İranın vasitəçi ölkə ilə ABŞ a mesaj göndərməsi barədə iddialar yalandır Xamenei

28.11.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslam İnqilabının Lideri Ayətullah Seyyid Əli Xamenei bu axşam İran xalqına etdiyi müraciətdə ölkədə, regionda və dünyada baş verən hadisələri dəyərləndirib.

Bizimyol.info xəbər verir ki, Ayətullah Xamenei çıxışının əvvəlində Xalq Səfərbərlik Qüvvələrinin (Bəsic) müxtəlif sahələrdəki fəaliyyətlərini yüksək qiymətləndirərək, bəsici cəmiyyətdə böyük və dəyərli bir potensial adlandırıb.

Dini lider ölkədə və regionda baş verən son hadisələrə toxunaraq: “12 günlük müharibədə İran xalqı həm ABŞ-ı, həm də sionistləri qəti şəkildə məğlub etdi. Gəldilər, fitnə törətmək istədilər, amma zərbə alıb əliboş geri döndülər. Həqiqi məğlubiyyət budur. Bəli, pislik etdilər, amma heç bir hədəflərinə çata bilmədilər. Deyilənlərə görə, sionist rejim bu müharibə üçün iyirmi il plan qurmuşdu: İranda savaş yaratmaq, xalqı təhrik etmək, sistemi zəiflətmək üçün illərlə hazırlıq aparılmışdı. Lakin heç nə əldə edə bilmədilər və əksinə hər şey onların əleyhinə işlədi. Hətta sistemdən uzaq olanlar belə sistemin yanında dayandılar, ölkədə ümumi bir birlik yarandı. Bu birlik çox dəyərli bir haldır və qorunmalıdır”, - deyib.

Ayətullah Xamenei sözlərinə belə davam edib: “Bu 12 günlük müharibədə ABŞ da ağır zərbə aldı — həm də çox ağır. Hücum və müdafiədə ən son, ən inkişaf etmiş silahlarını işə saldı: sualtı qayıqlarını, döyüş təyyarələrini, ən müasir müdafiə sistemlərini… Amma yenə də istəyinə nail ola bilmədi. ABŞ İran xalqını aldadıb öz ardınca aparmaq istəyirdi, amma tam əksi baş verdi. Dediyim kimi, İran xalqı ABŞ-a qarşı daha da sıx birləşdi və düşməni tam şəkildə uğursuzluğa düçar etdi”.

“ABŞ-ın müdaxilə etdiyi hər yerdə ya müharibə başlayır, ya soyqırım, ya da dağıntı və kütləvi köç yaşanır. Bunlar ABŞ müdaxiləsinin nəticələridir. Ukraynada dağıdıcı müharibəni də ABŞ başladı, amma hədəfinə çata bilmədi. Hazırkı ABŞ Prezidenti problemi üç günə həll edəcəyini deyirdi, indi isə bir ilə yaxındır ki, həmin ölkəyə 28 maddəlik planı zorla qəbul etdirməyə çalışır. Bu ölkəni müharibəyə sürükləyən ABŞ idi”, - deyə Ayətullah Xamenei qeyd edib.

Ayətullah Xamenei yayılan iddialara münasibət bildirərək deyib: “İndi belə şayiələr yayırlar ki, guya İran hökuməti vasitəçi bir ölkə ilə ABŞ-a mesaj göndərib. Bu tamamilə yalandır. Belə bir şey əsla olmayıb”.

“ABŞ öz dostlarına belə xəyanət edir. Sionist cinayətkar şəbəkəni dəstəkləyirlər. Neft və yeraltı sərvətlər naminə dünyanın hər yerində müharibə çıxarırlar — bu gün bu siyasət hətta Amerika qitəsinə qədər uzanıb. Belə bir dövlətlə İslam Respublikasının əlaqə qurması və ya əməkdaşlıq etməsi mümkün deyil və qətiyyən qəbulolunmazdır”, - deyə o, əlavə edib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью