İranda iqtisadi vəziyyət daha da pisləşib Tümən dollar qarşısında tarixi minimuma enib

28.01.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İranda ölkə üzrə davam edən etiraz aksiyaları və ABŞ-dən səslənən sərt açıqlamalar fonunda iqtisadi vəziyyət daha da gərginləşib.

Bu gərginlik özünü ilk növbədə valyuta bazarında göstərib. Belə ki, ABŞ dolları İran tarixində rekord həddə yüksələrək 153 min tümən səviyyəsini keçib.

 İranın sərbəst valyuta bazarını izləyən “pashizi.com” saytının məlumatına əsasən, sərbəst bazarda dolların satış qiyməti 153 min tümənə çatıb.

Bu artım fonunda milli valyuta tümən sərbəst bazarda indiyədək qeydə alınmış ən aşağı dəyərə düşüb. 

Mövcud vəziyyət ölkədə onsuz da ağır durumda olan iqtisadiyyatı daha da çıxılmaz vəziyyətə salıb.

Rəsmi statistikaya görə, ABŞ-nin sərt sanksiyaları altında olan İranda illik inflyasiya səviyyəsi 44,6 faizə yüksəlib. Xüsusilə ərzaq bazarında kəskin bahalaşma müşahidə olunur. Belə ki, qida məhsullarının qiymətləri illik müqayisədə təxminən 89,9 faiz artıb.

Bundan əlavə, 2025-ci ilin dekabrı ilə 2026-cı ilin yanvar ayları arasında aylıq inflyasiya göstəricisi 7,9 faiz təşkil edib. Ekspertlər hesab edirlər ki, valyuta bazarındakı qeyri-sabitlik və inflyasiyanın sürətlənməsi sosial narazılıqları daha da dərinləşdirə bilər.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью