Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
ABŞ Dövlət Departamenti İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollara qədər mükafat elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin “Ədalət üçün mükafatlar” proqramının X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bildirilib ki, mükafat İranın nüvə alimləri, nüvə proqramında iştirak edən əməkdaşlar, texnologiyalar, imkanlar, eləcə də bu sahə ilə əlaqəli təşkilatlar və onların işçiləri haqqında məlumat təqdim edən şəxslərə verilə bilər.
Məlumatların Signal mesajlaşma tətbiqi və ya təhlükəsiz Tor bağlantısı vasitəsilə göndərilməsi təklif olunur. Məlumat verən şəxslərə pul mükafatından əlavə, ABŞ-yə köçmək üçün də yardım göstərilə biləcəyi qeyd edilib.
“Əgər İranın nüvə proqramı, aktivləri və ya onlarla əlaqəli şəxslər haqqında məlumatınız varsa, zəhmət olmasa, bizə göndərin”, – deyə bəyanatda bildirilib.
Dövlət Departamenti Vaşinqtonun Tehranın nüvə silahı əldə etmək cəhdlərinə qarşı olduğunu vurğulayıb. Həmçinin İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) qarşısındakı öhdəliklərini yerinə yetirmədiyi iddia olunub. Qeyd edilib ki, bu səbəbdən agentlik İranın nüvə istehsalı və sentrifuqalar da daxil olmaqla əsas komponentlərin ehtiyatları barədə məlumatların davamlılığını itirib.
Murad İsmayıl