İrəvan “hərbi güc” düşüncəsindən uzaqlaşa bilmir

23.01.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyasını göndərib. Bu barədə “The Hindu Business Line” qəzeti bildirib. Nəşr qeyd edib ki, İrəvan əvvəllər Yeni Dehli ilə idarə olunan raketlər və digər müdafiə avadanlıqları da daxil olmaqla 4 “Pinaka” MLRS batareyasının tədarükü üçün 240 milyon dollarlıq müqavilə imzalayıb. “Pinaka” batareyalarının tədarükü 2023-cü ilin iyul ayında başlayıb və 2024-cü ilin noyabr ayında sona çatıb. İki dövlət arasında silah müqavilələrinin ümumi dəyəri 600 milyon dollardır.

Ermənistanın son illər həyata keçirdiyi silahlanma siyasəti, xüsusilə Hindistandan “Pinaka” idarə olunan raket sistemləri, ATAGS haubitsaları, tank əleyhinə raketlər və antidron vasitələrinin alınması Cənubi Qafqazda təhlükəsizlik balansı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Lakin bu prosesin mahiyyətinə dərindən baxdıqda aydın olur ki, sözügedən silahlanma nə real hərbi üstünlük yaradır, nə də Azərbaycan üçün sistemli və davamlı təhlükə formalaşdırır. Ermənistanın həyata keçirdiyi militarizm daha çox siyasi görüntü, psixoloji təsir və daxili auditoriyaya hesablanmış mesajlar üzərində qurulub.

Çünki Azərbaycan Ordusu regionda yalnız say və texnika baxımından deyil, həm də döyüş hazırlığı, komanda-idarəetmə çevikliyi və real müharibə təcrübəsinə görə ən güclülərdən biridir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi müasir döyüş konsepsiyasının Cənubi Qafqaz şəraitində necə tətbiq oluna biləcəyini açıq şəkildə nümayiş etdirdi. Bu müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli zərbə vasitələri, operativ kəşfiyyat və artilleriya sistemlərini vahid əməliyyat mexanizmi çərçivəsində əlaqələndirərək düşmənin müdafiə xəttini qısa müddətdə çökdürdü. Ermənistanın uzun illər ərzində topladığı, böyük maliyyə vəsaiti xərclədiyi silah arsenalı isə faktiki olaraq səmərəsiz oldu və qısa müddət ərzində sıradan çıxarıldı.

Bu təcrübə bir daha göstərdi ki, müasir müharibədə qalibiyyət silahların sayı və nominal gücü ilə deyil, onların tətbiq fəlsəfəsi ilə müəyyən olunur. Ermənistan ordusu klassik, köhnəlmiş hərbi düşüncə tərzindən kənara çıxa bilmədiyi halda, Azərbaycan Ordusu çevik, texnologiyaya əsaslanan və real vaxt rejimində qərar qəbul etməyə imkan verən döyüş modelinə keçid edib. Bu baxımdan, Ermənistanın Hindistandan aldığı “Pinaka” və digər sistemlər texniki baxımdan müəyyən yeniliklər daşısa da, onların effektiv tətbiqi üçün zəruri olan infrastruktur, koordinasiya və döyüş təcrübəsi mövcud deyil.

Bundan əlavə, Ermənistanın hərbi-sənaye bazasının zəifliyi və texniki xidmət imkanlarının məhdudluğu alınan silahların uzunmüddətli dövrdə döyüş qabiliyyətini ciddi şəkildə şübhə altına alır. Silahların alınması ilə onların effektiv istifadəsi arasında böyük fərq mövcuddur. Logistika, ehtiyat hissələri, kadr hazırlığı və əməliyyat uyğunluğu olmadan istənilən müasir silah sistemi yalnız formal üstünlük yarada bilər. Azərbaycan isə bu sahədə sistemli yanaşma nümayiş etdirir və silahlanmanı ordu quruculuğunun yalnız bir elementi kimi qiymətləndirir.

Azərbaycan müharibədən sonra da hərbi islahatları ardıcıl şəkildə davam etdirir. Ordunun peşəkarlıq səviyyəsinin artırılması, zabit və əsgər heyətin hazırlığının təkmilləşdirilməsi, birgə təlimlərin keçirilməsi və müasir döyüş doktrinalarına uyğun struktur dəyişiklikləri bu prosesin əsas tərkib hissələridir. Eyni zamanda, yeni texnologiyaların, o cümlədən süni intellekt elementləri, elektron müharibə vasitələri və şəbəkə əsaslı idarəetmə sistemlərinin tətbiqi istiqamətində addımlar atılır. Bu isə Azərbaycan Ordusunun yalnız bugünkü deyil, gələcək münaqişə ssenarilərinə də hazır olduğunu göstərir.

Ermənistanın silahlanma siyasətinin digər mühüm tərəfi onun psixoloji və siyasi xarakter daşımasıdır. Daxili auditoriyaya ünvanlanan bu siyasət hakimiyyətin təhlükəsizlik sahəsində “fəaliyyət göstərdiyi” görüntüsünü yaratmaq məqsədi daşıyır. Cəmiyyətdəki narazılıqlar, ordunun zəif döyüş ruhu və uzunmüddətli məğlubiyyət sindromu bu cür silah tədarükləri ilə kompensasiya edilməyə çalışılır. Lakin real hərbi potensial baxımından bu addımlar vəziyyəti dəyişmir və regionda mövcud güc balansına təsir göstərmir.

Eyni zamanda, Ermənistanın müxtəlif ölkələrdən silah almağa çalışması onun strateji müttəfiqləri ilə münasibətlərində yaranmış etimadsızlığın da göstəricisidir. Bu isə vahid hərbi doktrina və uzunmüddətli təhlükəsizlik strategiyasının olmamasına işarə edir. Parçalanmış silahlanma modeli isə müasir döyüş şəraitində effektivlik deyil, əksinə, əlavə risklər yaradır.

Sülh prosesinə təsir baxımından Ermənistanın silahlanması yalnız dolayısı ilə əhəmiyyət kəsb edir. Xarici tədarüklər bəzi hallarda beynəlxalq forumlarda diplomatik təzyiq vasitəsi kimi istifadə oluna bilər, amma Azərbaycan buna effektiv cavab verir və mövqeyini qoruyur. Bir reaktiv-artilleriya divizionunun tədarükü regionda güc balansını dəyişdirmir və Azərbaycanın hərbi üstünlüyünü saxlamasına mane olmur.

Bununla bağlı politoloq Elməddin Behbud XQ-yə bildirdi ki, Yeni Dehlinin özü dünyada ən çox silah alan ölkələrdən biridir: “Hindistanda hərbi istehsalın artmasına baxmayaraq, Rusiya, Fransa və ABŞ texnologiyalarından asılıdır. Son illərdə Hindistan dünya səviyyəsində ən çox silah alan ölkələrdən biri olaraq diqqət çəkir. Ölkənin hərbi sənayesi sürətlə inkişaf etsə də, istehsal olunan silahlar hələ də müasir döyüş standartlarına cavab vermir. Hindistanın raket və artilleriya sistemləri, əməliyyat etibarlılığı və texnoloji yenilik baxımından beynəlxalq rəqiblərdən geri qalır. Azərbaycanın son müharibədə istifadə etdiyi İsrail, Türkiyə və Rusiya istehsalı olan müasir silah sistemləri ilə müqayisədə, Hindistan istehsalı olan silahların real döyüş şəraitində səmərəliliyi məhduddur.

Buna baxmayaraq, Hindistan zəif inkişaf etmiş ölkələrə silah ixracını genişləndirir və bunun üçün ənənəvi müştərilərini – əsasən Rusiyanı – hədəf alan ucuz kredit mexanizmlərindən istifadə edir. Ermənistan da bu ixrac bazarının alıcılarındandır. Bu tendensiya regionda yeni hərbi resursların əldə olunması baxımından müəyyən qeyri-müəyyənlik yarada bilər”.

Azərbaycan üçün real və sistemli hərbi təhlükənin olmadığını deyən politoloq müasir hərbi üstünlüyün yalnız texniki imkanlarla deyil, strateji baxış, əməliyyat çevikliyi və real döyüş təcrübəsi ilə ölçüldüyünü vurğuladı: “Bu parametrlər üzrə Azərbaycan açıq üstünlüyə malikdir. Əhəmiyyətli olan amil silahların sayı deyil, onların məqsədyönlü, inteqrasiya olunmuş və effektiv istifadəsidir. Mövcud reallıqlar fonunda regionda hərbi balans Azərbaycanın xeyrinədir və yaxın perspektivdə bu üstünlük ciddi şəkildə dəyişəcəyi gözlənilmir. Bu parametrlər üzrə isə Azərbaycan açıq və mübahisəsiz üstünlüyə malikdir. Azərbaycan üçün əsas amil silahların miqdarı deyil, onların məqsədyönlü, inteqrasiya olunmuş və effektiv istifadəsidir. Mövcud reallıqda bu üstünlük tam şəkildə Azərbaycanın tərəfindədir.

Regionda sabitlik və sülhün qorunması, həmçinin suverenliyin və ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan üçün əsas prioritetdir və mövcud hərbi mövcud hərbi imkanlar bu məqsədlərin effektiv həyata keçirilməsinə tam cavab verir”.

Ə. PÜNHAN
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью