Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı hərbi əməliyyatların yenidən başlanması ehtimalını müzakirə ediblər. Məlumata görə, Netanyahu ABŞ-nin çərşənbə axşamı keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana zərbə endirməsində israr edir. Lakin ABŞ Prezidenti hələlik danışıqların öz axarı ilə davam etməsinə imkan vermək niyyətindədir.
Bununla yanaşı, yayılan yeni məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələri İsraildəki aviabazalarda 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib.
Bəs tərəflər arasında yenidən müharibə gözlənilirmi?
Gedişatı Redaktor.az-a şərh edən politoloq Yusif Bağırzadə qeyd etdi ki, ABŞ və İsrail arasında İranla bağlı hərbi əməliyyatların yenidən başlanması ehtimalının müzakirə edilməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşə biləcəyini göstərir:
"Xüsusilə İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-nin aralıq seçkilərindən dərhal sonra İrana zərbə endirilməsində israr etməsi və Vaşinqtonun hələlik diplomatik danışıqlara üstünlük verməsi iki müttəfiqin taktiki yanaşmaları arasında müəyyən fərqlərin olduğunu ortaya qoyur.
Burada əsas məsələ təkcə İsrailin İrana qarşı hərbi əməliyyatlarda maraqlı olub-olmaması deyil, həm də ABŞ administrasiyasının belə bir əməliyyatın siyasi, hərbi və iqtisadi nəticələrini necə qiymətləndirməsidir. Vaşinqton üçün İranla birbaşa hərbi qarşıdurma regional münaqişənin genişlənməsi, enerji bazarlarında qeyri-sabitlik, ABŞ hərbçilərinin təhlükəsizliyi və diplomatik münasibətlər baxımından əlavə risklər yarada bilər".
Müsahibimizin fikrincə, hərbi hazırlıqla bağlı məlumatlar vəziyyətin daha mürəkkəb olduğunu göstərir:
"ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 47 yanacaqdoldurma təyyarəsinin İsraildə yerləşdirilməsi barədə məlumat yayılıb. Bu təyyarələr uzaqmənzilli aviasiyanın havada yanacaqla təmin olunması, əməliyyatların davamlılığının artırılması və hərbi imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür qüvvə cəmləşməsi ABŞ-nin mümkün hərbi ssenarilərə ciddi hazırlaşdığını göstərən əlamətlərdən biridir.
Nəzərə almaq lazımdır ki, Vaşinqtonun mövqeyi təkcə İsrailin təhlükəsizlik maraqları ilə müəyyənləşmir. ABŞ İranın nüvə proqramı ilə bağlı məsələləri hərbi yolla həll etməyə çalışarkən Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini, Körfəz ölkələrinin mövqeyini və qlobal enerji bazarlarına mümkün təsirləri də nəzərə almalıdır. İranın cavab tədbirləri təkcə İsrail ərazisini deyil, regiondakı ABŞ hərbi bazalarını və enerji infrastrukturunu da hədəfə çevirə bilər. Beləliklə, məhdud zərbə planlaşdırılsa belə, onun daha geniş regional qarşıdurmaya çevrilməsi riski kifayət qədər yüksəkdir.
Digər tərəfdən, İsrail hökumətinin yanaşması İranın hərbi və nüvə potensialının bərpasına imkan verməmək məqsədi ilə izah olunur. Təl-Əviv hesab edir ki, diplomatik proses uzandıqca Tehran öz imkanlarını gücləndirmək üçün əlavə vaxt qazana bilər. Buna görə də İsrailin hərbi variantı danışıqlara paralel şəkildə gündəmdə saxlaması təsadüfi deyil".
O bildirdi ki, diplomatik kanalın tamamilə bağlanmadığını göstərən mühüm məqamlar da var:
"Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində təmasların davam etməsi hərbi əməliyyatların qarşısını almaq üçün müəyyən imkanların hələ də qaldığını göstərir. Trampın Netanyahu ilə telefon danışığından sonra belə danışıqlara vaxt vermək niyyətini ifadə etməsi də Vaşinqtonun hərbi və diplomatik variantları paralel saxladığını göstərir.
Beləliklə, yaxın perspektivdə müşahidə edə biləcəyimiz odur ki, ya danışıqlar hansısa nəticə verəcək və hərbi əməliyyatlar təxirə salınacaq, ya da yeni hərbi əməliyyatlar başlayacaq. Yeni hərbi əməliyyatların başlayacağı halda isə qarşılıqlı hücumların genişmiqyaslı regional müharibəyə çevrilməsi ehtimalı kifayət qədər böyükdür".
Aytəkin TOFİQQIZI