İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? ŞƏRH

24.11.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Ermənistan və ABŞ-nin TRİPP layihəsinin praktiki mərhələsinə start verildiyini rəsmən elan etməsi İranın narazılığına səbəb olub. 

Avtosfer.az xəbər verir ki, İranın ali liderinin müşaviri Məhəmməd Müxbir TRİPP layihəsinin İranın geosiyasi maraqlarına zidd olduğunu bildirərək, bu maraqların pozulmasına icazə verməyəcəklərini bəyan edib. O, həmçinin Hörmüz boğazını nümunə göstərərək, saxta marşrutların heç vaxt real dəhlizləri əvəz edə bilməyəcəyini vurğulayıb. Bəs İranın TRİPP layihəsinə qarşı sərt mövqeyinin arxasında hansı maraqlar dayanır və bu bəyanatlar gələcəkdə Azərbaycanla münasibətlərdə yeni gərginliyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, İranın Zəngəzur dəhlizinə əvvəlki dövrdəki yanaşması bir neçə amillə şərtlənirdi:


"İlk növbədə, onlar nəzərə alırdılar ki, bu layihə Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin birbaşa nəticəsidir. Söhbət təkcə Qarabağın konstitusion nəzarətə qaytarılmasından deyil, həm də tarixi ərazilərin sanki yenidən bütövləşməsindən gedir. Torpaqların toplanması anlayışı mövcuddur. İndiki halda əcdadlarımızın sanki ayaq izləri ilə Azərbaycan dövlətinin yürütdüyü siyasət vahid bir xətdə, idealda, amalda birləşir. Ali Baş Komandan özünün bir çox çıxışlarında bəyan eləyir ki, biz Qarabağ və Şərqi Zəngəzur arealını Qərbi Zəngəzur coğrafiyası ilə vahid bir harmoniyada inkişaf etdirəcəyik. Biz qəti şəkildə ərazi iddiası ilə indiki halda danışmırıq. Söhbət Naxçıvanla quru yolla birləşmədən sonrakı dövrün iqtisadiyyat, nəqliyyat, logistika və həmin ərazilər boyunca yaranacaq yeni iş yerləri baxımından başa düşülməsindən gedir. İran hesab edir ki, Azərbaycan öz qələbəsinin coğrafiyasını genişləndirir və bu coğrafiya ölkə sərhədlərindən kənara çıxır. İranın mühafizəkar dini dairələrinin, islahatçıların və inqilab keşikçilərinin baxışına görə, bu gələcəkdə Azərbaycanın digər tarixi torpaqlar məsələsini də gündəmə gətirə və Cənubi Azərbaycan məsələsini siyasi müzakirəyə çıxara biləcəyi ehtimalını yaradır. Ermənistanla İran arasındakı 22,5 km-lik sərhədin bağlanması İranın Qafqazdan çıxmasına və ya bu bölgədəki mövqeyini itirməsinə gətirib çıxara bilər. Onlar Qafqazı həyati əhəmiyyət daşıyan bölgə hesab edirlər. Xüsusilə də türk hökmdarlarının hakimiyyətdə olduğu dövrlərdə bu region həmişə onun nüfuz dairəsində olub. İndi isə düşünürlər ki, bu məkandan məhrum edilə bilərlər. Zəngəzur dəhlizi beynəlxalq legitimlik qazandı. O təkcə bir ifadə deyil, həm də strateji layihə kimi Amerika Birləşmiş Ştatlarının diqqətini və investisiyasını cəlb etdi. 2025-ci il avqustun 8-də bununla bağlı üçtərəfli sənəd imzalandı. Donald Trampın bilavasitə müraciəti ilə layihənin texniki mərhələdən real icra səviyyəsinə keçirilməsi istiqamətində addımlar atıldı. İran üçüncü təhlükəni özü üçün qəbul edir ki, Hörmüzlə paralel bu strateji dəhlizdən Amerikanın nüfuz qazanması və mövqelərini gücləndirməsi, onun mühasirəyə alınması, əsas dəhlizləri itirməsi və bu başqa güclərin mövqe qazanması demək olar". 
Deputat qeyd edib ki, mahiyyət etibarilə bu Azərbaycanın yeni qazandığı geosiyasi status deməkdir:
"Son 200 il ərzində Kürəkçay, Gülüstan, Türkmənçay, Moskva və Qars müqavilələri silsiləsində ölkəmiz öz taleyini heç vaxt liderlərimizin və xalqımızın iradəsi ilə müəyyənləşdirə bilməyib. Prezident İlham Əliyevin gücü, qətiyyəti və proseslərə strateji baxışı bizə bu istiqamətdə mühüm addımlar atmaq imkanı verir. Ona görə də İranın Zəngəzur və ya TRİPP layihəsinə münasibəti bu məsələni geosiyasi münaqişə səviyyəsinə çatdırmağa yönəlmiş bir yanaşmadır. Bu müddət ərzində İrəvana təzyiqləri davamlı olaraq artıb və sərhəddə yeni keçid məntəqələri qururlar. Bütün vasitələrlə çalışırlar ki, Azərbaycan Naxçıvana məhz İran ərazisindən keçməklə getsin. Azərbaycanın Zəngəzur yolu ilə birbaşa əlaqə qurması isə onların maraqlarına zərbə vurur. ABŞ-nin regionda iqtisadi investisiyalarla iştirakı İranın nəzərində gələcəkdə hərbi müstəvidə də özünü göstərə bilər. Halbuki Azərbaycan heç zaman beynəlxalq toqquşmaların mərkəzində olmaq istəməyib. İranın etirazları nəticə verməyəcək və onların təxribatları yalnız özlərinə zərər vuracaq. Ermənistanın da İrandan üz döndərməsi halında İranın Qafqazla münasibətləri daha da gərginləşəcək. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti daha da artıb. Çünki qlobal blokada və sanksiyalar nəticəsində keçmiş imperiya mərkəzləri olan bu dövlətlər xarici iqtisadi və ticarət əlaqələrini daha çox Azərbaycan üzərindən qurmağa çalışırlar. TRİPP artıq reallıqdır. İran müqavimət göstərsə də, proses irəliləyəcək və marşrut açılacaq. Kommunikasiyaların tam işləməsi və qlobal layihələrə qoşulması, xüsusilə də Orta Dəhlizin fəaliyyətə başlaması nəticəsində İran da gələcəkdə bu prosesə qarşı mövqedən çıxış etmək əvəzinə, ona qoşulmağa üstünlük verə bilər. Bu prosesləri vaxtilə Yeltsin dövründə Rusiya hakimiyyətinin Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ceyhan layihələrinə qarşı çıxması, hətta diversiya və terror aktları törətməsi ilə eyni qiymətləndirirəm. Ancaq nəticədə bütün bu layihələr gerçəkləşdi. Biz də proseslərə bu prizmadan yanaşmalıyıq. sağ olun. Üzrlü sayın, sizin zənginiz iki yerə bölməyə səbəb oldu. Ancaq əminəm ki, onu birləşdirəcəksiniz və sistemdə çoxlu pulsuz proqramlar var internetdə, onu tez səsi yazı dilinə çevirir. Sadəcə ayrı-ayrı sözləri bəzən yanlış oxuyur. Siz də maşallah qoçaqsınız, onu yerinə qoyub tez də mətni verə biləcəksiniz".
İqtisadçı Fuad İbrahimovun fikrincə isə, postpandemiya dövrü dünya iqtisadiyyatının parametrlərində müəyyən dəyişikliklər aparıb:


"Bu gün istər enerji təhlükəsizliyini təmin etmiş, istərsə də müxtəlif yol-nəqliyyat infrastrukturlarına, xüsusilə tranzit dəhlizlərinə çıxışı və imkanı olan dövlətlər regionda iqtisadi baxımdan ən əlverişli vəziyyətdədir və hətta lider mövqelərində qərarlaşırlar. Azərbaycan istər enerji təhlükəsizliyi, istərsə də nəqliyyat, logistika, tranzit məkanları baxımından kifayət qədər əlverişli vəziyyətdədir. Zamanında gördüyümüz tədbirlər bizi daha da əlverişli vəziyyətə gətirib çıxarıb. Bakı-Tbilisi-Qars dəmir yolu və TRACECA layihəsi üzərində işlənərkən, mərhum Heydər Əliyev hələ 1990-cı illərin sonlarında İpək Yolu ideyasını gündəmə gətirmişdi. Çinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü də eyni coğrafi məkanı əhatə edir. Bu gün isə geosiyasi vəziyyət nəticəsində həm şimal, həm də cənub marşrutlarında Şərqlə Qərb arasında nəqliyyat əlaqələri ciddi məhdudiyyətlərlə üzləşir. Dünyada sabitlik olsa belə, İpək Yolu və ya Orta Dəhlizin əhəmiyyəti dəyişməz. Mən iqtisadçı kimi onu həmişə Azərbaycan dəhlizi adlandırıram. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu gündəmdə olmasaydı, icra mexanizmi hazırlanmasaydı, tikilib istifadəyə verilməsəydi, bu prosesin həyata keçirilməsi hələ uzun illər müzakirə mövzusu olacaqdı".
İqtisadçı əlavə edib ki, biz artıq Orta Dəhlizin iqtisadi səmərəliliyini müəyyən etmişik:
"TRİPP, yəni Zəngəzur dəhlizi də iqtisadi baxımdan Bakı-Tbilisi-Qars marşrutundan geri qalmır, əksinə, daha əlverişlidir. Azərbaycanla Ermənistan arasında münasibətlərdə gərginlik olmasaydı, bu məsələlər çoxdan həllini tapar və TRİPP adlanan marşrut ən əlverişli dəhlizlərdən birinə çevrilərdi. Şərqlə Qərb arasındakı ticarət dövriyyəsinin həcmi o qədər böyükdür ki, istər İran dəhlizindən, istər TRİPP-dən, istərsə də Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Qars marşrutundan istifadə edilsin, bütün bu istiqamətlər üzrə yükdaşımalar üçün kifayət qədər böyük tələbat mövcuddur. Proseslər mütləq şəkildə şaxələnməyə doğru getməlidir. Müəyyən hab və depolar, saxlama anbarları yaranmalıdır ki, bunun öhdəsindən gəlmək mümkün olsun. Söhbət təkcə Çinlə Avropa arasındakı ticarətdən getmir. Çinlə Yaxın Şərq, Türkiyə ilə Orta Asiya, Orta Asiya ilə Avropa, eləcə də Avropa ilə digər Avrasiya ölkələri arasındakı iqtisadi əlaqələrdən gedir. Orta Dəhliz özündə Bakı-Tbilisi-Qars marşrutunu, TRİPP-i və İranın şimalından, Azərbaycan ərazisindən keçəcək üçüncü marşrutu da birləşdirə bilər. Şərti olaraq bunu Zəngəzur-2 və ya TRİPP-2 adlandırmaq olar. Bütün bu marşrutlar iqtisadi baxımdan əlverişli və böyük gəlir gətirmək potensialına malikdir. Ermənistan avtomatik sürətdə bütün bu danışıqlara və bütün o beynəlxalq tranzit sürətli yük daşıma sisteminə qoşulmalıdır. Yəni burda qeyri-şərtsiz proses gedəcəkdir. Onlar bu sistemlərə qoşulur və tranzit yüklərin sürətli daşınmasını təmin etmək üçün müxtəlif maneələrin aradan qaldırılmasını, imtiyazlı rejimi və sürəti nəzərdə tutan bütün protokollara qoşulurlar. TRİPP digər dəhlizlərlə müqayisədə, xüsusilə də Orta Dəhlizin şaxələnən marşrutları arasında ən əlverişli istiqamətlərdən biridir. Dəhlizin iqtisadi cəlbediciliyi və yükdaşımaların həcmi artmaqda davam edəcək. Dəhliz üzərində yerləşən digər ölkələr də tam icra mexanizmi formalaşdıqdan sonra mərhələli şəkildə bu prosesə qoşulacaqlar. Çünki Orta Dəhliz Şərqlə Qərbi birləşdirir. Azərbaycan Şimal-Cənub istiqamətində də mühüm kəsişmə nöqtəsidir və daşımaların müddəti baxımından əlverişli imkanlar yaradır. Bu vəziyyət qiymətlərin formalaşması prosesində və ticarət dövriyyəsinin mövsümi tələbatının ödənilməsində dünya ticarəti üçün mühüm əhəmiyyət kəsb edir. Qiymətəmələgəlmə prosesi həm iqtisadiyyat, həm daşımalar, həm də ticarət dövriyyəsindəki maraqlar baxımından vacib göstəricilərdən biridir".
Politoloq Tofiq Zülfüqarov vurğulayıb ki, əgər bu İranın siyasi mövqeyidirsə, Ermənistan və ABŞ buna cavab olaraq bildirə bilərlər ki, məsələ İranın ərazisinə aid deyil və İranın, yaxud onun nümayəndələrinin bu barədə mövqe bildirməsi təəccüb doğurur:


"Təhdidlərə gəlincə, İran müxtəlif ünvanlara qarşı dəfələrlə belə bəyanatlar səsləndirib. Lakin bu təhdidləri ciddi qəbul etmək üçün kifayət qədər əsas görünmür. Bu bəyanat Ermənistana və ABŞ-yə aiddir. Amma Azərbaycanın mövqeyinə gəldikcə isə bizim mövqeyimiz bəllidir. Azərbaycanın bolşeviklər tərəfindən qeyri-qanuni şəkildə iki hissəyə bölünməsi ölkəmiz tərəfindən həmişə tənqid olunub. Azərbaycanın iki hissəsi arasında nəqliyyat və təhlükəsizlik kommunikasiyalarının yaradılması Ermənistan-Azərbaycan münaqişəsinin həllinin əsas hədəflərindən, həmçinin sülh gündəliyinin başlıca məsələlərindən biridir. İranın belə bir mövqe sərgiləməsi təəccüb və təəssüf doğurur".

Züleyxa Allahverdiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью