İranın hücum strategiyası: Bahalı radarlar əsas hədəf oldu

19.03.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın cavab hücumları nəticəsində Yaxın Şərqdə ABŞ və müttəfiqlərinə məxsus ən azı 10 radar obyektinin hədəfə alındığı peyk görüntüləri ilə üzə çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, "ABC News"-un peyk görüntüləri və təsdiqlənmiş videoların təhlilinə əsaslanan məlumatında bu barədə bildirilir. İran və onun dəstəklədiyi qruplar ABŞ və müttəfiqlərinin erkən xəbərdarlıq sisteminin əsasını təşkil edən raket müdafiə infrastrukturunu hədəfə alıb.

Məlumata görə, bölgədə gərginliyin artdığı 28 fevral tarixindən bu yana ABŞ və müttəfiqlərinə aid ən azı 10 radar sistemi Tehran rəhbərliyinə məxsus pilotsuz uçuş aparatları və raketlərlə vurulub.

Peyk görüntüləri bu sistemlərdə ziyan yarandığını göstərir. Bildirilir ki, nadir komponentlərdən ibarət olan və yüz milyonlarla dollar dəyərində qiymətləndirilən radar sistemlərinə zərər dəysə də, məlumatlara çıxışın məhdud olması səbəbindən ziyanın miqyası tam dəqiqləşdirilə bilmir.

Xəbərdə, həmçinin qeyd olunur ki, Yaxın Şərqdə ABŞ hərbçilərinin yerləşdiyi bazalarda logistika obyektləri, hangarlar və yanacaq anbarları da daxil olmaqla ən azı 25 nöqtənin vurulduğu təsdiqlənib.

İranın ən azı 5 ölkədə radar sistemlərini hədəf aldığı bildirilir. Bu obyektlər arasında THAAD raketdən müdafiə sistemlərini dəstəkləyən AN/TPY-2 radar komponentlərinin də olduğu qeyd edilir.

Mütəxəssislərin fikrincə, radar sistemlərinin sıradan çıxarılması raketdən müdafiə qabiliyyətini tam məhv etməsə də, sistemləri “qismən kor vəziyyətə” salır və bu da erkən xəbərdarlıq və operativ reaksiya imkanlarını zəiflədə bilər.

Eyni zamanda vurğulanır ki, radar sistemləri “bahalı, həssas, müdafiəsi çətin” obyektlərdir və bu səbəbdən İran üçün prioritet hədəflər sırasında yer alır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью