Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanın bölgəyə təsirini artırmasının arxasında hansı maraqlar dayanır?
İrəvan və Dehli Ermənistanda “Pinaka Mk-II” reaktiv mərmilərinin istehsalının və yığılmasının təşkili imkanlarını müzakirə edirlər. Bu barədə Hindistanın hərbi xəbərlər üzrə ixtisaslaşmış “IDRW” (Indian Defence Research Wing) portalı məlumat yayıb.
Portalın məlumatına görə, tərəflər razılığa gələ bilsələr, bu, iki dövlət arasında müdafiə-sənaye əlaqələrinin inkişafına ciddi təkan verə və Ermənistanın artilleriya potensialının artdığı bir vaxtda döyüş sursatının daha sabit tədarükünü təmin etməyə kömək edə bilər.
Qeyd edilir ki, Ermənistan artıq Hindistan istehsalı olan idarəolunan “Pinaka Mk-II” raketlərini, eləcə də artırılmış mənzilli idarəolunmayan “Pinaka” raketlərini silahlanmasına qəbul edib. Lakin Ermənistanda mümkün yerli istehsal proqramının məhz hansı modifikasiyaya əsaslanacağı hələlik məlum deyil.
Hesab olunur ki, yerli istehsala can atılması qismən müasir reaktiv artilleriya müharibəsinin xüsusiyyətləri ilə bağlıdır. “Pinaka” kimi sistemlər uzunmüddətli döyüş əməliyyatları zamanı böyük miqdarda döyüş sursatı sərf edə bilər. Belə şəraitdə onların yerli səviyyədə yığılması və istehsalı ehtiyatların təmin olunması və ölkənin daimi idxaldan asılılığının azaldılması baxımından xüsusilə faydalı ola bilər. “Potensial razılaşma çərçivəsində Hindistanın dövlətə məxsus müdafiə müəssisəsi və ya Hindistan müdafiə sənayesinin digər strukturu texnoloji dəstək göstərə, istehsal prosesinin qurulmasına və erməni personalının hazırlanmasına yardım edə bilər”, – deyə portal yazır. O da bildirilir ki, istehsalın mərhələli şəkildə qurulması mümkündür. Mənbələr bildirirlər ki, ilkin mərhələdə Ermənistan Hindistandan komponent və materiallar almağa, daha sonra isə yerli istehsalın payını tədricən artırmağa ümid edə bilər.
İstehsalın konkret modeli, raketin modifikasiyası və texnologiyaların ötürülməsi şərtləri hələ müəyyən edilməyib. Yekun razılaşma barədə hələlik məlumat verilməyib və Ermənistanda istehsalın miqyası tərəflər arasında aparılan danışıqlardan asılı olacaq. “Bununla belə, danışıqlar uğurla nəticələnərsə, Ermənistan “Pinaka” ailəsi üçün mühüm xarici istehsal tərəfdaşına çevrilə, Hindistan isə müdafiə ixracının inkişafı üçün daha bir istiqamət əldə edə bilər. Bu halda söhbət hazır sistemlərin tədarükündən yerli istehsala keçiddən gedəcək”, – deyə yazıda bildirilir.
İdxaldan yerli istehsala
Qeyd edək ki, Ermənistan İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Hindistandan “Pinaka” reaktiv yaylım atəş sistemləri, “ATAGS” haubitsaları, “Akash” zenit-raket kompleksləri, eləcə də “Swathi” radarları alıb. İndi isə məsələnin diqqətçəkən tərəfi təkcə Ermənistana Hindistan silahlarının satılması ilə bağlı deyil. Söhbət tədarükçü ilə alıcı arasındakı münasibətlərin yeni mərhələyə keçməsindən – Ermənistan ərazisində Hindistan mənşəli hərbi məhsulların istehsalı və yığılması imkanlarının müzakirəsindən gedir. Bu isə artıq sadə silah alışından daha geniş məna daşıyır. Çünki hərbi texnikanın ölkəyə gətirilməsi ilə onun istehsal zəncirinin həmin ölkədə formalaşdırılması arasında ciddi fərq var.
Ölkənin son illərdə müdafiə siyasətində diqqətçəkən istiqamətlərdən biri xaricdən silah və hərbi texnika alınmasının artırılması ilə yanaşı, daxildə müdafiə sənayesi imkanlarının genişləndirilməsinə cəhd göstərilməsidir. İrəvan uzun müddət ordusunun əsas silah təminatında Rusiyadan asılı olub. Lakin son illərdə bu model sürətlə dəyişməyə başlayıb. Ermənistan müxtəlif ölkələrlə hərbi-texniki əlaqələri genişləndirir və Hindistan bu prosesdə əsas tərəfdaşlardan birinə çevrilir.
“Pinaka”nın mümkün şəkildə Ermənistanda istehsal olunması barədə müzakirələr də məhz bu baxımdan diqqət çəkir. Əgər belə bir layihə reallaşarsa, Ermənistan hazır silah sistemlərini idxal edən ölkə statusundan tədricən onların müəyyən hissəsini öz ərazisində istehsal edən tərəfə keçmək imkanı əldə edər. Bu, uzunmüddətli perspektivdə Ermənistanın müdafiə sənayesinin formalaşdırılması cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər.
Ordunun yenidən qurulması
Bu proses Ermənistanın ordu quruculuğundakı daha geniş dəyişikliklər fonunda baş verir. Rəsmi İrəvan son illərdə ordunun silahlanmasını yeniləməyə, müxtəlif ölkələrdən hərbi texnika almağa və yeni müdafiə tərəfdaşları formalaşdırmağa çalışır. Hindistanla əməkdaşlıq da bu siyasətin mühüm istiqamətlərindəndir.
“Pinaka”nın mümkün yerli istehsalı isə ayrıca əhəmiyyət daşıyır. Reaktiv yaylım atəş sistemlərinin effektivliyi yalnız texniki imkanlarla deyil, onların sursatla davamlı təminatı ilə də bağlıdır. Buna görə sursat istehsalının və yığımının Ermənistan ərazisində təşkili ordunun uzunmüddətli döyüş imkanlarını artıra bilər.
Burada məsələ yalnız yeni silahların alınmasından getmir. Söhbət texniki xidmət, ehtiyat hissələri, sursat təminatı və kadr hazırlığını əhatə edən daha geniş hərbi imkanların formalaşdırılmasından gedir. Hindistanla mümkün istehsal əməkdaşlığı bu zəncirin müəyyən hissəsini Ermənistan ərazisinə gətirə bilər. Deməli, İrəvan xarici silah idxalı ilə yanaşı, müdafiə sənayesinin yerli imkanlarını genişləndirməyə və ordu quruculuğunu daha uzunmüddətli əsasda gücləndirməyə çalışır.
Güc balansı dəyişməyəcək
Təbii ki, bütün bunların ölkəmiz üçün də birbaşa hərbi-siyasi əhəmiyyəti var. Ermənistanın hərbi potensialının hansı istiqamətdə yeniləndiyi və hansı ölkələrin bu prosesdə iştirak etdiyi Bakıda diqqətlə izlənilir. Söhbət təkcə konkret silah sistemindən getmir. Burada daha mühüm məsələ Ermənistanın hərbi imkanlarının bərpası və genişləndirilməsi üçün xarici dəstəyin davamlı xarakter almasıdır.
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq Ermənistanı ordusunun strukturunu və silahlanmasını yenidən nəzərdən keçirməyə vadar edib. İrəvan da öz növbəsində müdafiə qabiliyyətinin artırılmasını prioritet kimi təqdim edir. Bunun üçün müxtəlif ölkələrlə hərbi əməkdaşlıq qurulur. Hindistanın bu prosesdəki çəkisinin artması isə Cənubi Qafqazdakı hərbi mənzərəyə yeni element əlavə edir.
Azərbaycanın üstün hərbi imkanları və 2020-ci il müharibəsindən sonra formalaşmış yeni reallıq fonunda İrəvanın belə addımları regionda hərbi balans məsələsini yenidən gündəmə gətirir. Hərçənd, yeni silahlanmanın güc balansını dəyişməyəcəyi aydındır. Bakı üçün əsas məsələ isə təbii olaraq Ermənistanın hansı ölkədən silah almasından daha çox, həmin silahlanmanın gələcəkdə regional sabitliyə necə təsir göstərə biləcəyidir.
Dehli İrəvanla niyə yaxınlaşır?
Məsələnin digər tərəfi isə Hindistanın öz maraqları ilə bağlıdır. Dehlinin Ermənistanla hərbi əməkdaşlığının sürətlə genişlənməsi yalnız İrəvanın silah ehtiyacları ilə izah edilə bilməz. Hindistan son illərdə müdafiə sənayesini inkişaf etdirməyə və silah ixracını artırmağa çalışır. Bu baxımdan Ermənistan Dehli üçün həm mühüm satış bazarı, həm də müdafiə məhsullarının xarici bazarlara çıxarılması baxımından tərəfdaşdır.
Şübhəsiz ki, proses geosiyasi tərəflərdən də xali deyil. Hindistan Azərbaycan, Türkiyə və Pakistan arasındakı yaxın münasibətləri diqqətlə izləyir. Xüsusən Pakistanın Azərbaycan və Türkiyə ilə hərbi-siyasi əlaqələrinin dərinləşməsi Dehlinin regional hesablamalarında mühüm amildir. Hindistanla Pakistan arasındakı uzunmüddətli qarşıdurma da bu amili daha əhəmiyyətli edir. Belə şəraitdə Ermənistan Hindistanın Cənubi Qafqazda mövqelərini gücləndirə biləcəyi tərəfdaşlardan birinə çevrilir. Dehli bununla həm silah ixracı üçün yeni bazar qazanır, həm də regiondakı siyasi və strateji əlaqələrini genişləndirir. İrəvan üçün isə Hindistanla əməkdaşlıq təhlükəsizlik tərəfdaşlıqlarını şaxələndirmək və əvvəlki asılılığı azaltmaq imkanı yaradır.
Yeni əməkdaşlıq, yoxsa yeni qarşıdurma xətti?
Nəticə etibarilə, Ermənistanda “Pinaka” istehsalının mümkün təşkili barədə müzakirə ilk baxışda texniki məsələ təsiri bağışlasa da, əslində Ermənistanın müdafiə sənayesinin formalaşdırılması və ordunun xarici mənbələr hesabına yenidən silahlandırılması prosesinin bir hissəsidir. Layihə reallaşarsa, İrəvan yalnız əlavə silah deyil, müəyyən istehsal və yığım imkanları, texniki biliklər və daha sabit sursat təminatı əldə edə bilər. Hindistan isə müdafiə ixracında hazır məhsul tədarükündən xaricdə istehsal modelinə keçid üçün yeni imkan qazanacaq.
Lakin Cənubi Qafqazda mürəkkəb geosiyasi şəraitdə hərbi əməkdaşlığın genişlənməsi yeni rəqabət xətləri də yarada bilər. Ermənistanın hərbi imkanlarının artmasının nəticəsi yalnız silahların texniki göstəriciləri ilə deyil, onların hansı məqsədlərə xidmət edəcəyi və regional proseslərə necə təsir göstərəcəyi ilə müəyyənləşəcək.
Azərbaycan üçün isə əsas məsələ bu prosesin regionda sülh və təhlükəsizlik mühitinə təsiridir. Hindistan–Ermənistan əməkdaşlığı artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, Azərbaycan–Ermənistan əlaqələri, Türkiyə və Pakistan amili, Dehlinin regional maraqları, Ermənistanın müdafiə sənayesi və TRIPP kimi geosiyasi layihələrlə birlikdə nəzərdən keçirilməlidir. “Pinaka”nın Ermənistanda istehsalına dair danışıqların nəticəsi də məhz bu geniş mənzərənin bir hissəsi kimi qiymətləndirilməlidir.
Səxavət HƏMİD
XQ