GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər beynəlxalq mediada Çin Xalq Respublikasının İranı gizli şəkildə silahlandırdığına dair iddialar geniş müzakirə olunur. Məlumata görə, ABŞ-ın Fars körfəzinə silahlı qüvvələr və hərbi texnika cəmləşdirdiyi dövrlə paralel, hətta ondan əvvəl Çin tərəfindən İrana hava yolu ilə mühüm hərbi avadanlıqlar və radioelektron qurğular göndərilib.
İddialara əsasən, bu texnologiyalar sırasında ABŞ-ın F-35 qırıcılarını sıradan çıxarmaq və ya onların fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmaq imkanına malik radioelektron mübarizə sistemləri də yer alır.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, ABŞ-ın İrana mümkün hücumu bütün dünya iqtisadiyyatı üçün ciddi fəsadlara yol aça bilər:
“Başda neft qiymətləri olmaqla, bir çox sahədə qiymət artımı baş verə, daşıma xərcləri yüksələ bilər. Nəticə etibarilə bu proseslər Çin üçün də ciddi iqtisadi zərərlərə səbəb olacaq.
Bu gün artıq Venesuela nefti Vaşinqtonun nəzarəti altındadır və Pekin faktiki olaraq sözügedən mənbədən payını itirib. Bu isə özlüyündə Çin iqtisadiyyatına zərbə vurur. Ona görə Pekin İranı qorumaqda maraqlıdır, elə bu səbəbdən Tehrana hava yolu ilə yardımlar göndərir.
Turab Rzayev
Yardımların olması barədə məlumatlar var, lakin onların konkret məzmunu hələlik məlum deyil. Yəni söhbətin hərbi silahlardan, yoxsa sadəcə humanitar yardımdan getdiyi bilinmir. Çin üçün bu, ilk hal deyil. Sonuncu dəfə 12 günlük müharibə zamanı da belə yardımlar edilmişdi. Hətta həmin prosesdən sonra İsrail danışıqlara getmişdi. Düşünürəm ki, bu dəfə də oxşar ssenari baş verə bilər”.
Turan Rzayev
Globalinfo.az