İrandan sonra Trampın hədəfi: İrəvan Bakı və …

16.06.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ ilə İran arasında əldə olunan anlaşma təkcə Yaxın Şərqdə gərginliyin azalması ilə məhdudlaşmır. Bu razılaşma eyni zamanda Vaşinqtonun xarici siyasətdə diqqətini və resurslarını yeni prioritet istiqamətlərə yönəltməsi üçün əlverişli şərait yaradır. Həmin istiqamətlərin başında isə Ukrayna, Cənubi Qafqaz  və Mərkəzi Asiya dayanır.

Bu siyasətin əsas hədəflərindən biri isə Cənubi Qafqazda davamlı sülhün təmin olunması və regionun yeni nəqliyyat-logistika xəritəsinin formalaşdırılmasıdır.

Bu baxımdan ABŞ-ın qarşıdakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına daha çox diqqət ayıracağı gözlənilir. Vaşinqton yaxşı anlayır ki, Cənubi Qafqazda uzunmüddətli sabitlik olmadan nə Orta Dəhlizin tam potensialını reallaşdırmaq, nə də Mərkəzi Asiya ilə əlaqələri yeni səviyyəyə qaldırmaq mümkündür.

Məhz buna görə də Ağ Ev Bakı ilə İrəvan arasında danışıqlar prosesinin sürətləndirilməsi, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və yekun sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik fəaliyyətini artıracaq. Vaşinqton üçün bu, sadəcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, bütövlükdə Avrasiya geosiyasətinin yenidən qurulmasının vacib elementidir.

Bu prosesdə xüsusi yer tutan məsələlərdən biri də Zəngəzur dəhlizi layihəsidir. ABŞ uzun müddətdir ki, Avropa ilə Asiyanı birləşdirən alternativ nəqliyyat marşrutlarının inkişafında maraqlıdır. Zəngəzur xətti isə bu strategiyanın mühüm həlqələrindən biri hesab olunur. Zəngəzur dəhlizinin açılması Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında iqtisadi inteqrasiyanı sürətləndirməklə yanaşı, regionun geosiyasi əhəmiyyətini də artıracaq.

Vaşinqtonun son dövrlərdə gündəmə gətirdiyi “Tramp marşrutu” adlandırılan yeni logistika və ticarət konsepsiyasının da əsas məqsədlərindən biri məhz Mərkəzi Asiyaya çıxışı genişləndirmək, Çin və Rusiyadan asılı olmayan alternativ əlaqə xətlərini gücləndirməkdir. Bu baxımdan Cənubi Qafqaz artıq təkcə regional təhlükəsizlik məsələsi deyil, ABŞ-ın Avrasiya strategiyasının vacib komponentinə çevrilir.

Xüsusilə Orta Dəhlizin inkişafı Vaşinqtonun geoiqtisadi prioritetləri sırasında ön plana çıxacaq. Son illər qlobal ticarət marşrutlarında yaşanan böhranlar göstərdi ki, ənənəvi yolların alternativləşdirilməsi strateji zərurətə çevrilib. ABŞ və onun müttəfiqləri Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması, yükdaşıma imkanlarının genişləndirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və marşrutun şaxələndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirəcəklər.

Bu prosesdə Avropa İttifaqı da mühüm rol oynayacaq. Çünki Zəngəzur dəhlizinin açılamsı Aİ-nin “Qlobal Qapı” (Global Gateway) strateji layihəsinin icrası baxmdan Brüssel üçün də Cənubi Qafqaz enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və Mərkəzi Asiya ilə əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır. Aİ artıq uzun müddətdir ki, regionda iqtisadi və siyasi iştirakını artırmağa çalışır. İran və Rusiya məsələsinin müəyyən qədər arxa plana keçməsi ilə Brüsselin də diqqətinin yenidən Cənubi Qafqaza yönəlməsi gözlənilir.

Əslində formalaşan yeni geosiyasi reallıq ABŞ və Avropa İttifaqının maraqlarının bir çox istiqamətlərdə üst-üstə düşdüyünü göstərir. Hər iki tərəf regionda sabitliyin təmin olunmasında, kommunikasiyaların açılmasında, Orta Dəhlizin inkişafında və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Bu isə o deməkdir ki, yaxın illərdə Cənubi Qafqaz qlobal geosiyasi rəqabətin deyil, qlobal geoiqtisadi əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilə bilər. Azərbaycanın yerləşdiyi strateji mövqe, nəqliyyat-logistika imkanları və artan beynəlxalq nüfuzu isə bu prosesdə ölkənin rolunu daha da gücləndirir.

Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью