İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər? KONKRET

02.11.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəliklərin mümkün fəsadları və qorunma tədbirləri yenidən gündəmə gəlib.

Bəs İranda yoluxma hallarının artması Azərbaycanda hansı epidemioloji risklər yaradır? Mövsümi infeksiyaların yayılmasının qarşısını almaq üçün hansı tədbirlərə əməl edilməlidir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla KONKRET.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyasının başa çatması bu infeksiyanın tamamilə aradan qalxması demək deyil.

Onun sözlərinə görə, koronavirusun müxtəlif variantları hələ də yayılmaqda davam edir və virusun gələcəkdə necə dəyişəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil.

“Koronavirus artıq uzun müddətdir ki, insanların həyatında mövcuddur. Pandemiya başa çatsa da, epidemik yayılma halları davam edir. Virus mutasiyaya uğrayaraq, o cümlədən “Omikron” ştammı ilə yayılmasını sürdürür və zaman-zaman fərqli xüsusiyyətlər nümayiş etdirir. Payız aylarında koronavirusa yoluxma hallarının artması da təəccüblü deyil”, – deyə professor vurğulayıb.

Adil Qeybulla qripin də hər il müxtəlif variantlarla yayıldığını və bəzi hallarda ciddi fəsadlara səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, qrip nəticəsində dünyada hər il çox sayda insan həyatını itirir. Buna görə də həm qrip, həm də COVID-19 cəmiyyət üçün aktual sağlamlıq problemi olaraq qalır.

Professor bildirib ki, bu infeksiyaların yayılmasının qarşısını almaq üçün insanların gündəlik davranış qaydalarına diqqət yetirməsi vacibdir. Xüsusilə xəstə şəxslərin sağalana qədər işə, məktəbə və bağçaya getməməsi başqalarının yoluxma riskini azalda bilər.

“Xəstə insanlar çalışmalıdırlar ki, sağalana qədər evdə qalsınlar. Xəstə uşaqlar da məktəbə və bağçaya getməməlidirlər. Əks halda, onlar ətrafdakı insanları yoluxdurur, həmin şəxslər isə infeksiyanı öz ailə üzvlərinə ötürürlər. Beləliklə, hər il kiçik epidemiyalarla qarşılaşırıq”, – deyə o, bildirib.

Professorun sözlərinə görə, bu infeksiyalar bəzi insanlar üçün daha ağır nəticələrə səbəb ola bilər. Xüsusilə onkoloji xəstələr, ağır xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif olan insanlar yoluxma zamanı ciddi fəsadlarla üzləşə bilərlər.

Adil Qeybulla xəstə olduğu halda evdən çıxmaq məcburiyyətində qalan şəxslərin maskadan istifadə etməsinin vacibliyini də vurğulayıb.

“İnsanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Xəstə şəxs evdən çıxmaq məcburiyyətində qalarsa, mütləq maska taxmalıdır. Bu prinsipə əməl edilmədikdə infeksiyaların yayılması davam edəcək”, – deyə professor əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью