Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“İran Ermənistan və Türkiyə arasında sərhədin açılmasının tərəfdarıdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami jurnalistlərə belə deyib.
“Türkiyə bizim mühüm qonşumuzdur və bu ölkə ilə Ermənistanla olduğu kimi eyni tarixi əlaqələrə malikik. Biz Türkiyə ilə artıq təxminən 500 ildir bir-birimizə qarşı müharibə etməmişik və toqquşmamışıq.
Mühüm iqtisadi əlaqələrimiz var, insanlar arasında təmaslar fəal şəkildə inkişaf edir, yüksək səviyyəli siyasi münasibətlər də müsbət istiqamətdə inkişaf edir.
Həm Ermənistanla, həm də Türkiyə ilə yaxşı münasibətlərimizin olduğunu nəzərə alsaq, İrəvan və Ankara arasında münasibətlərin tam tənzimlənməsində müsbət rol oynaya bilərik.
Əlbəttə ki, Ermənistanın və erməni xalqının milli maraqlarını əsas götürməklə. Belə ki, ölkələr arasında bərabər hüquqlara əsaslanan, qarşılıqlı hörmətə söykənən münasibətlər formalaşsın və iki ölkənin iqtisadi maraqları təmin olunsun”, - deyə səfir qeyd edib. .
Şirqolami əlavə edib ki, TRIPP layihəsi üzrə əsas müzakirələr Ermənistan hökuməti ilə aparılır.
“Çünki Ermənistan İran üçün dost ölkədir və Tehran onunla daim əlaqədədir, həmçinin ona görə ki, bu layihə Ermənistan ərazisində həyata keçiriləcək.
Əlbəttə, biz digər ölkələrin, xüsusilə Türkiyənin fikrini də dinləyirik. Lakin bu məsələdə bizim əsas həmsöhbətimiz Ermənistandır.
Əgər blokdan çıxarma hərtərəfli və çoxtərəfli olarsa, belə ki, Ermənistan Fars körfəzi ilə əlaqəyə malik olsun, İran isə Qara dənizlə, bu, bütün ölkələrə fayda gətirəcək”, - deyə diplomat bildirib.
İran səfirinin açıqlaması ilk baxışdan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına və qarşılıqlı əməkdaşlığın bərpasına dəstək təsiri bağışlasa da əslində, onun gerçək niyyəti başqadır.
Yəni Azərbaycana və Türkiyəyə münasibətdə ermənidən daha çox erməniçilik edən Xəlil Şirqolami daha çox Ermənistanın maraqlarından çıxış edir.
Açıqlamasının baş cümləsində dostluqdan, sülhdən və regional əməkdaşlıqdan danışan İran səfiri budaq cümləsində sözünə düşəliş edərək Ermənistanın və erməni xalqının milli maraqlarının əsas götürülməsini təklif edir.
Xəlil Şirqolami dolayısı ilə Türkiyəni Ermənistanla sərhədləri qeyd-şərtsiz, yəni Azərbaycanla sülhü müqaviləsini gözləmədən açmağa çağırır. Halbuki, Şirqolamiyə bu səlahiyyəti heç kim verməyib.
Digər tərəfdən, İran səfiri Türkiyə ilə sərhədlərin bağlı qalması məsələsini təsadüfən gündəmə gətirmir. Bununla da Şirqolami ermənilərə Ermənistanı guya blokadada saxlayan tərəf olduğuna dair mesaj verir.
Xəlil Şirqolami Ermənistanın blokadadan çıxması üçün nə Türkiyə ilə sərhədlərin açılmasına, nə də TRIPP layihəsinə ehtiyac olmadığına eyham vurur.
Belə ki, səfir Ermənistanın Fars Körfəzinə, İranın isə Qara dənizə çıxışını nəzərdə tutan və rəsmi Tehran tərəfindən irəli sürülmüş nəqliyyat dəhlizi layihəsini yeganə çıxış yolu olduğunu nümayiş etdirməyə çalışır.
Bununla da İran həm Türkiyədən və Süveyş kanalından asılılığını azaltmaq və Avropaya alternativ ticarət dəhlizi yaratmaq istəyir. Ermənistanı bu layihəyə qoşmaqla İran həm Zəngəzur dəhlizinin reallaşmasına, eyni zamanda, Türkiyənin Cənubi Qafqaza çıxışına mane olmaq niyyəti güdür.
Lakin İranın Bəndər-Abbas limanından Poti limanına ticarət marşrutuna dair təklifi ideya olaraq qalır.
Çünki zəruri olan infrastrukturun inşasını maliyyələşdirilməsinə nə xarici şirkətlər, nə də Ermənistan və Gürcüstan ciddi maraq göstərir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: Türkiyə Xəlil Şirqolami
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin