İranla bağlı iki ssenari mövcuddur: ABŞ bu halda geri çəkiləcək MÜSAHİBƏ

04.02.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- İran ətrafında yaşanan gərginlik, ABŞ-nin mümkün müdaxiləsi və ən pis ssenarilər ətrafında fərqli fikirlər səslənir. İlkin proqnozlar nədən ibarətdir? Proseslərin bura qədər inkişafı nə ilə nəticələnə bilər?

- Prezident Donald Trampın hakimiyyəti dövründə ABŞ-nin xarici siyasəti ilə bağlı qərar qəbul etmə mexanizmləri onun özündən əvvəlki liderlərdən fərqlənir. Bunlar standart qərar qəbuletmə mexanizmləri deyil. Ona görə də bu hamı üçün problem yaradır. Yəni, Prezident Tramp bir sıra hallarda kəskin ritorik fəndlərdən istifadə edib, daha sonra geri çəkilə bilir. Misal üçün, Qrenlandiya ilə bağlı olan məsələdə Davos Forumuna kimi Tramp kəskin fikirlər səsləndirirdi, sərt ritorikadan istifadə edirdi. Amma Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra bu iddiaların hamısı faktiki olaraq sıradan çıxmış oldu. Eyni zamanda İrandakı etirazlar zamanı bir sıra hallarda ABŞ Prezidenti tərəfindən sərt ritorikadan istifadə olundu. Hətta “kömək yoldadır, gəlir kimi” ifadələr səsləndi. Daha sonra isə bu proses demək olar ki, gündəlikdən çıxdı. Ona görə də, Prezident Trampın əvvəlki dediklərindən fərqli olaraq sərt ritorika hər bir halda hərbi əməliyyatlar demək deyil. Buna baxmayaraq, sərt ritorikanın da heç nə olmayacaq anlamına gəlməsi mənasında qəbul etmək doğru deyil. ABŞ hazırda İran ətrafında kifayət qədər hərbi qüvvə toplayıb. Burada da əsas məqsəd diplomatik masa ətrafında İrana ciddi siyasi təsir göstərməkdir. ABŞ ilə İran arasında qapalı qapılar arxasında siyasət daima mövcud olub. İndiki şəraitdə də diplomatik fəaliyyətin olduğu müşahidə edilir. İran daxilində buna reaksiya verən qruplar da var. Buna baxmayaraq, bu diplomatik xətt həmişə aktiv olaraq qalır. Əgər, hər hansı bir hərbi müdaxilə olarsa, bunun tam miqyaslı hərbi əməliyyatlar olma ehtimalı kifayət qədər azdır. Amma İrana nöqtə zərbələrinin olması ehtimalı kifayət qədər yüksəkdir. Ona görə də bu istiqamətdə hücumun reallığı ilə bağlı olan məqamlarda bunların hamısı nəzərə alınmalıdır. Bu xüsusda Prezident Trampın ABŞ daxilindən baş verən proseslər onun qərarlarına daha çox təsir edəcək. Çünki ABŞ daxilində onun hər hansı hərbi əməliyyatda iştirak etməsini arzulamayan kifayət qədər təsir və maraq qrupları var.

- ABŞ-nin İrana hərbi müdaxiləsi region üçün nə vəd edir? Cənubi Qafqazda bu hansı dəyişikliklərə səbəb ola bilər?

- Atılan addımların Cənubi Qafqaza və regiona olan təsirləri barədə isə yanaşmalar birmənalıdır. İran qonşuluğunda olan ölkələrin heç biri burada hərbi əməliyyatların olmasını arzulamır. İranla faktiki olaraq, bu ölkələrin müəyyən problemləri var. Çünki İran keçmişdə özünü elə formada aparıb ki, nəticədə bütün qonşuları ilə problemlər yaşayıb. Amma buna baxmayaraq, qonşular böyük coğrafiyada İran kimi güc mərkəzinin sıradan çıxmasına qarşıdır. Belə olan halda hamının yadına İraq ssenarisi düşür. İraqda güc mərkəzi sıradan çıxdıqdan sonra bu qonşu ölkələr üçün ciddi problemlər yaratdı. Ona görə də eyni ssenarinin İranda təkrarlanmasını arzulayan qonşu dövlət mövcud deyil. Eyni zamanda Cənubi Qafqaz, xüsusən də Azərbaycan 2020-ci il II Qarabağ müharibəsindən sonra bölgədə sabitliyin olmasını arzulayır.

Rusiya, Türkiyə-Suriya, ABŞ-İran münasibətlərində baş verən proseslər göstərir ki, region hələ də aktiv fazadadır. Bu mənada nəinki Cənubi Qafqaz, ümumiyyətlə İranla qonşu olan ölkələr məsələlərin hərbi müdaxilə olmadan, tədricən dəyişikliklər formasında olmasını arzulayır.

- Bunun fonunda ən pis ssenari nədən ibarətdir?

- Bununla bağlı ssenarilər çoxdur. Mümkündür ki, Prezident Trampın təzyiq mexanizmi işə yarasın və danışıqlar masasında daha çox nailiyyət əldə edə bilsin. Buna nail olmaq üçün hazırda təzyiq mexanizmlərindən istifadə edilir. Amma bir müddətdən sonra o geri çəkilə də bilər. Həmçinin vaxtaşırı olaraq bu cür gərginlik formalaşdırmaqla İranın daxilində olan qüvvələri hərəkətə gətirməklə anti-ABŞ tərəfdarlarını da zəiflətmək niyyəti var. İranın daxilində etiraz potensialını aktiv saxlamaqdan ötəri vaxtaşırı olaraq onun su və quru sərhədlərinə ordu toplaya bilər. Bu baxımdan burada planlaşdırılan ssenarilərin olması da mümkündür. Çünki Trampa daha çox təsir olan zaman o geri çəkilir. İndiki şəraitdə Tramp Türkiyə rəhbərliyi ilə daha sıx təmasdadır. Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə böyük hörməti var. Artıq qısa zamanda Türkiyə və ABŞ liderləri arasında bu mövzu ilə bağlı danışıqlar aparılıb. Bütün bunların hamısı isə ABŞ-nin qərarlarına təsir göstərə bilər.

- ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi təqdirdə hansı ssenarilər işə düşəcək?

- Əslində, bu ən az ehtimal edilən bir ssenaridir. İranın coğrafi, demoqrafik ölçüləri kifayət qədər iridir. Çünki son 30 ildə ABŞ-nin hərbi ssenarilərində İran qədər böyük ölkə olmayıb. Amerikanın bu dövrdə hərbi müdaxilə etdiyi ölkələrdən Livanı götürsək, o İran ərazisindən dörd dəfə kiçikdir. İraqla bağlı da məsələlər tamam fərqli idi. Ona görə də burada İrana qarşı tam miqyaslı hərbi əməliyyatlar ssenarisi istisna edilir. Amma nöqtə zərbələrinin olması ehtimalı daha yüksəkdir. Bu isə İran daxilində proseslərin fərqli istiqamətlərdə inkişafı üçün domino effekti yarada bilər. Ölkənin təhlükəsizliyinə cavabdeh olan SEPAH zəifləyə, seçilmiş Prezident Məsud Pezeşkian isə öz imkanlarını artıra bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью