Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran parlamenti Kəşfiyyat Nazirliyinin idarəetmə sistemində dəyişiklikləri nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Yeni təklif Müctəba Xameneinin nazirlik üzərində birbaşa nəzarətini gücləndirməyi nəzərdə tutur.
“Habertürk”ün məlumatına görə, qanun layihəsinə kəşfiyyat nazirinin təyin olunması üçün 43 ildir qüvvədə olan dini ictihad dərəcəsi tələbinin ləğvi təklif edilir. Bununla yanaşı, nazirlikdə iki yeni qurum - Məlumatların Mühafizəsi və Siyasi-İdeoloji İşlər Təşkilatlarının yaradılması planlaşdırılır.
Hər iki qurumun rəhbərini birbaşa Müctəba Xamenei təyin edəcək. Bu dəyişikliklər İsrail və ABŞ ilə 40 günlük müharibədən sonra İranın təhlükəsizlik sistemində aşkarlanan kəşfiyyat boşluqlarının aradan qaldırılması ilə əlaqələndirilir. Qeyd edək ki, keçmiş kəşfiyyat naziri İsmayıl Xətib 2026-cı ilin martında İsrailin hücumları nəticəsində öldürülüb. O vaxtdan nazirlik müvəqqəti rəhbərlik tərəfindən idarə olunur.
Mövzunu Sherg.az-a şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, İranda Kəşfiyyat Nazirliyinin birbaşa ali rəhbərin nəzarətinə verilməsi ölkənin təhlükəsizlik və kəşfiyyat sistemində ciddi problemlərin mövcudluğundan xəbər verir:
“Son dövrlərdə İran rəsmilərinə və yüksək rütbəli hərbçilərə qarşı həyata keçirilən sui-qəsdlər ölkənin kəşfiyyat və əks-kəşfiyyat sistemindəki zəif nöqtələri üzə çıxarıb. Görünür, İran rəhbərliyi bu problemlərin aradan qaldırılması üçün kəşfiyyat strukturları üzərində mərkəzləşdirilmiş nəzarət mexanizmini gücləndirməyə çalışır. Kəşfiyyat Nazirliyinin ali rəhbərə birbaşa tabe etdirilməsi, eyni zamanda SEPAH-ın təhlükəsizlik sistemindəki rolunun artırılması hakimiyyət daxilində nəzarət və səlahiyyət bölgüsü uğrunda mübarizə kontekstində də qiymətləndirilə bilər”.
Ekspertin sözlərinə görə, bu qərar İranın siyasi-hərbi sistemində mövcud olan struktur problemlərin və kəşfiyyat qurumları arasındakı koordinasiya çatışmazlığının aradan qaldırılmasına yönəlmiş addım kimi təqdim oluna bilər:
“Müharibə dövründə baş verən hadisələr İran rəhbərliyinə ölkənin təhlükəsizlik sistemindəki boşluqları daha aydın göstərib. Gələcəkdə Müctəba Xamnei və digər yüksək vəzifəli şəxslərə qarşı mümkün sui-qəsd cəhdlərinin qarşısının alınması da bu təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri ola bilər. Lakin struktur dəyişikliklərinin real nəticə verib-verməyəcəyi kəşfiyyat və əks-kəşfiyyat qurumlarının fəaliyyətinin nə dərəcədə təkmilləşdirilməsindən asılı olacaq. Ümumilikdə, İranın kəşfiyyat sistemində aparılan dəyişikliklər hakimiyyətin təhlükəsizlik məsələlərini daha sərt mərkəzləşdirilmiş nəzarət altında saxlamaq istəyini göstərir. Bu isə ölkənin müharibə zamanı üzə çıxan zəif nöqtələrini aradan qaldırmaq cəhdinin tərkib hissəsi kimi dəyərləndirilə bilər”.