Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranda soyuq havalarda yaşayış evlərində təbii qaz istehlakının artması səbəbindən 12 neft-kimya şirkətinin qazı kəsilib.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Neft-Kimya Sənayesi İşəgötürənlər Assosiasiyasının baş katibi Əhməd Mehdevi Ebheri məsələ ilə bağlı açıqlama verib.
Ebheri, Tehranda iştirak etdiyi bir proqramda: “Daxili qaz istehlakının artması neft-kimya şirkətlərinə qazın çatdırılmasında problemlər yaradıb, 12 neft-kimya şirkətinin qazı kəsilib”, - deyə bildirib.
Ölkədəki neft yataqlarına investisiya qoymağa hazır olduqlarını bildirən Ebheri: “Bu məsələ ilə bağlı 10 müqavilə hazırlanıb və Neft Nazirliyinin imzasını gözləyir”, - deyib.
Ebheri bu müqavilələrin imzalanmasının "gündəlik qaz hasilatını 220 milyon kubmetr artıracağını" və bunun bəzi problemləri həll edəcəyini bildirib.
Elektrik enerjisi və qaz çatışmazlığı olan İranda dövlət rəsmiləri, xüsusilə də prezident Məsud Pezeşkian vətəndaşları kombilərini 2 dərəcə aşağı rejimdə işlətməyə çağırıb.
Ölkədəki enerji təchizatı çatışmazlığı və soyuq hava səbəbindən son bir ayda bir çox bölgələrdə məktəblər bağlanıb, bəzi regionlarda dövlət idarələri uzaqdan işləmə vasitəsilə xidmət göstərib.