İranda nə baş verir? ƏN SON MƏLUMATLAR

31.01.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İranın bir neçə şəhərində baş verdiyi iddia olunan partlayışlarla bağlı ziddiyyətli məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, İranın Rabat-Kərim vilayətinin qubernatoru Ağa Əli Xani Tehranın cənub-qərbində yerləşən Parand şəhərində partlayış olması barədə xəbərləri təkzib edib.

Onun sözlərinə görə, Parand və Rabat-Kərimdə müşahidə edilən tüstü Şur çayı ətrafında qurumuş qamışlıqlarda baş vermiş yanğınla əlaqədar olub. Qubernator yanğının ehtimal olunan səbəbi kimi ovçuların və ya yoldan keçənlərin ehtiyatsızlığını göstərib və hadisənin yanğınsöndürmə xidmətləri tərəfindən nəzarətə alındığını bildirib.

Bundan əvvəl İranın Fövqəladə Hallar üzrə qurumu Təbrizdə partlayışlar barədə yayılan məlumatları “yalan xəbər” adlandıraraq rədd edib.

Digər tərəfdən, iki israilli rəsmi "Reuters" agentliyinə açıqlamasında şənbə günü İranın bir sıra şəhərlərində baş verdiyi deyilən partlayışlarda İsrailin iştirakının olmadığını bildirib.

Günün əvvəlində isə teleqram kanalları yanvarın 31-də İranın Bəndər-Abbas, Əhvaz, Qəsr-Şirin və Abadan şəhərlərində azı dörd güclü partlayışın baş verdiyini iddia ediblər. Məlumatlarda vurğulanıb ki, adı çəkilən şəhərlər ya strateji əhəmiyyətə malikdir, ya hərbi-dəniz bazaları yerləşir, ya da İraq sərhədinə yaxın ərazilərdədir. Sosial şəbəkələrdə Bəndər-Abbasda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir komandirinin öldürülməsi barədə təsdiqlənməmiş iddialar da yayılıb.

Yayılan görüntülərdə Bəndər-Abbasda baş verdiyi deyilən partlayışın gücü və vurduğu zərərin miqyası əks olunub. Hadisənin səbəbləri ilə bağlı araşdırmaya başlanıldığı, ölən və yaralananların dəqiq sayının sonradan açıqlanacağı bildirilib. Şəbəkələrdə Bəndər-Abbasda yaşayış binasında baş verdiyi iddia olunan partlayışın videosu da paylaşılıb.

İranın "Tasnim" Agentliyi hazırda bir nəfərin həlak olduğunu yazır. Zərər görmüş binanın bütün sakinlərinin təxliyə edildiyi qeyd olunur. Eyni zamanda Parand şəhərində də partlayış olduğu barədə xəbərlər yayılıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumatlara münasibət bildirərək, Hörmüzqan vilayətində, xüsusilə Bəndər-Abbas şəhərində hərbi-dəniz obyektlərinə qarşı pilotsuz uçuş aparatlarından istifadə olunmaqla heç bir hücumun baş vermədiyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью