İranın müqavimət potensialı məhduddur POLİTOLOQ

23.01.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nüvə razılaşması mümkündür, raket proqramı isə uzunmüddətli problem olacaq”

Dünyada ən çox danışılan və qlobal gündəmi maraqlandıran əsas mövzulardan biri də ABŞ ilə İran arasında davam edən nüvə problemidir. Problem ABŞ-nin İranın nüvə silahı hazırlamağa cəhd etdiyini göstərən dəqiq kəşfiyyat məlumatlarına malik olduğunu, iddia etməsi ilə başladı. Xüsusilə 2006-cı il yanvarın 10-da İran prezidenti Mahmud Əhmədinejadın “İslam aləmi Mehdinin qayıdışını gözləməlidir. Onu qarşılamaq üçün Qərbin inkişaf səviyyəsinə çatmalı və dünyanı idarə etməyə hazır olmalıdır” bəyanatı İslam dünyası ilə Qərb arasında ideoloji xətti daha da kəskinləşdirdi. Artıq Qərb ölkələri də İranın nüvə proqramına sərt mövqe sərgiləməyə başladılar. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (ABEA) hesabatlarında İranın nüvə fəaliyyətlərini gec bildirməsi barədə qeydləri vəziyyəti daha da çıxılmaz vəziyyətə saldı. Uzun sürən danışıqlardan sonra 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı ABŞ də daxil olmaqla bir neçə ölkə arasında razılaşma imzalandı. Sazişə əsasən İranın nüvə obyektləri ABEA-nın ciddi nəzarəti altına keçdi. Bunun müqabilində Tehrana tətbiq olunan beynəlxalq sanksiyaların böyük hissəsi aradan qaldırıldı. Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Trampın razılaşmadan çıxması prosesdə yeni gərgin mərhələnin başlanğıcı oldu. Halbuki 2015-ci il Nüvə Sazişi dövründə ABEA İranın öhdəliklərinə əməl etdiyini rəsmi şəkildə təsdiqləmişdi. ABŞ sazişdən çıxandan sonra isə Agentlik, Tehranın uranın zənginləşdirmə səviyyəsini artırdığını açıqlayıb. Məhz bu mərhələdən etibarən ABEA-nın hesabatları ABŞ, İsrail və Qərb ölkələrinin İran üzərində siyasi təzyiq mexanizminin əsas alətlərindən birinə çevrildi. Bir sözlə, İranın nüvə proqramı ətrafında aparılan danışıqlar tərəflər arasında uzlaşma əldə olunmaması səbəbindən dalana dirənib. Ötən gün D. Trampın Tehranın danışıqlara hazır olduğunu iddia etməsinə baxmayaraq, indiyədək nəticəsiz qalan müzakirələri nəzərə alsaq, növbəti mərhələnin necə olacağı qeyri-müəyyəndir.

Mövzu ilə bağlı politoloq Zaur İbrahimli Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-nin əsas məqsədi İranı nüvə proqramından tamamilə imtina etməyə məcbur etməkdir:

“İran tərəfindən, ABŞ prezidentinə Davos formatında müəyyən görüş və müzakirələr üçün müraciət olunsa da, D.Tramp bu təklifdən imtina edib. Bununla belə, ABŞ liderinin İranla bağlı son açıqlamaları göstərir ki, siyasi dialoqdan yayınmasına baxmayaraq, diplomatik kanallar vasitəsilə təmaslar davam edir. Vaşinqtonun İranla bağlı müzakirələrdə iki əsas strateji məqsədi var. Birincisi, Tehranın nüvə proqramından tam şəkildə imtina etməsinə nail olmaq, ikincisi isə raket proqramlarının məhdudlaşdırılmasıdır. Xüsusilə raket proqramı İsrailin təhlükəsizliyi baxımından ABŞ-ni ciddi şəkildə narahat edir. Belə ki, 12 günlük müharibə zamanı İran raketlərinin effektivliyi özünü açıq şəkildə göstərdi. Tehranın arsenalındakı raketlər İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi vasitəsilə tam zərərsizləşdirilə bilmədi. Növbəti mümkün qarşıdurma şəraitində İranın raket proqramı İsrail üçün regionda ən ciddi təhlükə mənbələrindən biri olaraq qalır”. 

Politoloq hesab edir ki, İran hərbi təhdidlərin qarşısını almaq məqsədilə diplomatik danışıqları ön plana çıxarır:

“Hazırda ABŞ və İsrailin diqqət mərkəzində İranın raket potensialı dayanır. Tehran nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə hazır olduğunu nümayiş etdirir. Mövcud geosiyasi və iqtisadi şəraitdə İranın bu sahədə uzunmüddətli müqavimət göstərmək imkanları məhduddur. İstisna deyil ki, rəsmi Tehran nüvə məsələsində müəyyən kompromislərə getsin. Lakin raket proqramının məhdudlaşdırılması İran İslam Respublikasının siyasi-ideoloji yanaşmaları ilə ziddiyyət təşkil edir. Tərəflərin bu mərhələdə fərqli strateji hədəfləri mövcuddur. İran mümkün hərbi təcavüz riskindən yayınmaq üçün danışıqlara üstünlük verir. ABŞ isə birbaşa hərbi güc tətbiqində maraqlı görünmür. Bununla yanaşı, İsraili narahat edən təhlükəsizlik məsələlərinin həlli də Vaşinqtonun Yaxın Şərq siyasətində əsas prioritetlərindən biridir”.

Z.İbrahimlinin qənaətinə görə, İran meydanda tək qaldığı təqdirdə, ABŞ-İsrail cütlüyünə qarşı müqavimət göstərə bilməyəcək:

“Nüvə proqramı ilə bağlı müəyyən razılaşmanın əldə edilməsi mümkündür. Lakin raket proqramı ətrafında müzakirələr uzunmüddətli və mürəkkəb proses olacaq. Çünki İran məsələ ilə bağlı əlavə şərtlər irəli sürəcək. Buraya ona qarşı tətbiq edilmiş sanksiyaların ləğvi, eləcə də dondurulmuş maliyyə aktivlərinin geri qaytarılması tələbləri daxil edilə bilər. Prosesdə kənar oyunçuların mövqeyi də xüsusi əhəmiyyət daşıyır. İran üçün əsas tərəfdaşlar Çin və Rusiyadır. Moskva Tehranın mövqeyini əsasən pərdəarxası diplomatik müstəvidə dəstəkləyən aktor kimi çıxış edir. Əgər tərəfdaşlar İrana aktiv dəstək versələr, ölkənin müqavimət potensialı güclənə bilər. Əks halda, hərbi yardım olmadan İranın ABŞ-İsrail tandeminə qarşı uzunmüddətli müqavimət imkanları yoxdur”. 

Aybəniz Səfərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью