İranın TRIPP tələbi: Paşinyan hansı yolu seçəcək?

09.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın TRIPP layihəsinin təhlükəsizliyi ilə bağlı irəli sürdüyü tələb layihənin icrası ətrafında yeni suallar yaradıb. Məlumata görə, Tehran təhlükəsizliyin Ermənistan qüvvələri və ya artıq Ermənistanda yerləşən üçüncü ölkənin qüvvələri tərəfindən təmin edilməsini istəyir.
İranın bu tələbi TRIPP layihəsinin gələcək icrasına necə təsir edə bilər və Paşinyan həm İranın, həm də ABŞ-nin maraqlarını nəzərə alaraq hansı mövqeni seçə bilər?
Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı son mövqeyi, əlbəttə ki, gözlənilən idi.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı mövzu gündəmə gələndən bəri İran bu və ya digər formada məsələnin həllinə mane olmağa çalışır:
“Burada bölgəyə üçüncü tərəflərin gəlməsi fikrinin səsləndirilməsi, əlbəttə ki, müəyyən qədər bəhanə xarakteri daşıyır. Belə ki, İran əslində istəyir ki, bu dəhliz Ermənistan ərazisindən keçməklə onun ərazisi ilə əlaqələndirilsin və İran burada həm geostrateji, geosiyasi, həm də geoiqtisadi maraqlarını təmin etsin. Həm ciddi maliyyə gəlirləri və vəsait əldə etsin, həm də bundan siyasi təsir mexanizmi kimi istifadə edərək Azərbaycanı və Türkiyəni, necə deyərlər, balanslaşdırsın və onların güclənməsinə mane olsun.
Son təklifə gəldikdə, bu, o deməkdir ki, İran Zəngəzur dəhlizində ya Ermənistanın layihənin təhlükəsizliyini təmin etməsini istəyir, ya da bunun Rusiya tərəfindən həyata keçirilməsində maraqlı olduğunu nümayiş etdirir.
Bütün hallarda düşünürəm ki, İranın nə istəməsindən asılı olmayaraq, artıq bu proses gedir və ABŞ ilə Ermənistan arasında bu istiqamətdə anlaşmalar əldə olunub. Maliyyə vəsaitlərinin ayrılması, texniki və maliyyə məsələləri ilə yanaşı, siyasi-hüquqi məsələlər də öz həllini tapıb. Son mərhələlər artıq yaxınlaşır və ilin sonuna, yaxud gələn ilin əvvəlinə sadə fiziki işlərin görülməsi ilə bağlı proseslərə start verilməsi gözlənilir.
Bu baxımdan, İranın bu prosesə mane olmaq imkanları kifayət qədər azdır. Belə ki, Zəngəzur dəhlizi ilə bağlı layihə böyük olduğuna və beynəlxalq güclərin marağında olduğuna görə İranın təkbaşına buna mane olmaq imkanları məhduddur.
Paşinyanın mövqeyinə gəldikdə isə, Türkiyə ilə bağlı o, əslində öz mövqeyini müəyyən edib. O, artıq ötən il avqustun 8-də ABŞ ilə bu istiqamətdə anlaşma əldə edib və qeyd etdiyimiz kimi, proseslər irəliyə doğru aparılır.
Son olaraq, Ermənistan, diqqət etdinizsə, Zəngəzur dəhlizində Qazaxıstan və Qırğızıstana da müəyyən imkanlar təklif etməklə onları bu prosesə cəlb etmək istəyir. Yəni Paşinyanın siyasəti ondan ibarətdir ki, Zəngəzur dəhlizinə digər neytral ölkələrin də cəlb olunmasını təmin etməklə riskləri azaltmağa və təhlükəsizlik təminatlarını gücləndirməyə çalışır”, - deyə Oqtay Qasımov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью