Icma.az, Moderator.az saytına istinadən bildirir.
İranda 12 milyonadək qadının məcburi hicab qaydalarını pozduğu etiraf edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran"ın "YouTube" kanalında yayımlanan videosüjetdə bildirilir.
Qeyd olunur ki, İranın sabiq mədəniyyət və turizm naziri, eləcə də dövlət teleradio şirkətinin keçmiş rəhbəri İzzətullah Zərğaminin sözlərinə görə, ölkədə qadınların 30-40 faizi dövlət tərəfindən müəyyən olunmuş geyim qaydalarına riayət etmir.
Sabiq nazir qeyd edib ki, geyim tələblərinə məhəl qoymayan qadınların böyük bir hissəsi sosial və iqtisadi islahatlar aparılacağı təqdirdə, İslam Respublikasının qorunub saxlanılmasının tərəfdarıdır. Mövcud demoqrafik statistika nəzərə alındıqda, bu rəqəmin 9-12 milyon yetkinlik yaşına çatmış qadını əhatə etdiyi ehtimal olunur.
Tədqiqatlara əsasən, İran vətəndaşlarının təqribən 62 faizi dövlətin hicab məsələsinə qarışmasına, 70 faizə yaxını isə məcburi cəza tədbirlərinin tətbiqinə etiraz edir. Hətta din xadimləri də milyonlarla qadına qarşı sərt addımların atılmasının heç bir müsbət nəticə verməyəcəyini və mövcud vəziyyəti daha da mürəkkəbləşdirəcəyini qəbul edirlər.
Bu proseslərin fonunda məcburi hicab məsələsi İran hökuməti üçün gedərək daha dərin siyasi və sosial problemə çevrilməkdədir. Süjetdə, həmçinin bəzi İran rəsmilərinin Azərbaycandakı məsələlərə müdaxilə cəhdlərinə toxunularaq, onlara ilk növbədə öz ölkələrinin daxili problemlərinə diqqət yetirmələri tövsiyə olunur.