Icma.az bildirir, Ses qazeti portalına istinadən.
İran üzrə ekspert İrina Fyodorova "Moskva-Bak"u portalına verdiyi müsahibədə İranla ABŞ arasındakı mövcud vəziyyəti, eləcə də Azərbaycanla Rusiyanın bu sahədə gərginliyin azaldılmasına mümkün töhfələrini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- İrina Yevgenyevna, Donald Trampın ilk prezidentliyindən bəri İranın onun üçün xüsusi prioritet olduğu məlumdur və bu, Amerika liderinin ikinci müddətində də özünü göstərir. Mövcud vəziyyəti və onun perspektivlərini necə görürsünüz?
- Həqiqətən də, İrana müxtəlif istiqamətlərdən yenidən güclü təzyiq var. Tramp Tehranı nüvə sazişini imzalamağa məcbur etmək üçün İran sahillərinə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən ibarət bir armada göndərib. Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ixtisaslaşmış təyyarəsinin aşkarlandığı barədə məlumatlar var ki, bu da Vaşinqtonun İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşdığını göstərə bilər. Təyyarənin avadanlığı o qədər həssasdır ki, yeraltı nüvə partlayışlarının izlərini aşkar edə və bununla da nüvə obyektlərini müəyyən edə bilər. Eyni zamanda, İrana və İran neftinin idxalçılarına güclü iqtisadi təzyiq göstərilir.
Eyni zamanda, Donald Tramp İranla davam edən danışıqları elan etdi. Danışıqlara ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və İranın xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir. Cümə günü İstanbulda yeni danışıqlar raundu planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Vaşinqton və Tehranın mövqeləri bir-birinə ziddir. ABŞ İranın nüvə proqramının tamamilə ləğvində və İslam Respublikasında 300 km-dən artıq mənzili olan raketlərin sayının azaldılmasında israr edir ki, bu da İranın İsrailə zərbə endirməsinin qarşısını alacaq. İslam Respublikasının razılaşmağa hazır olduğu yeganə şey nüvə zənginləşdirməsini 3 faizə endirməkdir. İran daim ABŞ ilə danışıqların bərabər, qarşılıqlı hörmət və hər iki tərəfin maraqlarını nəzərə almalı olduğunu vurğulayır.
Bu baxımdan, İstanbulda keçiriləcək ABŞ-İran danışıqlarında əhəmiyyətli irəliləyiş ehtimalı görmürəm. Çox güman ki, ssenari tərəflər arasında ortaq məxrəc axtarmaq üçün uzun danışıqlardan ibarətdir. Və bu danışıqlar ABŞ-ın İrana daha bir zərbə endirməyəcəyi anlamına gəlməyəcək. Əgər belə etsələr, ötən il 12 günlük müharibə zamanı olduğu kimi, hədəfə zərbələr endiriləcək. Zərbələr yenidən nüvə obyektlərini, İİKK obyektlərini və ya İranın Ali Lideri Ayətullah Əli Xameneinin nəzəri olaraq yerləşə biləcəyi yeri hədəf ala bilər.
Tramp qlobal müharibə başlatmaq istəmir. O, Amerikanın İrandakı məqsədlərinə çatmaq istəyir, amma bunu diqqətlə və müxtəlif üsullarla edəcək. ABŞ, xüsusən də İsrail İranda rejim dəyişikliyində maraqlıdır. Onlar hesab edirlər ki, İrana zərbələr İslam Respublikasında daha geniş etirazlara səbəb ola bilər ki, bu da potensial olaraq rejim dəyişikliyinə səbəb ola bilər.
Bu fonda Fars körfəzi və ərəb ölkələri İrana zərbələrin regiondakı vəziyyəti gərginləşdirməkdə maraqlı deyil və İran ətrafında gərginliyi azaltmaq üçün vasitəçi kimi çıxış etməyə çalışırlar. Heç kim bölgədə hərbi əməliyyatların artması istəmir. Müharibə neft ixrac edən ölkələr üçün çox əhəmiyyətli olan Hörmüz boğazında gəmiçiliyi pozacaq. Bundan əlavə, İran çətin vəziyyətə düşərsə, bütün qüvvələrini Fars körfəzinin ərəb dövlətlərindəki Amerika hərbi bazalarına zərbə endirmək üçün istifadə edəcək. Təbii ki, Fars körfəzi ölkələrinin buna ehtiyacı yoxdur. İranda baş verən hər hansı bir böyük qeyri-sabitlik bu ölkələr üçün arzuolunmazdır, çünki bu, İslam Respublikasının sərhədlərindən kənara çıxa bilər. Bu, ilk növbədə kürdlərə və onların yaşadığı ərazilərə təsir edəcək. İrandan başqa, İraq və Türkiyə də var; qeyri-sabitlik bu ölkələrdə də başlaya bilər.
İran ətrafında hərbi eskalasiyanın qarşısının alınacağını demək çətindir. Bir çox ekspert ABŞ-ın İrana yeni zərbələrinin baş verəcəyi ehtimalını 75% qiymətləndirir.
- ABŞ prezidenti İranı niyə təhdid kimi görür? Trampın mövqeyi onun İsrailə yaxınlığına əsaslanırmı?
- Bəli, İsrail İranı təhdid kimi görür. ABŞ, Tramp administrasiyası dövründə İsraillə daha çox həmrəydir. Onlar İranda rejim dəyişikliyini və yeni rejimin ABŞ-ın bölgədəki maraqlarına tam tabe olmasını istəyirlər.
Tramp üçün İrana qarşı uğur ABŞ-da onun təsdiq reytinqini artırmağa da kömək edəcək. Amma düşünürəm ki, ABŞ-da bir çoxları, xüsusən də ABŞ hərbi rəhbərliyi, tez bir zamanda uğurların əldə olunmayacağını başa düşür. Amerikalıların İslam Respublikasına qarşı zərbələri təxirə salmasının səbəbi, çox güman ki, budur.
- Bu yaxınlarda Azərbaycan Prezidenti ilə iranlı həmkarı arasında telefon danışığı olub və İlham Əliyev İran ətrafındakı gərginliyin aradan qaldırılmasına töhfə verməyi təklif edib. Bu töhfə nəyi əhatə edə bilər?
- Azərbaycan bu yaxınlarda heç bir halda öz ərazisinin və ya hava məkanının İrana qarşı zərbələr üçün istifadəsinə icazə verməyəcəyini bəyan etdi. Azərbaycanın qapısının ağzında müharibəyə ehtiyacı yoxdur. Və o, həmişə, mümkün olduqda, İranla münasibətləri yaxşılaşdırmağa və sabitliyi təmin etməyə çalışır. Son günlərdə Azərbaycan və İran hökumətlərinin nümayəndələri arasında intensiv telefon əlaqələri müşahidə edirik. Tərəflər vəziyyətlə bağlı fikirlərini eyniləşdirməyə çalışırlar. Bəlkə də, Tramp dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin yaxşılaşması, eləcə də Azərbaycanla İsrail arasında yaxşı münasibətlər nəzərə alınmaqla, Bakı gərginliyin azaldılmasına az da olsa töhfə verə bilər. Prezidentlər Pezeşkian və Əliyev yaxşı münasibətlər qurublar.
Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Rusiya da bu istiqamətdə fəal şəkildə çalışırlar. Rusiya ilə İranın yaxşı münasibətləri var. Biz ABŞ ilə də münasibətləri yaxşılaşdırmağa çalışırıq. Moskva artıq vəziyyətlə bağlı vasitəçi kimi çıxış etməyi təklif edib. Qeyd etmək lazımdır ki, Vladimir Putin həm İran, həm də İsrail rəhbərliyi ilə telefon danışıqları aparıb. Aydındır ki, regionda gərginliyin azaldılması məsələləri müzakirə olunub. Rusiya həmçinin zənginləşdirilmiş uranın saxlanması üçün İslam Respublikasından öz ərazisinə daşınmasını təklif edib.
Bundan əlavə, Rusiya xarici işlər naziri Sergey Lavrovun vurğuladığı kimi, Rusiya ilə İran arasında hərbi-texniki və digər əməkdaşlıq davam edir ki, bu da hər iki tərəf üçün vacibdir.
Bundan əlavə, bizi daha geniş nəqliyyat şəbəkəsinin qurulmasının bir hissəsi olaraq Cənubi Qafqaz və Xəzər regionu üçün digər məsələlərlə yanaşı, vacib olan Şimal-Cənub strateji nəqliyyat və logistika layihəsi birləşdirir.
Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, Rusiya-Azərbaycan-İran formatı bir neçə il əvvəl yaranıb və hətta üç ölkənin liderləri görüşmüşdülər. Təəssüf ki, format müxtəlif sahələrdə kifayət qədər inkişaf etdirilməyib və potensialını tam şəkildə reallaşdırmayıb. Lakin, 2025-ci ildə nümayiş etdirildiyi kimi, nəqliyyat, logistika və enerji üzrə üçtərəfli formatda müxtəlif dərəcələrdə müntəzəm olaraq qarşılıqlı əlaqədə olmağa davam edirik.
Tərcümə - Elçin Bayramlı