Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İran Azərbaycan müstəqilliyini elan etdiyi gündən həmişə ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışıb. Çünki müstəqil Azərbaycanın olması, öz milli hissləri, tarixi kökləri, öz milli dili ilə yaşayan bir Azərbaycanın mövcudluğunu İran özü üçün təhdid hesab edir”.
Bunu 525.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, on milyon azərbaycanlının müstəqil dili, müstəqil mədəniyyəti, müstəqil dövləti varsa, bu, cənubda yaşayan otuz milyondan çox azərbaycanlı üçün də rol model ola bilər:
“Onlar da öz dillərini, öz mədəniyyətlərini azad şəkildə yaşamaq üçün İrandan hüquqlarını tələb edə bilərlər. Bu, İranın qorxulu yuxusudur. Ona görə də İran çalışır ki, din adı altında özünün fars imperializmini Azərbaycanda təbliğ etsin, Azərbaycan xalqının bir hissəsini din adı altında fars köləliyinə tabe etsin və beləliklə, bizi zəiflətsin. Ona görə də otuz illik işğal dövründə İran bütün imkanlarını səfərbər edərək işğalçı Ermənistana kömək etdi. Qarabağda məscidlərimiz dağıdılanda buna göz yumdu. İrəvanda türklərə məxsus olan məscidi fars məscidi kimi təmir etdi. 2020-ci ildən sonra 2023-cü ilə qədər Xankəndində separatçılara dəstək verdi, silah göndərdi, terrorçu göndərdi. Yəni bu, İranın dinə olan münasibətidir, Azərbaycana olan münasibətidir. İndi isə məscidlərimizin dağılmasında ermənilərə kömək edən, erməni işğalına dəstək verən, Zəngəzur dəhlizinin açılmasına izn verməyən İran birdən-birə nədənsə guya ki, Azərbaycanda dinin qeydinə qalır. İranın din adı altında Azərbaycana təbliğ etdiyi hadisə Azərbaycan uşaqlarının beyinlərini, Azərbaycan xalqının beynini işğal edərək Azərbaycanı fars köləsinə çevirməkdən ibarətdir. Bu baxış baş tutmayanda isə İran indiki addımları atır, Azərbaycanda bir qrup insanı etirazlara təşviq edir”.
H.Babaoğlu əlavə edib ki, Azərbaycan xalqı savadlı xalqdır. Azərbaycan xalqı görür ki, cəmi bir il əvvəl İran dövlətinə qarşı etiraz edən üç mindən çox insanı İran bir sutkada öldürdü, məhv elədi:
“Ondan sonra isə guya İran dövlətinə təhdid yaradan, əslində isə sadəcə öz hüquqlarını tələb edən, başıaçıq gəzmək istəyən başları çiyinlər üzərindən qopartdı. Belə olanda necə olur ki, İranda başıaçıq gəzmək istəyənlərə o hüquq tanınmır, amma Azərbaycanda başını kimsə örtürsə və bu, İran köləliyinin altına girmiş hesab olunursa, onda İran bu məsələləri Azərbaycanda təxribat şəklində Azərbaycan cəmiyyətinə təqdim edir, qarşıdurma yaradır. İrandan bizə gələn “din” və “baş örtüsü” fars şovinizminə, köləliyə xidmət edir. Amma Allaha şükür ki, Azərbaycanda həqiqi möminlər, həqiqi dindarlar çoxdur. Onlar həqiqi İslamı dərk edirlər. Biz İslamı da, onun dəyərlərini də öz milli düşüncəmiz üzərindən dərk edirik və onu ən obyektiv dərk edən xalqlardan biri azərbaycanlılardır. Ona görə də İranın bu təxribatları yolverilməzdir. Kimsə də ona alət olursa, ona da izah etməliyik ki, bu yol doğru deyil. Çünki sənin böyüyəndə tanıyacağın həqiqi din başqa dindir, böyük hörmətə layiq bir dindir. Bu gün vətəndaşlarımızın baş örtüsünün anlamını, nə mahiyyət kəsb etdiyini bilməyən uşaqlarının başını örtüb məktəbə göndərmələri, onu bəri başdan fars köləsinə çevirməkdir”.
Pərvanə Sultanova