Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
İran nüvə obyektlərinə endirilən zərbələrdən və nüvə alimlərinin öldürülməsindən sonra faktiki Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) və Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) kənarda qaldığını hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə İran parlamentinin (Məclis) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd TASS agentliyinə açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, baş verən hadisələr İranın beynəlxalq nüvə sazişlərində iştirakını faktiki olaraq mənasızlaşdırıb.
“Düşünürəm ki, biz artıq faktiki olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən kənarda qalmışıq. Bizi həm agentlikdən, həm də müqavilədən uzaqlaşdırıblar. Bu, son dərəcə mühüm məqamdır. Artıq hər hansı rəsmi bəyanat verməyimizə ehtiyac yoxdur, sadəcə qərar qəbul edə bilərik. Hesab edirəm ki, İran ictimaiyyəti də mövcud vəziyyəti nəzərə alaraq müqavilədən çıxmaq qərarını tam dəstəkləyəcək”, – deyə o bildirib.
Zöhrəvənd qeyd edib ki, İranın nüvə obyektlərinə hücumlar və nüvə alimlərinin öldürülməsi ölkəni faktiki olaraq NPT-dən çıxmağa məcbur edən addımlardır.
Onun sözlərinə görə, Tehran artıq özünü nə Beynəlxalq Atom Enerjisi Agentliyinin, nə də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bir hissəsi hesab edir.
İranlı deputat BAEA-nın baş direktoru tərəfindən sənədlərin və məxfi məlumatların İsrailə ötürüldüyünü də iddia edib.
O bildirib ki, NPT-nin iştirakçısı olmayan İsrailə belə məlumatların verilməsi agentliyin Tehrana qarşı qərəzli və düşmən mövqe tutduğunu göstərir.
Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin 10-cu maddəsi iştirakçı dövlətlərə müəyyən şərtlər daxilində sazişdən çıxmaq hüququ verir. Lakin deputatın açıqlaması İranın müqavilədən rəsmən çıxdığı anlamına gəlmir.
Günay Əli
KONKRET.az