İranla müharibə 6 aydır bitmir

27.08.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

İranla müharibə dalana dirənib: 6 aydır davam edən qarşıdurma bahalı çıxmaza çevrilib

İran ətrafında qarşıdurma altı aydır davam etsə də, tərəflər hələ də həlledici üstünlük əldə edə bilməyib. İsrail və ABŞ-nin genişmiqyaslı zərbələrinə, o cümlədən İranın ali rəhbərinin öldürülməsinə baxmayaraq, Tehran hakimiyyəti ölkə üzərində nəzarəti qoruyub saxlayır və böhranın ən ağır mərhələsini keçirməyə ümid edir.

Reutres-in məlumatına görə, qarşıdurma hazırda İran üçün getdikcə daha ağır və baha başa gələn iqtisadi təzyiq mərhələsinə daxil olub. ABŞ Prezidenti Donald Trampın administrasiyası Tehranın neft gəlirlərini və beynəlxalq maliyyə kanallarına çıxışını məhdudlaşdırmaqla İranı ticarət və maliyyə baxımından təcrid etməyə çalışır.

ABŞ-nin maliyyə naziri Skott Bessent İrana xarici valyuta axınının qarşısının alınacağını, bunun üçün dəniz blokadası imkanlarından da istifadə ediləcəyini bildirib. Bununla belə, ekspertlər hesab edirlər ki, uzun illərdir sanksiyalardan yayınmaq təcrübəsi qazanan İran mövcud təzyiqə müəyyən müddət davam gətirməyə hazırlaşır.

Vaşinqton Çin və Hindistana qarşı sanksiya tətbiq edəcək?

Mövcud vəziyyətdə əsas məsələlərdən biri ABŞ-nin İranın əsas ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edib-etməyəcəyidir. Söhbət ilk növbədə Çin və Hindistandan gedir.

Ekspertlərin fikrincə, Vaşinqton bu addımı atarsa, Tehran regionda qeyri-ənənəvi və asimmetrik cavab tədbirlərini gücləndirə bilər.

İranın təzyiqi Fars körfəzindəki dəniz marşrutlarına və enerji obyektlərinə yönəltməsi ehtimal edilir. Bu isə regiondakı neft infrastrukturu və beynəlxalq gəmiçilik üçün yeni təhlükələr yarada bilər.

İranda inflyasiya 66 faizə çatıb

Müharibə və iqtisadi təzyiq İranın daxili vəziyyətinə də ciddi təsir göstərir. İyul ayında ölkədə illik inflyasiya 66 faizə çatıb, ərzaq məhsullarının qiyməti isə bir il ərzində iki dəfədən çox artıb.

İran Prezidenti Məsud Pezeşkian ölkədə iqtisadi böhranın dərinləşdiyini və dövlət gəlirlərinin azaldığını etiraf edib.

Sosial-iqtisadi vəziyyətin pisləşməsi hakimiyyəti mümkün yeni etiraz dalğası ilə bağlı da narahat edir. Əhalinin həyat səviyyəsinin daha da aşağı düşəcəyi təqdirdə, ölkədə etirazların yenidən genişlənməsi ehtimalı artır.

Kütləvi iğtişaşların qarşısını almaq üçün Tehran daxili nəzarəti sərtləşdirir. Hakimiyyət bu məqsədlə İran İnqilab Keşikçiləri Korpusunun hərbiləşdirilmiş bölmələrinə də arxalanır.

Hörmüz boğazı yenidən risk altındadır

Fars körfəzi ölkələri də münaqişənin uzanmasını ciddi narahatlıqla izləyir. Əsas təhlükələrdən biri Hörmüz boğazında gəmiçiliyin pozulması və ya boğazın blokadaya alınmasıdır.

Dünya üzrə neft daşımalarının mühüm hissəsi məhz bu strateji su yolundan keçir. Hörmüz boğazında hər hansı ciddi problem dünya enerji bazarında yeni qiymət şokuna səbəb ola bilər.

Hazırda tərəflər arasında diplomatik həllə yaxınlaşma əlaməti görünmür. ABŞ və İran əsas məsələlərdə bir-birinə zidd mövqelərini qoruyur.

Beləliklə, altı ay davam edən qarşıdurma hələlik hərbi və siyasi nəticə verməyən, lakin tərəflər və region üçün getdikcə daha baha başa gələn uzunmüddətli çıxmaza çevrilib.

N.Talıblı

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью