İranın TRIPP ə təzyiqləri nəticəsiz qalacaq Politoloq

25.11.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tehran layihəni dayandıra bilməyəcək, yeni reallığa uyğunlaşmalı olacaq”

TRIPP layihəsinin praktik mərhələsinə keçilməsi Cənubi Qafqazda geosiyasi gərginliklə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ermənistan və ABŞ layihənin icrasına başlanıldığını rəsmən açıqlayıb. Bu proses Tehranda ciddi narahatlıq doğurub.

İranın ali liderinin müşaviri Məhəmməd Müxbir bölgədə ölkəsinin geosiyasi maraqlarının pozulmasına imkan verməyəcəklərini bəyan edib. O, TRIPP-i “saxta marşrut” adlandıraraq bu cür layihələrin mövcud dəhlizləri əvəz edə bilməyəcəyini vurğulayıb. Müxbir hətta Hörmüz boğazını misal çəkərək tərəflərə xəbərdarlıq edib. Onun açıqlamaları İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini bir daha gündəmə gətirməklə yanaşı, TRIPP-in regiondakı siyasi münasibətlərə və gələcək geosiyasi proseslərə mümkün təsiri ətrafında suallar yaradıb.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, TRIPP layihəsi İranın regional geosiyasi və tranzit maraqlarına təsir göstərir:

"TRIPP layihəsi istiqamətində praktiki fəaliyyətə başlanılması Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsində yeni mərhələnin əsasını qoyur. Noyabrın 7-də Azərbaycan, Ermənistan və ABŞ arasında üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması, eləcə də dünəndən etibarən Ermənistan tərəfindən layihə üzrə hazırlıq işlərinə start verilməsi təşəbbüsün artıq siyasi bəyanatlar səviyyəsindən konkret icra müstəvisinə keçdiyini göstərir. Bu proses, təbii ki, regionda öz strateji maraqlarını qorumağa çalışan İranın diqqətindən kənarda qala bilməz.

Tehranın narahatlığının arxasında bir neçə mühüm geosiyasi amil dayanır. İlk növbədə, İran TRIPP vasitəsilə Cənubi Qafqazda ABŞ-ın iqtisadi və siyasi iştirakının genişlənməsini özünün regional təhlükəsizlik maraqları baxımından həssas məsələ hesab edir. Digər tərəfdən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə formalaşacaq yeni nəqliyyat bağlantısı İranın indiyədək malik olduğu tranzit imkanlarına və regional logistika sistemindəki mövqeyinə müəyyən təsir göstərə bilər. Tehran xüsusilə Ermənistan-İran sərhədi yaxınlığında xarici hərbi və təhlükəsizlik qüvvələrinin mümkün mövcudluğunu qəbuledilməz hesab edir.

Bununla belə, İranın etirazlarının layihənin reallaşmasına mane olacağını düşünmək üçün ciddi əsaslar yoxdur. Əksinə, prosesin artıq institusional və praktiki mərhələyə keçməsi onun geri dönüşü çətin olan siyasi-iqtisadi reallığa çevrilməkdə olduğunu göstərir. ABŞ-ın birbaşa iştirakı, Ermənistanın layihəyə siyasi və hüquqi öhdəliklər çərçivəsində yanaşması, Azərbaycanın isə nəqliyyat bağlantısının açılmasında maraqlı olması TRIPP-in davam etdirilməsi üçün mühüm amillərdir. Hətta İranın diplomatik və iqtisadi təzyiqləri nəticəsində müəyyən ləngimələr, əlavə danışıqlar və texniki çətinliklər yaransa belə, bunların layihənin bütövlükdə dayandırılmasına gətirib çıxaracağı inandırıcı görünmür".

Politoloqun fikrincə, İranın təzyiqləri TRIPP-in reallaşmasının qarşısını almaq iqtidarında olmayacaq:

"İran əlində olan müəyyən təzyiq rıçaqlarından istifadə edə bilər. Yəni Tehran Ermənistanla iqtisadi münasibətlər, enerji əməkdaşlığı, diplomatik kanallar və regional təhlükəsizlik məsələləri vasitəsilə İrəvanın qərarlarına təsir göstərməyə çalışa bilər. Bu, xüsusilə layihənin təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi, xarici operatorların fəaliyyəti və sərhəd infrastrukturunun idarə olunması məsələlərində özünü göstərə bilər.

Lakin burada mühüm məqam ondan ibarətdir ki, Ermənistan da İranın narahatlıqlarını nəzərə almaq üçün müəyyən təminatlar verməyə çalışır və artıq bu istiqamətdə bəyanatlar səsləndirib. Rəsmi İrəvan layihənin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyəcəyini, ölkənin öz ərazisində bütün suveren səlahiyyətlərini qoruyacağını bəyan edir. Bu təminatlar Tehranın mövqeyinin yumşaldılması üçün müəyyən imkanlar yaradır.

Ümumiyyətlə, indiki şərtlər daxilində İranın etirazları icra prosesinin sürətinə bu və ya digər şəkildə təsir göstərsə də, prosesi tamamilə dayandırmaq imkanında deyil. Layihənin siyasi dayaqları və beynəlxalq iştirakçıların maraqları artıq kifayət qədər formalaşıb. Buna görə də Tehran üçün daha real seçim prosesi dayandırmağa çalışmaqdan çox, yaranan yeni nəqliyyat və iqtisadi reallıqlara uyğunlaşmaq, öz maraqlarını bu sistem daxilində qorumaqdır. Başqa sözlə, İranın təzyiqləri TRIPP-in reallaşmasının qarşısını almaq iqtidarında olmayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью