Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bakı–Tehran dialoqunun dinamikasını pozmaq yolverilməzdir
Bəzən elə təsəvvür yaranır ki, İran dövləti ayrıdır, onun güc strukturları bir ayrı. Əlbəttə, buna mütləq mənada inanmaq istəməzdik. Ancaq indiki halda İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin mövqeyi belə düşünməyə əsas verir.
Məlum olduğu kimi, İranın qısaca VEVAK (Vezarat-e Ettela'at-e Comhuri-ye Eslami-ye İran) adlandırılan Kəşfiyyat Nazirliyi bir sıra xarici media subyektlərini, o cümlədən AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib və həmin qurumlarla əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələyib. O da məlumdur ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bununla bağlı bəyanat yayıb. MEDİA-nın mövqeyi İranın sözügedən dövlət orqanının yanaşmasının yolverilməzliyinin subliminal izahıdır. Nəyə görə yolverilməzdir, yazımızda buna aydınlıq gətirəcəyik.
2024–2026-cı illərdə Azərbaycan–İran münasibətlərində gərginliyin azalması və siyasi dialoqun intensivləşməsi müşahidə olunur. Bu müsbət dinamikanı əks etdirən əsas hadisələr az deyil. Götürək elə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ötən ilin aprelindəki rəsmi səfərini. Səfər çərçivəsində Prezident İlham Əliyev və cənab Pezeşkian görüşmüş, dövlət başçıları birgə bəyanat imzalamış, münasibətlərin strateji əsasda inkişafı niyyətini ifadə etmişdilər. Səfər zamanı, həmçinin Azərbaycan–İran Biznes Forumu keçirilmiş, tədbirdə ticarət, investisiya, logistika və sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni təşəbbüslər müzakirə olunmuşdu.
Bu ilin yanvarında Bakıda İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşdə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın genişlənməsi, hər iki ölkənin sözügedən dəhlizin ötürücülük qabiliyyətinin artırılması istiqamətində birgə səylərini davam etdirmələri məsələləri müzakirə olunmuş, onun strateji tranzit əhəmiyyəti daşıdığı vurğulanmışdı.
Bundan başqa, 2025-ci ilin dekabrında İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin Bakıya səfəri zamanı Şərqi Zəngəzur–Naxçıvan əlaqələrinin İran üzərindən inkişafı üzərində dayanılmış, İran ərazisindən keçəcək avtomobil və dəmir yolu bağlantıları üzrə işlərin davam etdirilməsi, bu marşrutun Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında alternativ əlaqənin formalaşdırılmasına xidmət etdiyi diqqətə çatdırılmışdı.
Habelə, ötən müddətdə Xarici İşlər nazirləri ilə yanaşı, Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin müntəzəm görüşləri zamanı siyasi dialoq, regional təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlıq məsələləri diskussiya predmetinə çevrilmiş, tərəflər prezidentlər arasında intensiv təmasların münasibətlərin inkişafına müsbət təsir göstərdiyini vurğulamış, iqtisadi və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına, investisiyaların təşviqinə, yeni layihələrin həyata keçirilməsinə dair razılıqlar əldə edilmişdi.
Bütün bunlar və sadalamadığımız digər cəhətlər göstərir ki, Bakı və Tehran arasında həm də qarşılıqlı etimad mühiti var. O zaman İranın Kəşfiyyat Nazirliyi nə üçün AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edir? Axı mövcud vəziyyət sadaladıqlarımızla ziddiyyət təşkil edir.
***
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi həm “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinin tələbini, həm də qarşılıqlılıq prinsipini nəzərə alaraq, İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, bu subyektlərin nümayəndələrinin Azərbaycan ərazisindəki fəaliyyətlərinin qanunsuz hesab edildiyini açıqladı. Söhbət ölkəmizin milli maraqlarına zidd yol tutan, suverenliyimiz, konstitusiya quruluşumuz, ərazi bütövlüyümüz və milli təhlükəsizliyimiz əleyhinə zaman-zaman təbliğat aparan media subyektlərinin fəaliyyətlərinin qanunsuz sayılmasından gedir.
Nəzərə alaq ki, cənub qonşumuzun anti-Azərbaycan mövqeyi ilə seçilən digər media orqanları da var. Məsələn, “Tasnim” Xəbər Agentliyini götürək. O agentlik ki, direktivləri birbaşa SEPAH-dan, yəni İran İslam İnqilabı Keşikçiləri Korpusundan alır. Elə yuxarıda adlarını sadaladığımız media qurumları SEPAH-la yaxınlıq baxımından istisna deyillər və Azərbaycan əleyhinə təbliğatlarına ara vermirlər.
Sonda bir daha deyək: İranın güc strukturları, sanki, dövlət içərisində ayrıca dövlət kimi çıxış edirlər və onların dirijor çubuğu ilə hərəkətə gəlib anti-Azərbaycan mövqe tutan media subyektlərinin varlığı Bakı–Tehran münasibətlərinin hazırkı müsbət fazasına uyğun olmayan durumdur, belə hallar tam yolverilməzdir.
Bəli, Prezident M.Pezeşkian Azərbaycana səfərə gəlirsə, qədim diyarımız Şuşaya baş çəkirsə, ən başlıcası, ölkəmiz İslam Respublikasına qarşı beynəlxalq kampaniyalarda iştirak etmirsə, Bakı özünü konfliktə çəkmək istiqamətindəki cəhdlərə sinə gərərək, mehriban qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirirsə, deməli, İranda Azərbaycan əleyhinə heç bir təmayülə, o cümlədən media orqanlarına meydan tanınmamalıdır.
Əgər meydan tanınırsa, bu, istər-istəməz, etimad mühitinə zərbə vurur. Azərbaycana isə etimad və əməkdaşlıq, İran və Azərbaycan xalqlarının tarixi yaxınlıq, dostluq və qardaşlıq bağlarının qorunması lazımdır. Ona görə yaxşı olar ki, Cənub qonşumuzun media qurumları köhnənin klişelərini, bəzi şəxslərin imperiya təfəkkürünün məhsulu olan yarıtmazlıqları kənara qoyub reallığa diqqət yetirsinlər.
Ə.CAHANGİROĞLU
XQ