Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazı və bölgə sularında olan ticarət gəmilərinin kapitanlarına ünvanladığı mesajda İran limanlarının ümumi dənizçilik xidmətləri, texniki dəstək, ərzaq, səhiyyə və tibbi xidmətlər göstərməyə hazır olduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, İran Limanlar və Dənizçilik Təşkilatının yazılı mesajını rəsmi IRNA agentliyi yayımlayıb.
Mesajda qeyd olunub ki, bölgə sularında hərəkət edən bütün gəmilər, xüsusilə İranın ərazi sularında və lövbər bölgələrində olanlar ehtiyac yarandığı halda ərzaq, yanacaq təminatı, səhiyyə və tibbi xidmətlər, eləcə də zəruri təmir üçün icazəli materiallar kimi xidmətlərdən yararlana biləcəklər.
Bildirilib ki, bu mesaj bölgədəki dəniz rabitə şəbəkələri və VHF sistemləri vasitəsilə gündə 3 dəfə olmaqla 3 gün ərzində yayımlanacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp mayın 4-də etdiyi çıxışda Hörmüz boğazında ilişib qalan neytral ölkələrə məxsus ticarət gəmilərini müşayiət etmək məqsədilə “Azadlıq Layihəsi”nin başladılacağını açıqlamışdı.
Tramp gəmilərdə ərzaq və əsas ehtiyac çatışmazlığı yaşandığını bildirərək əməliyyatın “humanitar məqsədlər” daşıdığını müdafiə etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin