Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü qonağı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu olub.
Partiya sədri İran səfirliyinin Azərbaycan əleyhinə son bəyanatı və cənub qonşumuzda cərəyan edən proseslərlə bağlı sualları cavablandırıb:
- Sərdar bəy, İran səfirliyi bəyanat yayıb ki, Azərbaycan dövləti Fələstin torpaqlarını tutan İsrailin xarici işlər nazirinə Bakıda mətbuat konfransında Tehran əleyhinə bəyanatlar səsləndirməyə şərait yaradıb. Halbuki 2009-cu ildə İranın paytaxtında keçmiş erməni prezidenti, Xocalı qatili Sərkisyan Azərbaycana qarşı fikirlər səsləndirib və islam respublikası buna imkan yaradıb. İndi səfirlik nə dərəcədə haqlıdır?
- Əvvəla İranın ixtiyarı yoxdur ki, Azərbaycanın daxili işlərinə qarışsın. İran gedib öz daxili problemləri ilə məşğul olmalıdır. Fələstin məsələsi isə Azərbaycanın xarici siyasətini müəyyən etmir və bu anklavın problemi, dövlət qurmaq məsələsi həllini tapmayıb. Bu gün ərəb ölkələrinin vermədiyi dəstəyi Azərbaycan Fələstinə verir və İsraillə də normal əlaqələr saxlayır. Buna görə də bizə kimsə irad tuta bilməz və iranlılar da Azərbaycana heç nə deyə bilməzlər. İkincisi, iranlılar da gəlib Bakıda İsrail əleyhinə bəyanatlar veriblər və verə də bilərlər. Əgər biz onların ağzını bağlasaq, onda Azərbaycana irad tuta bilərlər. Elə İsrailin xarici işlər nazirindən əvvəl İranın xarici işlər nazirinin müavini Bakıda bəyanat verdi. Hətta təhdid etdi ki, müharibə başlasa, İranın sərhədlərini aşacaq. Halbuki bu təhdid Azərbaycana idi, ancaq ona heç kim bir söz demədi. Odur ki, İran bizim daxili işlərimizə qarışmamalıdır və fikir bildirə bilməzlər.
- Müharibə demişkən, İrana hərbi müdaxilə nə qədər real görünür, yoxsa hazırda hibrid və əsəb savaşı getməkdədir?
- ABŞ Tehrana 4 əsas şərtini açıqladı. Əgər həmin tələblər yerinə yetirilərsə, Birləşmiş Ştatların İrana hərbi müdaxiləsi olmayacaq. Hətta Tramp bəyan edib ki, bu şərtləri icra etdikdən sonra ölkəsi İranla dost olacaq. Şərtlər də beynəlxalq ictimaiyyətə məlumdur – İran nüvə materiallarını ABŞ-a təhvil verməli, Yaxın Şərqdəki proksi qüvvələrə və Çinə dəstəkdən imtina etməli, Vaşinqtonla razılaşdırılmış bir siyasət yürütməlidir. Əgər bu şərtlərlə razı olmasa, İrana nöqtəvi və ya genişmiqyaslı atəş açılması ola bilər.
- Yeri gəlmişkən, Ankaranın rəsmi qəzet olan "Türkiye Gazetesi"nin məlumatına görə, ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi qaçqın axınına səbəb ola bilər. Buna görə də Türkiyə İrandan qaçqın axını ilə bağlı ssenariyə hazırlaşır. Əgər belə bir vəziyyət yaranarsa, bizim güneyli soydaşlarımızı qarşılamağa potensialımız varmı?
- Azərbaycan dövləti və xalqı güneydən qaçqın axınına hazırdır. Təbii ki, çətindir, böyük yükdür, amma hər kəs bir güneyli ailəni öz evində qəbul etməyə, bölüşməyə hazırdır. Onlar bizim qardaşlarımızdır və belə bir şərait yaranarsa, qapılarımızı üzlərinə açmalıyıq. Dövlətin isə uzağı 100-200 min qaçqın qəbul etməyə gücü var. Çünki bizim daxili qaçqın problemimiz qalır. İndiyə qədər azad olunan ərazilərə 26-30 min insan qayıdıb. Ona görə İrandan qaçqın axını olarsa, altından çıxa bilmərik.