentindən başqa, konqresmen Lindsi Qrem də İrana açıq xəbərdarlıq edərək Amerikanın İranda etiraz edənlərin köməyinə gələcəyini bəyan edib.
A. İsazadə əlavə edib ki, İsrail də İrana qarşı fəallığını artırıb və prezident Trampın ətrafında İranla bağlı ciddi kampaniya aparır: “Bu səbəbdən ABŞ-nın İranda hansısa obyektləri vurması ehtimalı reallaşa bilər. Ancaq xarici müdaxilənin İran daxilində hansı reaksiya yaradacağını da mütləq hesablamaq lazımdır. Bu amil nəzərə alınmadan addım atılacağını düşünmürəm”, - deyə İsazadə fikrini yekunlaşdırıb.
Nemət ORUCOV
Reyting.az