Icma.az, Marja.az portalına istinadən məlumat verir.
İranda başladılan “İran üçün Vətən Müdafiəçiləri” kampaniyası çərçivəsində 12 yaşdan yuxarı könüllülərə müharibə dövründə vətəni müdafiə edənlərə dəstək vermək çağırışı edilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehran üzrə müavini Rahim Nadali dövlət televiziyasına verdiyi açıqlamada əhalini “vətəni müdafiə edənlərə” dəstək göstərməyə dəvət edib.
Nadali bildirib ki, başladılan “İran üçün Vətən Müdafiəçiləri” kampaniyasına müxtəlif bacarıqlara malik bütün şəxslər qoşula bilər:
“Müvafiq bütün şəxslərin ixtisas və qabiliyyətlərinə uyğun olaraq vətənin müdafiəsində rol ala biləcəyi bir platforma yaratmağa qərar verdik.”
Onun sözlərinə görə, kampaniyaya qoşulan şəxslər aşağıdakı sahələrdə fəaliyyət göstərə bilərlər:
•Patrul xidmətlərində iştirak
•Kəşfiyyat məlumatlarının toplanması
•Avtomobillərin saxlanılması və yoxlanılması
•Yemək hazırlanması
•Zəruri ləvazimatların paylanması
•Hücum nəticəsində zərər görmüş evlərin təmiri
•Həkim və tibb bacılarının səhiyyə müəssisələrində fəaliyyətə cəlb edilməsi
•Yaralılara tibbi yardım göstərilməsi
Qeyd olunub ki, qeydiyyatdan keçmək istəyən şəxslər Bəsic qüvvələri məntəqələrinə müraciət edə bilərlər.
“Qeydiyyatdan keçmək istəyənlər müvafiq formanı dolduraraq siyahıya əlavə oluna bilərlər. Bu kampaniya 12 yaşdan yuxarı bütün könüllülər üçün açıqdır.”
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Bəsic qüvvələri ölkə üzrə fəaliyyətini 12 yaşdan yuxarı şəxslərin iştirakı ilə davam etdirir.