İranın qonşularını təhdid etməsi onu gücləndirməz, əksinə zəiflədər ŞƏRH

26.01.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şuşa Bəyannaməsi Tehranın planlarını puça çıxarır

İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, İrana hücum olarsa müharibə sərhədləri aşacaq. V.Cəlalzadənin nəzərdə tutduğu ehtimal ABŞ-nin hücumu ilə bağlıdır.

Son günlərdə ABŞ hərbi qüvvələrinin İrana yaxınlaşması belə bir hücumun baş verəcəyinə dair ehtimalları gücləndirir. 

İranlı diplomatın mesajını şərh edən politoloq Vasif Əfəndiyev “Sherg.az”a açıqlamasında qeyd edib ki, İran Xarici İşlər Nazirinin müavininin “müharibə sərhədləri aşacaq” məzmunlu bəyanatı siyasi məsuliyyətdən uzaq olmaqla yanaşı, region üçün təhlükəli ritorikadır. Politoloq hesab edir ki, bu cür açıqlamalar diplomatiyaya deyil, qorxu üzərindən təsir mexanizminə hesablanmış klassik təzyiq metodudur:

“Hərbi baxımdan İranın əsas strategiyası birbaşa müharibədən çox, dolayı təsir, proksi qüvvələr və raket təhdidlərinə əsaslanır. Lakin müasir müharibələr göstərir ki, texnoloji üstünlük, hava hökmranlığı və koalisiya gücü ideoloji motivasiyadan qat-qat həlledicidir. İranın Azərbaycan və ya Türkiyə kimi dövlətləri hədəf alması onun üçün strateji baxımdan ölümcül səhv olardı. Çünki bu halda qarşısında tək bir ölkəni deyil, Azərbaycan–Türkiyə hərbi-siyasi ittifaqını, eyni zamanda NATO faktorunu və regional güc balansını görəcəkdir. Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş bu ittifaq artıq kağız üzərində deyil, real hərbi koordinasiya, birgə təlimlər və müdafiə doktrinası deməkdir. Belə bir bloka qarşı hərbi addım İran üçün nə qısa, nə də orta müddətdə davamlı ola bilər. İqtisadi müstəvidə isə İran onsuz da ağır sanksiyalar, zəif valyuta, yüksək inflyasiya və sosial narazılıq şəraitində yaşayır. Regional müharibə bu ölkənin enerji ixracını, ticarət yollarını və maliyyə sistemini tam iflic vəziyyətinə sala bilər. Hörmüz boğazı ətrafında yaranacaq hər hansı gərginlik beynəlxalq müdaxiləni qaçılmaz edər. Bu isə İran iqtisadiyyatının faktiki çökməsi deməkdir. Siyasi-geopolitik baxımdan da İranın qonşu ölkələrə qarşı açıq hərbi avantürası daxili etnik və sosial ziddiyyətləri kəskinləşdirər. Cənubi Azərbaycan amili, kürd bölgələri və mərkəzdənqaçma meyilləri belə bir ssenaridə sürətlə güclənə bilər. Nəticə etibarilə İranın qonşularını təhdid etməsi onu gücləndirməz, əksinə dövlət kimi zəiflədər və parçalanma riskini artırar. Reallıq budur ki, Azərbaycan və ya Türkiyəyə qarşı hər hansı hərbi müdaxilə İranın regional oyunçu statusunun sonu, siyasi nüfuzunun itirilməsi və dövlət olaraq ağır böhran mərhələsinə daxil olması ilə nəticələnə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью