Icma.az, Cebheinfo saytına istinadən bildirir.
İran “MDB+” formatının iştirakçısı statusunu əldə edən ilk dövlət ola bilər.
Bunu MDB-nin baş katibi Sergey Lebedev deyib. O bildirib ki, hazırda bu məsələ nəzərdən keçirilmə mərhələsindədir: “Tehranın MDB ilə yeni formatda əməkdaşlıq etməkdə maraqlı olması İran Prezidenti Məsud Pezeşkian tərəfindən oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən Birlik sammitində açıqlanıb. Təşəbbüs MDB ölkələrinin marağına səbəb olub və əsasən müsbət qiymətləndirilib”.
Qeyd edək ki, “MDB+” formatı Birliyin təşkilata üzv olmaq istəməyən, lakin onunla əməkdaşlıqda maraqlı olan üçüncü ölkələrlə qarşılıqlı əlaqələrini genişləndirmək məqsədi daşıyır.
Bəs İranın bu istəyi nə qədər realdı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, müxtəlif beynəlxalq və regional təşkilatlar hansısa dövləti üzvlüyə qəbul etmək istəmədikdə və ya üzvlük prosesi uzun çəkdikdə, alternativ əməkdaşlıq formatları yaradırlar.
O qeyd edib ki, BRICS-də, Şanxay Əməkdaşlıq Təşkilatında belə formatlar mövcuddur:
“Hətta Avropa İttifaqında da buna bənzər yanaşma var. Məsələn, bir sıra dövlətlər Avropa İttifaqına üzv olmasalar da, Avropa Siyasi Birliyi formatında əməkdaşlıq edirlər. Bu günlərdə Dublində Avropa Siyasi Birliyinin növbəti sammiti keçirildi. Sammitdə Azərbaycan, Gürcüstan və Ukrayna liderləri də iştirak edirdilər. Bu ölkələr Avropa İttifaqının üzvü olmasalar da, həmin format çərçivəsində müzakirələrə qatılırlar”.
Elxan Şahinoğlu vurğulayıb ki, indi Rusiya da MDB üçün eyni formatdan istifadə etmək istəyir:
“Rusiya “MDB+” formatı çərçivəsində İranı da əməkdaşlığa cəlb etməyə çalışır. Görünür, bu yolla İranı öz orbitində daha çox saxlamaq niyyətindədirlər. Amma MDB özü amorf bir qurumdur və ciddi real təsir gücünə malik deyil. MDB SSRİ-nin dağılmasından sonra yaranmışdı. Rusiya özü də MDB-dən daha çox Şanxay Əməkdaşlıq Təşkilatına, BRICS-ə, Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üstünlük verir”.
Politoloq əlavə edib ki, “MDB+” formatı Moskvanın regional təsir imkanlarını genişləndirmək cəhdidir:
“MDB Rusiyaya əsasən vaxtaşırı sammitlər keçirmək, tərəfdaş dövlətlərin liderləri ilə görüşmək və fikir mübadiləsi aparmaq baxımından lazımdır. Ancaq təşkilatın real mexanizmləri, xüsusilə inteqrasiya imkanları xeyli zəifdir. “MDB+” formatının yaradılması ilə bir sıra tərəfdaş ölkələri də bu platformaya cəlb etmək, onlarla müzakirələri həmin format çərçivəsində aparmaq istəyirlər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin